Düşmən qorxub, vəziyyəti araşdırır

Düşmən qorxub, vəziyyəti araşdırır
15:42 22 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Brüsseldədir. O, Avropa Xalq Partiyasının (European Peoples Party) genişlənmiş heyətdə zirvə toplantısına qatılıb.

Sarkisyan son dəfə Ermənistandakı parlament seçkiləri ərəfəsində yollanmış, fevralın 26-dan 28-dək Belçikanın paytaxtında rəsmi səfərini gerçəkləşdirmişdi.

Elə həmin vaxt S.Sarkisyan bəyan etmişdi ki, bəs Avropa Birliyi ilə Ermənistan arasında yeni çərçivə sazişi ilə bağlı danışıqlar başa çatıb.  Daha sonra Ermənistanda, parlament seçkiləri öncəsindəki təbliğat kampaniyası dönəmində bu anlaşma paraflandı.

Səssiz, səmirsiz - eynən Avropa Birliyinin Ermənistandakı həmin saxta, cinayətlərin sıralandığı, Serj Sarkisyanın ssenarisi və göstərişləri əsasında keçirilmiş parlament seçkilərinə münasibəti kimi.

Ermənistanda "parlament seçkiləri" adlı tragikomediya oldu, vətəndaşların haqları və hüquqları pozuldu, sosium fərdlərin ləyaqətləri ayaqlar altına salındı, Serj Sarkisyan hakimiyyətinə legitimlik pərdəsi geydirməyə çalışdı.

Avropa Birliyi isə paradoksal şəkildə seçkiləri bəyəndi: hər halda AB-nin bu seçkilərlə bağlı bəyanatı əvvəlki erməni seçki şouları ilə bağlı dəyərləndirmədən fərqli idi. Halbuki, Brüssellə İrəvan arasında anlaşma imzalamazdan əvvəl bu sənədin mayda razılaşdırılacağı deyildi, sonra məlum oldu ki, sən demə, prosedur noyabr ayına nəzərdə tutulub.

May ayının hansı səbəbdən noyabra çervilməsi barədə normal açıqlama verilmədi, "təxirəsalınmanın texniki problemlərlə bağlı olduğu" deyildi, sonra vurğulandı ki, bəs Avropa Birliyinə üzv olan 28 ölkənin hamısının razılığı gərəkdir və s.

Saziş hələ havadadır. Rəsmi İrəvan dəfələrlə təkrarlayır ki, sənəd imzalanacaq. Rəsmi İrəvan bu minvalla erməniləri sakitləşdirməyə çalışır, 2013-cü ilin sentyabrın 3-dəki biabırçılığın təkrarlanmayacağını iddia edir.

Halbuki İrəvan təşvişdədir, təlaş içindədir və Avropa Birliyinin mövqelərinin sərtləşdiyini anlayır.

İrəvanın daxili siyasəti, Ermənistanda demokratiya, insan haqları və vətəndaş azadlıqları ilə bağlı durumun fəlakəti xatırlatdığını hələlik üstüörtülü şəkildə vurğulayan, ölkənin faktiki olaraq Rusiyanın quberniyasına çevrildiyini hesabatlarında və sənədlərində diplomatik kazuistika ilə də olsa, vurğulayan Brüssel mövqelərində dəyişikliklər etmək niyyətindədir.

Bu isə təbii ki, İrəvanı qorxudub. "Hami"sinə güvənən S.Sarkisyan iqtidarı ilkin konvulsiyalardan sonra cürətlənib və "sərt" davranmağa qərar verib.

Ermənistanın ədliyyə naziri David Harutyanın, sonra da iqtidardakı Ermənistan Respublikası Partiyasının (ERP) digər yüksək çinli funksionerlərinin açıqlamaları bəhs olunanlara dəlalət edir.

Avropa Birliyinin Ermənistandakı səfiri Pyotr Svitalskinin ikitərəfli münasibətlərin böhran təhlükəsi ilə üzləşməsi barədə faktiki normal bəyanatına rəsmi İrəvanın reaksiyası absurd idi: "Avropa Birliyi Ermənistanın daxili işlərinə kobud şəkildə qarışır".

Svitalski "biçarə" sadəcə, demişdi: "Ermənistan rəhbərliyi vətəndaşların Mərkəzi Seçki Komissiyasına inamı və etimadı artırmağa çalışmalıdır".

İrəvan rəsmilərinin isteriyasından sonra A.Svitalski ironiya ilə söylədi: "Avropa Birliyi Ermənistana onun öz istəyi və xahişi əsasında yardım edir. Əgər belə yardıma ehtiyac yoxdursa, təkid etmək niyyətində deyilik".

Beləcə, Avropa Birliyi ilə İrəvan arasındakı münasibətlər çox gərilib.

S.Sarkisyanın Brüsselə səfəri problemin təcili həllinə, daha konkret olsaq, Avropa Birliyini dilə tutmağa, yeni yalanlarla avropalıları nəyəsə inandırmağa xidmət edir.

Səbəblərsə ciddidir. Ən azı ona görə ki, Rusiya ermənilərin Avropa Birliyi ilə münasibətlərinin aktivləşməsini istəmir, bu səbəbdən də çərçivə sazişinin imzalanmasını mümkün qədər uzadır. İrəvan da Moskvanın göstərişlərini qulaqardına vurmaq cəsarətinə malik olmadığından çərçivə sazişini yeni tarixədək təxirə salmaq niyyətindədir.

Avropa Birliyi də bunu dəfələrlə vurğulayıb.

Serj Sarkisyan dərk edir ki, 2013-cü ilin sentyabrın 3-dəki situasiyanı təkrarlaya bilməyəcək, üstəlik, sənədin Rusiyaya görə imzalanmaması ilə bağlı bəraət cəhdlərini Brüssel artıq təhqir təki qəbul edəcək.

İrəvanın Brüsseldə münasibətləri bilərəkdən gərginləşdirməsinin bir səbəbi də budur.

Rusiya əsla narahat deyil.

Ermənistan onun köləsi olub, belədir və situasiyanın yaxın vaxtlarda dəyişəcəyinə ümid azdır.

S.Sarkisyan üçün Avropa Birliyi ilə çərçivə sazişi həm də 2018-ci illə bağlı layihəsini gerçəkləşdirmək üçün daha bir vasitədir. Ona görə də anlaşma parlament seçkiləri ərəfəsində paraflandı, imzalanma isə 2018-ci ilin aprelinədək təxirə salındı.

Avropa Birliyinin Ermənistandakı səfiri A.Svitalskinin "yardım gərək deyilsə, təkid edən deyilik" açıqlaması S.Sarkisyan iqtidarına "ya siz hakimiyyəti tərk edirsiniz, ya Avropa Birliyi Ermənistandan gedir" ultimatumudur.

Serj Sarkisyanın 2018-ci ildə prezident səlahiyyətləri başa çatanda postunu tərk etmək və baş nazir seçilərək ölkəni idarə etmək planı təhlükədir.

Avropa Birliyi hələlik səfir səviyyəsində S.Sarkisyanın bu planını rədd edib.

S.Sarkisyan həmin rəddetmənin səviyyəsinin daha da yüksəlib-yüksəlməyəcəyini indi Brüsseldə araşdırır.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/556734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR