Bülbülün doğum günüdür

Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli müğənni, xalq artisti Bülbülün (Murtuza Məmmədov) doğum günüdür.

Metbuat.az xəbər verir ki, Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, Xankəndinin cənub ərazisi olan Xanbağıda anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. 1920 -ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (O zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib. Azərbaycana geri dönərək, Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.1940-cı ildə isə professor seçilib. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilib. SSRİ–nin 2 dəfə "Lenin" Ordeninə, 2 "Qırmızı Əmək Bayrağı" ordeninə, “Şərəf nişanı” ordeninə, İtaliyanın "Qaribaldi" ordeninə və medallara layiq görülüb.

26 sentyabr 1961-ci ildə Bakıda vəfat edib. Məzarı Birinci Fəxri Xiyabandadır.

Oynadığı əsas partiyalar
Koroğlu – Üzeyir Hacıbəyov, "Koroğlu"
Əsgər – Üzeyir Hacıbəyov, "Arşın mal alan"
Qərib – R.M. Qlier, "Şahsənəm"
Əlyar – Müslüm Maqomayev, "Nərgiz"
Nizami – Əfrasiyab Bədəlbəyli, "Nizami"
Fərhad – Niyazi, "Xosrov və Şirin"
Aslan – Qara Qarayev və Cövdət Hacıyev, "Vətən"
Mario – Cakomo Puççini, "Toska"

İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər
"Sənsiz" – Üzeyir Hacıbəyov
"Sevgili canan" – Üzeyir Hacıbəyov
"Ölkəm" – Asəf Zeynallı
"Süsən sünbül" – xalq mahnısı
"Yaxan düymələ" – xalq mahnısı
"Qara gözlər" – xalq mahnısı
"Çal-oyna" – xalq mahnısı
"Segah təsnifləri"
"Xumar oldum" – xalq mahnısı Niyazinin işləməsində

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR