“Yıxılandan sonra ata minməyə qorxurdu...” - Lent.az-ın əməkdaşı “Qaçaq Nəbi” oldu - FOTOLENT

“Yıxılandan sonra ata minməyə qorxurdu...” - Lent.az-ın əməkdaşı “Qaçaq Nəbi” oldu - FOTOLENT
14:14 23 İyun 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

 

Kinostudiyanın rütubət qoxuyan pilləkəniylə yuxarı qalxıram. Qaranlıq dəhlizdə sağa-sola var-gəl edirəm. 4 saylı qrim otağını axtarıram. Göz-gözü görmür. Qəflətən qapılardan biri açılır və kişi silueti görünür. Deyəsən, düz gəlmişəm...

 

Elbrus Vahidov. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 1969-cu ildə fəaliyyətə başlayıb. Ömrünün 47 ilini Azərbaycan kinosuna xidmət edən, kino sənətinin tanınmış nümayəndəsi, istedadlı qrim rəssamı Elbrus Vahidov 60-dən çox bədii filmdə müxtəlif xarakterli obrazlar yaradıb. Onun yaradıcılıq filmoqrafiyasında Azərbaycan kino tarixinin ən məşhur filmlərini görmək olur: “Tütək səsi”, “Ad günü”, “Bəyin oğurlanması”, “Yeddi oğul istərəm”, “Uzun ömrün akkordları”, “Yaramaz”, “Təhminə”, “İstintaq”, “Ölsəm... bağışla”, “Otel otağı”, “Atları yəhərləyin”, “Fəryad” və s.

 

***

 

Otağa girəndə bir xanım qutuların içində itib-batmışdı. Birinin qapağını örtüb, digərini açır, təlaşla nəsə axtarır. Elbrus Vahidovun köməkçisidir İradə xanım.

 

Elbrus bəy söhbətdən əvvəl çay içməyi təklif edir. Çayından qurtumlayaraq, bu sənətə gəlişi haqda Lent.az-a danışır. Deyir, ən böyük arzusu rəssam olmaq olub. Lakin...

 

- Uşaqlıqdan şəkil çəkməyi sevirdim. 10-cu sinfi bitirəndə sənədlərimi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə verdim. Təsviri incəsənət, kompozisiya və rəsmdən “4” aldım. Axırıncı imtahan imla idi. Kəsildim. Bacım Svetlana Vahidova aktrisa idi. Dedi, kinostudiyada qrim ustası var, Yunisov. Gəl, onun yanında 1 il işlə. Getdim. Kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov dedi, rəssamların yanında yer yoxdu, amma qrim sexində yer var. Razılaşdım. Mənim yaşımda daha 10 şagird vardı. O vaxt hamısı deyirdi, biz qalacağıq. Mən deyirdim, yooo, mən gedəcəyəm. Elə oldu ki, onlar getdilər, mən qaldım. 3 il köməkçi kimi işlədim. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım” filmlərində köməkçi qrim üzrə rəssam olmuşam. Müəllimim Vladimir Bereznyakov olub.

 

3 il qrim ustasının köməkçisi kimi işləyir. Nəhayət, 1972-ci ildə, 21 yaşında ona sərbəst işləməsi üçün ilk təklif Rasim Ocaqovdan gəlir.

 

- Rəhmətlik Rasim Ocaqov bu filmi mənə təklif edəndə burda daha təcrübəli qrim ustaları vardı. İndiyə kimi də təəccüblənirəm ki, niyə məhz mənə təklif etdi?! Razılıq verdim. Sonra axşamüstü fikirləşdim, təlaşa düşdüm, qorxdum. Dedim, səhər gedib imtina edəcəyəm. Səhər açıldı, fikrimi dəyişdim, risk etdim. Bu gün də Rasim Ocaqova minnətdaram, iş karyeram “Tütək səsi” filmilə başladı, ardınca da başqa təkliflər gəldi. Ocaqov çox tələbkar adamıydı. Həmişə hazır gəlirdi. Bilirdi nə çəkəcək, necə çəkəcək. Kimsənin üstünə qışqırmazdı. Nəinki Ocaqov, o vaxt hər kəs məsuliyyətli idi. Kimsə çəkilişə 5 dəqiqə gecikə bilməzdi. Əksinə, yarım saat tez gəlirdik. İndi elə deyil. 30 nəfərlik qrup bir nəfəri 1 saat gözləyir. Əlqərəz, mənim kino tərbiyəm bu cür filmlərlə, bu cür peşəkar rejissorlarla formalaşıb.

 

Birlikdə qrim üzrə rəssamı olduğu filmləri xatırlayırıq. Deyir, geriyə qayıtmaq olsaydı, bəzi filmlərdə bəzi aktyorları daha yaxşı qrim edərdim.

 

- Hüseyn Mehdiyevin “Özgə vaxt” filmində Leylanın (aktrisa Ayan Mirqasımova) atası rolunda Ələddin Abbasov çəkilirdi. Film ağ-qara çəkilib. Birinci kadrlarda Ələddin Abbasov hələ cavan idi. Saçı orda çox tünd çıxmışdı. Qara saçla onun yaşı ssenari ilə düz gəlmirdi. Elə təəssürat vardı ki, saçını rəngləyib. Bəlkə də tamaşaçı buna çox da əhəmiyyət verməyib. Sonra “Bəyin oğurlanması”nda Yaşar Nuriyevin saçını yanlardan ağartmışdım. İndi baxanda görürəm, bir az “xaltura” etmişəm (gülür).

 

- Sərbəst mövzuda işləmək o qədər də çətin deyil. Obrazlar yenidir. Ssenaristin təxəyyülünün məhsuludur. Bəs tarixi şəxslərdə necədi? Əvvəldən hazırlıq görürsünüz?

 

- Biri var, portret qrim. Məsələn, Üzeyir Hacıbəyovun obrazını yaradıramsa, 50 faizdən çox oxşamalıdır. Təbii ki, aktyor da Üzeyirə oxşamalıdır. Portret qrimdə aktyorun şəklinin üzərində işləyirik. O vaxtlar film başlamazdan 3 ay əvvəl hazırlıq gedirdi. Bir obraz üçün bir neçə aktyor düşünülürdü. Bir aktyor digəri ilə üzləşməsin deyə onları fərqli-fərqli saatlarda qrimə dəvət edirdik. İstəmirdik, onlar bilsin ki, bu rola ayrı kimlərsə də dəvət olunub. Rejissor hansı aktyoru seçirdisə, filmin çəkilişləri başlamazdan bir neçə gün əvvəldən aktyoru yoxlama qrimi edirdik...

 

***

 

Qəfil İradə xanım “Həsənağa Turabovun bığlarını tapdım!”, deyə qışqırır və əlində bığ bizə yaxınlaşır. Elbrus bəy bığı əlinə götürüb, fikrə dalır. Sonra...

 

- Halaldı sənə, İradə! Axır ki, tapdın.

 

Sonra üzünü mənə tutur:

 

- Səhər xahiş etmişdim ki, burma bığ tapsın. O da inad etdi ki, məhz Həsənağa Turabovun bığını tapacaq. Bayaqdan axtarır, gözləyirdim, tapmayacaq və əl çəkəcək. Amma tapdı.

 

Bığı barmaqlarının arasında oynadaraq:

 

- Bu bığı “Axırıncı aşırım” filmində Həsənağa Turabova yapışdırmışdım – Xəlil rolundaydı. Qaçaq Nəbinin bığlarıdır. “Atları yəhərləyin” filmi çəkiləndə Nəbi roluna əvvəlcə Fərhad Manafov prob olmuşdu (Fəxrəddin Manafovu nəzərdə tutur – L.M.). Mənə görə, Fərhad bu rol üçün daha uyğun idi. Turabov onda yaşlı idi. Cəld ata minmək-düşmək lazım idi. Fərhad cavan və zirək idi. Şəkli də var, patrondaşla-filan. Filmin iki rejissoru vardı - Şeyx Əbdül və Turabov. Sonra nədənsə Turabov dedi, mən özüm çəkiləcəyəm. Özünü o rola təsdiq etdi və çəkildi.

 

- Ola bilər, Fəxrəddin Manafovla aralarında nəsə mübahisə olub?

 

- Yox, xatırlamıram. Nəbi xalq qəhrəmanıdır. Onu oynamağı hər aktyor istəyər. Sonra o film dövlət mükafatı da aldı.

 

Bu yerdə nəyisə xatırlayıb, gülür. Eynəyinə barmağı ilə düzəliş verib, sözünə davam edir:

 

- Turabov qrimi sevməzdi. Kresloda maksimum 10 dəqiqə oturardı. Üzünün dərisi bir az qırmızı idi. Ton vermək lazımıydı. Heç onu da qoymurdu. Bığ yapışdırdıq, deyirdi “vsyo, bəsdi!” Özü də atdan yaman qorxurdu. “Yeddi oğul istərəm”də də, “Axırıncı aşırım”da da atı çapmaq yerində dublyoru vardı. “Yeddi oğul istərəm” filmində at onu yıxdı yerə. Ayağı zədələnmişdi, axsayırdı. Ondan sonra, ümumiyyətlə, atdan qorxdu. Mənə qalsa, Fərhad Qaçaq Nəbiyə daha çox oxşayırdı. Orda şəkillərin arasında olmalıdır (şkafı göstərir). O vaxtlar biz aktyordan əvvəl şəklinin üstündə işləyirdik. Bığ çəkirdik, qaş çəkirdik...

 

Şkafdan köhnə şəkilləri çıxarıb stolun üstünə tökür. Ələk-vələk edir. Dediyi şəkli tapa bilmir. Əvəzində “İstintaq” filmindəki müstəntiq Seyfi Qəniyev rolunu oynamış Aleksandr Kalyaqinin şəklini tapır. Şəkili havada yelləyir:

 

- Bu filmin əsas çəkilişləri Moskvada olub. Kalyaqin çox məşğul idi. Çəkiliş üçün Bakıya gələ bilmirdi. Gündüz məşqdə, axşam teatrda olurdu. Film gecələr çəkilirdi.

 

“Bu şəklə baxın” - deyib, şəkli hər iki əliylə tutub, baxmağımı istəyir

 

- Üzərində şəkil çəkmişəm. Eynək taxmışam, qeydlər aparmışam, qaşlarını tündləşdirmişəm, yaşlandırmaq üçün altına qırışlar çəkmişəm.

 

Deyir ki, Fəxrəddin Manafov Rasim Ocaqovun sevimli aktyoru olsa da, “Təhminə” ilk film olub ki, Ocaqov sevimli aktyorunu çağırmayıb. Moskvadan cavan aktyor dəvət edibmiş. Tərəf müqabili də bildiyimiz Meral Konrat olub.

 

- Filmin çəkilişləri üçün Tallinə getdik. Zauru oynayacaq oğlan yaraşıqlı oğlan idi. Mənə elə gəlir, hətta Meral Konrat ona vurulmuşdu da. Tallində filmi xeyli çəkdik, sonra qayıtdıq Bakıya. Bakıda naturada çəkirdik. Aktyorun əynini dəyişməyə xüsusi yer yoxuydu. Oğlana dedilər, get avtobusda əynini dəyiş. Oğlan da etiraz elədi ki, bu nədi?! Mən avtobusda əynimi dəyişməyəcəyəm! Rasim Ocaqov da hirsləndi, dedi, bilirsən nə var?! Sən çəkilmirsən! Sonra Meral da məndən xahiş etdi ki, Rasim Ocaqovdan xahiş edim, onu bağışlasın. Dedim, mən rejissora nə deyə bilərəm?! O vaxtlar kino lenti çox bahalı idi. Buna baxmayaraq, Rasim lenti tulladı və Zaur roluna Fərhadı çağırdı. Bu dəfə Leninqrada getdik, məşqsiz birbaşa çəkilişlərə başladıq. Uğurlu da alındı.

 

***

 

İradə xanım Qaçaq Nəbinin qaşlarını da tapıb, masanın üstünə düzmüşdü. Qrimə başlamazdan əvvəl kinostudiyanın geyim otağına düşürəm. Əziz müəllimlə geyimlərin arasında gəzirik. İçəridən kəskin qoxu gəlir. Geyimlərə qurd düşməsin deyə dərmanlandığını deyir. Arxa cərgəyə keçir və əlində zoğalı rəng pencək çıxır. Papaqları bir-bir başımda yoxlayır. Axır ki, istədiklərimi əldə edib, yuxarı qalxıram.

 

Elbrus bəy qolumun üstə aşırdığım geyimləri işarə edərək, soruşur:

 

- Hazırsansa, başlayaq?

 

- Başlayaq!

 

İradə xanım köməklik edir. Beşmetin üstündən pencək geyindirib, belimə qurşaq bağlayır. Keçirəm güzgünün qarşısına.  

 

Elbrus bəy qaşları yapışdırmağa başlayır. Əvvəl qaşıma yapışqan yaxır. Sonra üstündən qaşı qoyur. İradə xanım dillənir: “Elik, otliçno budet”. Ürəklənirəm, deyəsən, alınır. Fotoqrafımız Ramil də təsdiqləyir: “Təbii qaşa oxşadı lap”.

 

“İndi keçək əsas məsələyə” – deyib, bığı götürür. Yapışqanı sürtə-sürtə oxuyur: “Nəbinin bığları eşmə-eşmədir...”. Yapışdırdıqca da baxıb gülür.

 

- Düzdür, bığlar sənə çox böyükdür. Əsas odu, Həsənağa Turabovun bığıdır! Retro bığ!

 

Danışmaq istəyirəm, bığlar imkan vermir. İradə xanım deyir, bığ və saqqalla işləmək hər iki tərəf üçün də çətindir. Aktyor üçün də, qrim ustası üçün də. Xüsusən də yayda. Çox danışanda və tərləyəndə bığ qopur.

 

***

 

Silahımı da götürürəm, aşağı düşürük. Pilləkənlərdə Ənvər Həsənovla rastlaşırıq. “Yeddi oğul istərəm”in Cəlalı ilə. Yaman qocalıb Cəlal...

 

- Lap Qaçaq Nəbinin cavanlığına oxşadı ki! - deyərək, gülüb, yanımızdan ötür...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR