Azərbaycanda 6 dini quruma ümumilikdə 1.8 milyon manat maliyyə yardımı ayrılıb

Azərbaycanda 6 dini quruma ümumilikdə 1.8 milyon manat maliyyə yardımı ayrılıb
18:27 20 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sərəncam ölkədə dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə imzalanıb. 
Sərəncamda bildirilir ki, sivilizasiyaların qovuşuğunda yerləşən və birləşdirici körpü rolunu oynayan Azərbaycan qədim mədəniyyət mərkəzlərindən biri olaraq özünün unikal geosiyasi mövqeyi sayəsində multikultural nailiyyətlər qazanmış və tolerantlıq mühitinin formalaşmasına əvəzsiz töhfələr verib. Onun, eyni zamanda, İslam dininin yayılması və Müsəlman İntibahının bərqərar olmasında özünəməxsus yeri vardır. Ölkəmizdə ötən “Multikulturalizm İli”nin davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi məhz həmin çoxəsrlik zəngin tarixi təcrübənin günümüzdəki rəmzi ifadəsidir.
Müasir Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq modeli və müxtəlif konfessiyalar arasında mövcud ahəngdarlıq müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyət daşımaqla yanaşı, sivilizasiyalararası dialoqda bir sıra problemlərin meydana çıxdığı və milli, dini zəmində münaqişələrin artma tendensiyasının müşahidə olunduğu hazırkı dövrdə multikultural dəyərlərin təbliği baxımından nümunə təşkil edir.
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250,0 (iki yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250,0 (iki yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100,0 (yüz) min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100,0 (yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100,0 (yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Xəbərin orijinal ünvanı: https://report.az/din/azerbaycanda-6-dini-quruma-umumilikde-1-8-milyon-manat-maliyye-yardimi-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR