Gənc alim: "Rusiyada müasir Azərbaycanın imicini məhz gənclər formalaşdırır" - FOTO

Gənc alim: "Rusiyada müasir Azərbaycanın imicini məhz gənclər formalaşdırır" - FOTO
20:12 20 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

"İndi biz artıq əminliklə deyə bilərik ki, məhz gənclər Rusiyadakı Azərbaycan əhalisinin Rusiya cəmiyyətinə ən çox inteqrasiya olunmuş hissəsidir. Məhz onlar Rusiyada müasir Azərbaycanın imicini formalaşdırır. Məhz gənclər Azərbaycanla Rusiya arasında humanitar körpü rolunu oynayaraq ikitərəfli münasibətlərə müəyyən mənada yeni çalar qatırlar". 

Milli.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Ülkər Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə "Rusiya və Azərbaycan gəncləri: ənənəvi dəyərlər - gələcəyə istiqamət" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

Beynəlxalq arenada müasir Azərbaycanın imicinin formalaşmasında gənclərin rolundan danışan gənc alim qeyd edib ki, bu istiqamətdə ən uğurlu fəaliyyəti 2009-cu ildə yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) həyata keçirir: "Hal-hazırda AMOR - Rusiya Federasiyasının ən böyük ictimai təşkilatlarından biridir, və elmi, mədəni, idman, təhsil və xeyriyyə xarakterli layihələri həyata keçirir. Bütün bu layihələrin təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un rəhbəri Leyla xanım Əliyevadır. Onun rəhbərliyi altında azərbaycanlı gənc nəslin nümayəndələri Rusiya Federasiyasının 70-dən çox regionunda birləşə biliblər.

Diqqətəlayiq haldır ki, Leyla xanım Əliyeva həmçinin "Bakı" jurnalının baş redaktorudur. Bu gün "Bakı" jurnalı kütləvi informasiya vasitələri arasında Azərbaycan Respublikasının ən uğurlu piar layihəsidir. Bu jurnalın fəaliyyətinin öyrənilməsi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının "İctimaiyyətlə əlaqələr" tədris kursunun proqramına daxil edilib", - deyə Ü.Mehdiyeva bildirib.

O, təşkilatın rusiyalı gənclərin, xüsusilə nüfuzlu ali məktəblərin tələbələrinin hər il Azərbaycana səfərlərini təşkil etdiyini, onların burada Azərbaycan haqqında geniş bilgilərə yiyələnməsini, həmçinin Rusiyada bir sıra mühüm tədbirlər, dəyirmi masalar həyata keçirdiyini də vurğulayıb.  

Gənc alim çıxışını Ümummilli lider Heydər Əliyevin "Gənclik - öz həyatını, ölkənin həyatını, bütün dünyanı dəyişə bilən qüvvədir" fikirləri ilə tamamlayıb.

Qeyd edək ki, Cənubi Qafqaz Politoloqlar Klubu, "Bakunetwork" Ekspert Şurasının və Trend Beynəlxalq İnformasiya Agentliyinin təşkil etdiyi tədbirdə tanınmış politoloqlar, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, jurnalistlər, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbələri iştirak ediblər.

Dəyirmi masanın sonunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya-analitik mərkəzinin baş redaktorunun müavini Darya Çijova və  "ЭХО.az" qəzetinin müxbiri Cəmilə Ələkbərova tərəfindən Akademiyanın tələbələri üçün "Gənc lider kimdir?" mövzusunda təlim keçirilib. 
 

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR