Dənizkənarı Milli Parkda "Formula-1 şəhərciyi" - FOTO

Dənizkənarı Milli Parkda "Formula-1 şəhərciyi" - FOTO
10:47 23 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

İyunun 22-də Dənizkənarı Milli Parkda Formula-1 Azərbaycan Qran-Prisinin "Formula-1 şəhərciyi" qonaqları qəbul etməyə başlayıb. Bayram ab-havasına bürünmüş Bakıda sürət və adrenalin həvəskarları məhz bu məkana toplaşırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yerli və xarici qonaqların vaxtının maraqlı keçməsi üçün burada bütün işlər "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti tərəfindən yüksək peşəkarlıqla görülüb.

Qədim və zəngin tarixə, mədəniyyətə sahib olan Azərbaycan həmişə qonaqpərvərliyi ilə seçilib. "Formula-1 şəhərciyi"ndə ölkəmizin mədəniyyətini və mətbəxini təmsil edən xüsusi bölmələr xalqımızın qədim ənənələrini qonaqlara təqdim edir. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları bu məkanda qonaqların diqqətini cəlb edir. Milli şirniyyat növləri olan paxlava, şəkərbura və qoğalın ləziz dadı turistlərin zövqünü oxşayır. Rəngarəng naxışlı əl işləri və ipək kəlağayılar da ziyarətçilərin böyük marağına səbəb olur.

"Formula-1 oyun zonası" da maraqla qarşılanan məkanlardan biridir. Yüksək sürəti sevən azarkeşlər burada simulyator oyunu vasitəsilə Bakı trekində yürüş edirlər. Azarkeşlər bu oyunlarda sanki Azərbaycan Qran-Prisinin bir hissəsinə çevrilərək bu mötəbər yarışın həyəcanını yaşayır, onun adrenalinini hiss edirlər. Burada azarkeşlərə digər oyunlar da təqdim olunur. İsti iyun günlərində "Formula-1 oyun zonası"nda boliddə əyləşib Bakı şəhər halqasında yürüş etməyin həyəcanını sözlə ifadə etmək mümkün deyil.

Şəhərcikdə Formula-1 məhsullarının satışı da təşkil olunur. Burada "Mercedes" və "Ferrari" kimi məşhur komandaların geyim, aksessuar və digər ləvazimatlarını əldə etmək olar. Satışların yeni başlamasına baxmayaraq, azarkeşlərin coşqusu həm yerli, həm də əcnəbi fanatların burada istədiklərini tapmalarından xəbər verir.

Cümə günü axşam saatlarında Tarkan özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Türkiyəli müğənni və bəstəkar yarışın ilk günü başa çatdıqdan sonra minlərlə Formula-1 azarkeşinin qarşısında özünün məşhur hitlərini ifa edəcək. Bir gün sonra dünya ulduzlarından Nikol Şerzinger və "The Black Eyed Peas" musiqi qrupu, iyunun 25-də isə musiqi dünyasında əvəzolunmaz xidmətləri olan Meraya Keri səhnəyə çıxacaqlar. Axşam saatlarında baş tutacaq bu konsertlərdə dünya ulduzları ən çox sevilən ifalarını səsləndirərək Formula-1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.

Yarışı izləməyə gələn tamaşaçılar Azərbaycanın gənc istedadlarının ifasında müxtəlif yerli və əcnəbi mahnıları dinləyərək gözəl vaxt keçirəcəklər. Dənizkənarı Milli Parkda yerləşən Formula-1 şəhərciyi və Azneft zonasında səhnəyə çıxacaq bu ifaçılar indiyədək bir sıra yerli və xarici festivalların iştirakçıları olublar.

Azərbaycanı bu il Kiyevdə keçirilmiş "Eurovision" beynəlxalq mahnı müsabiqəsində "Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyevanın rəhbərliyindəki musiqi qrupu iyunun 23-25-də Dənizkənarı Milli Park ərazisində yarış həvəskarlarının qarşısına çıxacaq. Müğənni Vilnüs, Amsterdam və Tbilisidə baş tutmuş festivallarda uğurla çıxış edib. O, Gürcüstanda keçirilmiş "Caucasian Music Award Phoenix" beynəlxalq musiqi festivalında "İlin debütü" nominasiyasında mükafata layiq görülüb.

2007-ci ildə keçirilmiş "Yeni ulduz" müsabiqəsinin qalibi Çingiz Mustafayev başçılıq etdiyi "Palmas" musiqi qrupu ilə birlikdə iyunun 22-24-də Formula-1 azarkeşləri üçün ən çox dinlənilən mahnılarını səsləndirəcək. 2009-cu ildən fəaliyyət göstərən "Palmas" qrupu indiyədək bir sıra ölkələrdə, o cümlədən İspaniya, Rusiya və Ukraynada baş tutmuş festivallarda iştirak edib.

Anar Keytarman rəhbərlik etdiyi musiqi qrupu ilə birlikdə həmin günlərdə müxtəlif növ musiqi nümunələri ifa edərək yarış həvəskarlarının əyləncəsinə zövq qatacaq. Qrup öz mahnıları ilə yanaşı, "Beatles", Stinq, Vivaldi, Bax, Bob Marley, Herbi Hankok və Ceyms Braunun repertuarından müxtəlif janrlara məxsus mahnıları da səsləndirəcək.

Azərbaycanlı sirk ustası və 2015-ci ildə ABŞ-da keçirilmiş istedadlar yarışmasının finalçısı Üzeyir Novruzov Bakıdakı Qran-Prini izləməyə gələn tamaşaçılara nərdivanla möhtəşəm şou nümayiş etdirəcək. ABŞ, Fransa, Almaniya və İtaliyada müxtəlif televiziya verilişlərində öz məharətini ustalıqla nümayiş etdirən Ü.Novruzov 2016-cı ildə nərdivan üzərində ən çox dayanan adam adını əldə edərək "Ginnesin rekordlar kitabı"na düşüb. Üzeyirin Bakıdakı şousu iyunun 23-25-də Formula-1 şəhərciyində quraşdırılmış kiçik səhnədə müxtəlif saatlarda baş tutacaq.

Bakıda yerləşən bir çox məşhur əyləncə mərkəzinin davamlı iştirakçılarından olan tanınmış DJ-lərdən REEF, Bikoo, George Effe və Tvist bilet sahiblərinə yarışdan kənarda əyləncə dolu anlar yaşadacaqlar. DJ REEF iyunun 22-25-də Formula-1 şəhərciyi və konsert arenasında, DJ Bikoo iyunun 22-24-də Azneft zonasında, George Effe iyunun 23-25-də İçərişəhər zonasında və DJ Twist həmin gün Sahil parkında yerləşən zonada çıxış edərək Formula-1 azarkeşlərinə xoş ovqat bəxş edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR