“Qudurmuş tulanızın ipini çəkin” – Deputat

“Qudurmuş tulanızın ipini çəkin” – Deputat
22:17 22 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəlin, çox yaxın tariximizə - ötən əsrin 90-cı illərinin əvvəllərinə nəzər salaq. Həmin illərdə Azərbaycanda xaos, qarmaqarışıqlıq, anarxiya hökm sürürdü. Dövlətçilik, Azərbaycan ordusu, vahid komandanlıq yox səviyyəsində, dövlət büdcəsi dağılmış, ölkə kasıblıq, səfalət içində idi. Belə bir məqamda Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdə davam edirdi.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyertin bəyanatına münasibət bildirən Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov deyib.

Qeyd edək ki, Dövlət Departamentinin nümayəndəsi ənənəsinə sadiq qalaraq Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahat olduğunu bildirib: "ABŞ ötən həftə təmas xəttində itki ilə nəticələnən atəşkəs rejiminin pozulmasından dərin narahatdır. Biz tərəfləri eskalasiyadan çəkinməyə, gərginliyin azaldılması üçün səylər göstərməyə çağırırıq", deyə bəyanatda qeyd olunub.

E.Məmmədov bildirib ki, həmin illərdə dinc, silahsız, mülki Azərbaycan vətəndaşları Ermənistan ordusu tərəfindən qətlə yetirilir, kütləvi qırğına məruz qalırdı: "Bu vəziyyəti təsəvvür etməyə çalışaq. Həmin dövrdə sanki bu dünyada nə BMT, nə ATƏM-ATƏT-filan var, nə də ABŞ Dövlət Departamenti, Fransa, Rusiya xarici işlər nazirlikləri və bütövlükdə dünya bunları görmür və eşitmirdi. Sanki bütün baş verənləri bilmirdi. Kar, kor, lal idilər və heç kim nə narahat idi, nə gərginlik yox idi, nə də təşviş içində idilər. Bütün bunların heç bir biri yox idi. Çünki proseslər ermənilərin xeyrinə işləyirdi. Ermənistan və ermənilər də bunların himayə etdiyi, qoruyub saxladığı dövlətdi, əgər xalq demək mümkünsə xalqdı. Yaxud, nə isə xalqa bənzər bir şeydi. Bəs, bunlar o zaman niyə narahat olmurdular, niyə təşvişə düşmürdülər, niyə bu gərginliyi yaşamırdılar?!"

E.Məmmədov qeyd edib ki, bu gün güclü Azərbaycan dövləti, Azərbaycan dövlətinin güclü ordusu var.: "Bu gün torpaqlarını təkcə qorumağa yox, eyni zamanda işğaldan azad etmək qüdrətinə malik Azərbaycan ordusu var. Bu gün ermənilərin irili-xırdalı bütün təxribatlarına ən yüksək səviyyədə cavab verib düşməni darmadağın edib yerində oturdan Azərbaycan ordusu mövcuddur. Bəli, bunları narahat edən budur. ABŞ-ı da, Rusiyanı da, Fransanı da, BMT-ni də, ATƏT-i də, başqalarını da narahat edən məsələ bundan ibarətdir. Onlar narahatdırlar ki, ermənilərin burnu əzilir, ermənilər cavab verə bilmir və təxribatlarının cavabı olaraq hər gün itki verirlər".

Müsahibimiz daha sonra deyib: "Ən iyrənc, yaramaz fikir də "biz tərəfləri qarşılıqlı etimada, dayanıqlı atəşkəsə əməl etməyə çağırırıq" sözlərindən ibarətdir. Adını çəkdiyim dövlətlər və beynəlxalq qurumlar bu ifadəni tutuquşu kimi əzbərləyiblər. Azərbaycan üçün bundan qəbuledilməz təklif yoxdur. Yaxşı, mənim torpaqlarım işğal olunub, sən əgər belə gərginlik içindəsənsə, belə təşviş keçirirsənsə, belə narahatsansa zəhmət çək mənim Azərbaycanımın torpaqlarını 25 ildən artıqdır işğal altında saxlayan cinayətkar, terrorçu dövlətə öz yerini göstər. Bunları belə çox istəyirsinizsə, onların Azərbaycan torpaqlarında ölmələrini istəmirsinizsə, onlara deyin ki, öz sərhədlərinizə çəkilin, sizin Azərbaycan ərazisində nə işiniz var, orada da öləsiniz?! Nə qədər ki, Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarındadır, nə dayanıqlı sülhdən, atəşkəsdən, nə də qarşılıqlı etimaddan söhbət gedə bilər. Onlar da buna görə narahat olurlarsa, qoy olsunlar. Onlar narahat olurlarsa, qoy yemləyib, silahlandırıb qudurtduqları tulalarının ipini çəksinlər. Bunlar bizim torpaqlardan çəkilib getsin. Əks təqdirdə Azərbaycan torpaqları işğaldan azad olunanadək bunların narahatlığı günü-gündən artacaq. Bunların bütün bu illər ərzində verdikləri, səsləndirdikləri fikirlər hamısı erməniləri xeyrinə, Azərbaycanın əleyhinə yönəlib. Bu bəyanatların sətiraltı mənası bilirsinizmi nədir? Bunlar Azərbaycanı məcbur etmək istəyirlər ki, Azərbaycan, daha olan olub, keçən keçib, sən bu vəziyyətlə barış. Ancaq bunlar xam xəyaldadırlar və bunların bu fikirləri heç vaxt reallaşmayacaq. Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Kim buna görə narahatdırsa, dediyim kimi tulalarının ipini çəksin. Çəkmirlərsə, Ermənistandakı evlərə, erməni analarına hər gün bir, üç, beş əsgərin meyidi gedəcək. Eybi yox, qoy narahat olsunlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/556862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR