DİQQƏT: Bakıda daha 3 marşrut xətti dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən 11, 38 və 71 saylı marşrutların hərəkət sxemində dəyişiklik edib.

Agentliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi BNA-nın xüsusi monitorinq qrupu tərəfindən hərtərəfli təhlil edilib.

Hər üç marşrut xətti üzrə avtobusların hərəkət sxemində müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib. Nəzərdə tutulan dəyişikliklərin sərnişinlərin rahatlığı baxımından səmərəli olmasını müəyyənləşdirmək məqsədi ilə 11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.

Dəyişikliyə əsasən, 11 nömrəli marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Nemətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək. Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

38 nömrəli marşrut xətti üzrə avtobuslar isə Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməklə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq. Metronun “Azadlıq prospekti” stansiyasından “Baksol yolu” adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə "Koroğlu" metrostansiyasına hərəkət edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR