Azərbaycan yığması, Roma Papası, şotlandiyalı kolleksiyaçı...

Azərbaycan yığması, Roma Papası, şotlandiyalı kolleksiyaçı...
19:57 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Şotlandiyalı Co Conston maraqlı kolleksiyası ilə gündəmə gəlib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, FİFA-ya üzv olan bütün ölkələrin yığmalarının formasını əldə etməklə, rekorda imza atıb.  

Futbol azarkeşi olan Constonun əsas hobbisi forma yığmaqdı. 2010-cu ildən fəaliyyətə başlayan kolleksiyaçıya 211 yığmanın futbolkasını yığmaq üçün 7 il lazım gəlib. Belə ki, Co 2 gün öncə Madaqaskarın da formasını əldə etməklə istəyinə çatıb.
 
Britaniya mətbuatına açıqlama verən Conston forma kolleksiyasına marağının yaranmasından danışıb. O bildirib ki, ilk olaraq, Sloveniya yığmasının futbolkasını əldə edib: "Sloveniya millisinin forması xoşuma gəldiyindən, aldım. Bundan sonra məndə maraq yarandı və yığma komandaların formalarını toplamağa başladım. Hərəsini bir yolla əldə etdim. Məsələn, İngiltərənin futbolkasına pul xərcləməmişəm, onu mənə dostlarım hədiyyə etmişdi. Konqonun formasını isə komandanın kapitanı Onanqu göndərmişdi. Onunla feysbukda ünsiyyət qurdum. Bir müddət danışdıqdan sonra istəyimi bildirdim və formanı mənə çatdırdı. Bu, Onanqunun 2015-ci ildə keçirilən Afrika Millətlər Kubokunda geyindiyi forma idi".
 
Constonun evində Azərbaycan yığmasının da forması var. Özü də həmin forma əvvəl Roma Papasına məxsus olub, sonra isə şotlandiyalı kolleksiyaçının əlinə keçib. Co millimizin futbolkasına sahib olmasının tarixçəsindən danışıb: "Məndə Azərbaycan yığmasının da forması var. Amma həmin forma mənə yox, Roma Papasına verilib, yəni əvvəl ona məxsus olub. Bir gün eBayda Azərbaycanın U-17 millisinə aid formanın satışda olduğunu gördüm. Düşündüm ki, bu, elə mənim almaq istədiyim formadı. Çünki üzərində bütün komanda üzvlərinin imzası var idi və alman dilində bir neçə söz yazılmışdı. Üstəlik, formanın üstündə tarix və məkan da qeyd olunmuşdu. Daha sonra aydınlaşdırdım ki, 2010-cu ildə İtaliyada turnir keçirilib və həmin yarışa Azərbaycanın U-17 yığması da qatılıb. Turniri izləyənlər arasında XVI Benedikt də olub. Ona Azərbaycan millisinin formasını hədiyyə ediblər. Benedikt tutduğu postdan ayrılandan sonra isə forma da daxil olmaqla, bütün əşyaları xeyriyyə işi ilə məşğul olan mağazaya verilib. Həmin forma hazırda məndədi".
 
Qeyd edək ki, XVI Benedikt (əsl adı Yozef Alois Ratzinger) 2005-ci ildə Roma Papası seçilib. Həm Vatikan , həm də Almaniya vətəndaşı olan Ratzinger 2013-cü ildə gözlənilmədən istefa verib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR