Ramazan fitrəsi kimə verilməlidir?

Ramazan ayının sonunda oruc tutan müsəlmanlar fitrə zəkatı verirlər. Bu fitrənin dəyəri nə qədər olmalıdır?

Qafqaz Müsəlmanları idarəsi (QMİ) Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Bununla bağlı Metbuat.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirdi ki, oruc tutan və ya tutmayan hər kəs fitrə verə bilər. Sadəcə olaraq, fitrə verən şəxs öz imkanını nəzərə almalıdır:

“Yəni, biri var minimum, biri də var minumumdan artıq. Minimumdan artıq verəsək, daha yaxşı olar. Məqsəd odur ki, hamı bayramı keçirə bilsin”.

Hacı Teyyub Süleymanov mövzu ilə bağlı bildirdi ki, hər adam minimum 2 kiloqram çörəyin pulu qədər fitrə verməlidir:

“Ailədə neçə nəfər varsa, hər adama görə minimum 1,5 - 2 manat pul verilməlidir. Fitrə zəkatı o adam verir ki, onun xərci borcunu ödəyir. Fitrə-zəklatını imkan daxilində, ən gücsüz ailələr belə verməlidir. Fitrə zəkatı gələn ilin Ramazan ayına qədər bir növ canın sığortası hesab olunur”.

Fitrə nə zaman verilməlidir?

Hacı Teyyub Süleymanov əlavə etdi ki, fitrə zəkatı bayram axşamı, şam namazına az qalmış ayrılmalıdır. Şam namazına qədər əgər evə qonaq gəlibsə, qonağın fitrəsini də ev sahibi verməlidir:

“Fitrə imkan daxilində bayram axşamı verilsə, yaxşı olar. Ona görə ki, kasıblar da bayram edə bilsin. Əgər axşam verilə bilməsə, bayram günü səhər verilə bilər. Fitrə ilk növbədə imkanı olmayan qohumlara verilir. Yoxdursa qonşulara, o da yoxdursa başqa bir imkansız şəxsə verə bilərlər”.

Fitrə Allaha şükür niyyəti ilə verilən sədəqədir.

Bu kəlmə dilimizə ərəb dilindəki “fitra” sözündən gəlib. Mənası “yaradılış”, “fitrət” deməkdir. “Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Fitrə sədəqəsi isə insanı ramazan ayına çatdıran, ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqəyə deyilir.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR