Bakıda terminallar işləmir

Avtobusdan istifadə edən sərnişinlərin gündəlik qarşılaşıdığı problem - dayanacaqlardakı ödəmə terminallarının işləməməsi...

Oxşar problem bir müddətdir paytaxtın “20 Yanvar” dairəsi ətrafındakı dayanacaqların birində quraşdırılan “MilliÖn” terminalında da yaşanır. “20 Yanvar” dairəsindən A. M. Şərifzadə küçəsi istiqamətində getmək istəyən sərnişinlər ödəmə kartlarına pul yükləyə bilmir. Bu, insanlar arasında narazılığa səbəb olub.

Problemlə bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, problem “Bakı Kart” terminalında baş veribsə, texniklər tərəfindən aradan qaldırılacaq. Yox, “MilliÖn terminalında baş veribsə, bununla bağlı şirkətə məlumat veriləcək:

““Bakı Kart” terminallarında hərdən texniki nasazlıq yaşanır. Bu zaman əməkdaşlarımız tərəfindən həmin aparatlara baxış keçirilir, problem aradan qaldırılır. Əksər hallarda problemin yaranmasına səbəb sərnişinlərin gediş haqqı yükləyərkən aparatla düzgün rəftar etməməsi olur. Yaxud da, ətrafda gedən qazıntı işləri ilə bağlı kabellərdə problemlər yaranır”.

“MilliÖn” terminalında yaşanan problemlə əlaqədar “MilliÖn” ödəniş sisteminin sahibi olan "KomTek Ltd" paypoint aparatlarının quraşdırılması firmasının müştəri xidmətləri və ictimaiyyətlə əlaqələr bölümünün rəhbəri Ülviyyə Əfəndiyeva ilə əlaqə saxladıq. O bildirildi ki, sözügedən problemdən xəbəri var:

“Həmin əraziyə əhali axını çoxdur. Bu səbəblə, aparatlarda texniki nasazlıqlar baş verə bilər. Ola bilər ki, terminalın istifadə qaydası əhali tərəfindən düzgün aparılmır. Ümumiyyətlə, “Bakıl Kart” terminalları əhali üçün yenilikdir. Bu səbəblə istifadə qaydasında çətinlik yarana bilər. Terminallarda isə hər hansı bir nasazlıq baş verən zaman biz onu sistem vasitəsilə aşkar edib, qeydiyyata alırıq. Problem iş saatlarında baş veribsə, texniki şöbənin əməkdaşları anında əraziyə göndərilir və nasazlıq aradan qaldırılır. Əgər sərnişinlər bu aparatla bağlı hər hansı bir narahatçılqı yaşayarlarsa, bizim qaynar xəttimizə (*0010) müraciət edə bilərlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR