“Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı
edilməsindən indiyə qədər ən çox müzakirə edilən məsələlərdən biri
də müharibə vaxtı itkin düşən 4 min azərbaycanlının taleyidir. Bu
rəqəm rəsmi qurumlar tərəfindən təsdiq olunub. Ermənistan tərəfi
bunu nə qədər təkzib etsə də, bu həqiqətdir”.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz
Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel
Gülbey deyib.
G.Gülbey azərbaycanlı əsirlərin Ermənistanda mədənlərdə işlədildiyi
faktını yenidən gündəmə gətirib.
“Qonşu ölkələrdən birinin vətəndaşları işğal altında Qarabağa
səyahət edərkən, əsirlərin uzun müddət ərzində saxlanıldığı Zod
kəndi yaxınlığındakı əraziyə gəliblər. Həmin vaxt ordakı mədənlərdə
işləyən, ac, səfil vəziyyətdəki insanları görüblər. Dəmir tellərlə
bağlı olan bölgədə işləyənlərin kim olduğunu öyrənəndə isə heyrətə
düşüblər. Onları gəzdirən erməni Zod altındakı mədənlərdə, eləcə də
digər mədənlərdə işləyənlərin azərbaycanlı əsirlər olduğunu deyib.
Keçmiş dövrdə Gürcüstana turist kimi gələn bəzi ermənilər də
azərbaycanlı əsirlərin ağır işlərdə işlədildiyini dəfələrlə
bildiriblər”, - deyə o qeyd edib.
G.Gülbey hesab edir ki, bu faktlar məsələni araşdırmaq və
beynəlxalq ictimaiyyətin qarşısına çıxarmaq üçün yetərlidir:
“ATƏT-in Minsk qrupu bu məsələ haqda nə düşünür, bu günə qədər bol
maaş almaqdan, lazımsız toplantılar keçirməkdən başqa hansı işləri
görüblər? Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Haqlarını Müşahidə
Təşkilatı, İşgəncələrə qarşı beynəlxalq təşkilatlar o bölgədə
araşdırmaların aparılması üçün hansı addımı atıblar?!”.
ASİMDER rəhbəri azərbaycanlı əsirlərlə bağlı məsələsini
araşdıracaqlarını və davamlı şəkildə gündəmdə saxlayacaqlarını
açıqlayıb.
Asif