Azərbaycanın ümummilli liderinin həyatı haqqında kitab Kubada çap ediləcək

Azərbaycanın ümummilli liderinin həyatı haqqında kitab Kubada çap ediləcək
20:57 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdə səfir Mərkəzin fəaliyyətini hələ Kubada olarkən izlədiyini, qurumun xalqlararası anlaşma, dostluq və qardaşlıq ənənələrinə xidmət edən bütün layihələrini yüksək dəyərləndirdiyini bildirib: “Mən altı aydır Azərbaycandayam. Buna qədər bir çox ölkələrdə - Rusiyada, Ukraynada, Macarıstanda diplomatik fəaliyyət göstərmişəm. Lakin Azərbaycan mənim üçün tamamilə fərqli bir ölkədir. Kuba ilə Azərbaycan arasında olan dostluğun, doğmalığın zəngin tarixi var. Mərkəzin fəaliyyəti ilə mən hələ Havanada olarkən tanış idim. Sizin müxtəlif dillərdə yayımlanan saytınızı böyük maraqla izləyirdim. Gördüyünüz işlər xalqlararası anlaşma üçün həqiqətən zəruri və əhəmiyyətlidir”.
Mərkəzin direktoru Afaq Məsud Kuba ilə Azərbaycan arasında birliyin, qardaşlığın dərinləşməsinə xidmət edəcək qarşılıqlı layihələrdən söz açıb: “Biz əksər hallarda ədəbiyyatların qarşılıqlı mübadiləsi istiqamətində layihələr qurur və onları həyata keçiririk. Bir çox dillərə tərcümə və nəşr olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ikicildliyi hazırda ispan dilinə tərcümə olunur. Kuba ilə qarşılıqlı layihələrimizin ilki olaraq, hər iki ölkənin milli liderinin - Heydər Əliyevin və Fidel Kastronun həyatı haqqında kitabların tərcümə və nəşr edilməsi, düşünürəm, hər iki tarixi şəxsiyyətin fəaliyyətinin beynəlxalq müstəvidə öyrənilməsi istiqamətində əhəmiyyətli örnək olacaq. Dünya tarixində çoxlu sayda dövlət rəhbəri olub. Lakin Fidel Kastro və Heydər Əliyev xalqları uğrunda misilsiz işlər görmüş, əməlləri, xalq və vətən sevgiləri ilə salnamələr yaratmış nadir şəxsiyyətlərdir ki, onların həyatı hamıya, xüsusilə gənc nəslə böyük təsir bağışlayacaq, həyat, vətəndaşlıq və mübarizlik örnəyinə çevriləcək”.
Görüşdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyatı haqqında kitabın ispan dilində Kubada, Kubanın milli lideri Fidel Kastronun kitabının Azərbaycan dilində ölkədə nəşri ilə bağlı razılığa gəlinib.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycanin-umummilli-liderinin-heyati-haqqinda-kitab-kubada-cap-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR