İndoneziya səfiri Azərbaycan Dillər Universitetində olub (FOTO)

İndoneziya səfiri Azərbaycan Dillər Universitetində olub (FOTO)
14:50 21 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Universitetdən Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor İndoneziya ilə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, bu ölkənin mədəniyyətinin təbliği, cəmiyyətdə İndoneziya barədə təsəvvür yaradılması istiqamətində işlər görüldüyünü söyləyib:

“Biz burada İndoneziya mədəniyyətini həvəslə təbliğ edirik. İndoneziya universitetlərinin birində də Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılmasında bizə kömək göstərilməsini xahiş edirik”. İndoneziyada Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu deyən K.Abdulla bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsini təklif edib: “İndoneziyada Azərbaycanı daha yaxşı tanıyan gənclər yetişir. İstərdik ki, bu gənclərin Azərbaycanla əlaqələri təkcə tədrislə məhdudlaşmadan daha da geniş və daimi olsun. Bizə sizin məsləhət görəcəyiniz universitetlərdən birində məkan lazımdır. Biz öz müəllimlərimizi İndoneziyaya göndərməyə hazırıq”.

Səmimi qəbula görə təşəkkür edən səfir H.Fanani ADU-da fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətindən razılığını bildirib və əlaqələri daha da inkişaf etdirmək niyyətində olduqlarını söyləyib. “Mən ADU-nu çox sevirəm”- deyən səfir öz oğlunu da təhsil almaq üçün ADU-ya göndərəcəyini qeyd edib. O, ADU-da fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətinin genişləndirilməsinin nəzərdə tutulduğunu və bununla bağlı müvafiq instansiyaların razılığının alındığını vurğulayıb.

İndoneziya universitetlərinin ADU ilə əməkdaşlığından danışan səfirin sözlərinə görə, artıq 2 universitet – Sunan Qununq Cati Dövlət İslam Universiteti və Sunan Ampel Dövlət İslam Universiteti ADU-ya tələbə-müəllim mübadiləsi, birgə tədqiqatlar və digər istiqamətlərdə əməkdaşlıq təklif edib. Səfir bu universitetlərin fəaliyyət dairəsinin çox geniş olduğunu və bütün İndoneziya üzrə filiallarının olduğunu vurğulayıb. O, həmin universitetlərin Azərbaycandan gedən tələbələrə təqaüd təklif etdiyini bildirib.

Öz növbəsində K.Abdulla ADU-nun İndoneziyadan gələn tələbələri qəbul etməyə hazır olduğunu söyləyib və universitetin onlara müəyyən güzəştlər edə biləcəyini sözlərinə əlavə edib. Rektor K.Abdulla səfiri yeni tədris ilindən İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrə, eləcə də “Səfir saatı” klubu çərçivəsində və Yay məktəbində mühazirə oxumağa dəvət edib. O, ADU-nun böyük məmnuniyyətlə indoneziyalı gəncləri gözlədiyini sözlərinə əlavə edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2769166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR