Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Azərbaycanda yeni dövlət qurumu yaradıldı
18:32 20 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi" publik hüquqi şəxs yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi "Reklam haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada davam etdirilsin.

Dövlət başçısının digər sərəncamı ilə Aydın Münsüf oğlu İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin edilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/556106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR