Vüsalə Mahirqızı: “O, hansı yükün altına girdiyini anlamalıdır” - MÜSAHİBƏ

Vüsalə Mahirqızı: “O, hansı yükün altına girdiyini anlamalıdır” - MÜSAHİBƏ
15:19 23 İyun 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

 

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir.

 

Bilmirsən prosesi ləngidən nədir - cəmiyyətin mentalitet dediyi qaydalar toplusu, yoxsa özümüzün daha az səy göstərməyimiz. Amma ortada olan nəticə bundan ibarətdir ki, ölkənin ictimai-siyasi həyatında qadınlar azlıq təşkil edir. “Məktəb illəri”ndə bu dəfə o az sayda qadın  liderlərdən birini uşaqlıq illərindən danışmağa dəvət etdik.

Vüsalə Mahirqızı 1979-cu il avqustun 5-də Ucarın Lək kəndində anadan olub. Elə kəndin məktəbini bitirib. BDU-nun filologiya fakültəsinin məzunudur. İlk iş yeri “Bakı universiteti” qəzeti olub. “Günaydın”, “Bu gün” qəzetlərində işləyib. 2004-cü ildən APA İnformasiya Agentliyini qurub. Hazırda APA Holdinqin rəhbəri kimi fəaliyyətini davam etdirir. 

 

- Uşaqlıqdan başlayaq, kim olmaq istəmisiniz?

 

- Orta məktəbdə çox yaxşı  ədəbiyyat müəllimim olub, Zakir müəllim. Onun sayəsində istiqamətim demək olar ki, ədəbiyyat yönümlü idi. O, mənə ədəbiyyatı sevdirə bilmişdi. Ailəmdə də hamı müəllimdir, valideynlər, babam, bibilərim. Yəni əslində, müəllim ailəsinin uşağıyam. Özü də deyim sizə ki, ailəmdəki müəllimlərimin əksəriyyəti riyaziyyatçıdır.  Zakir müəllim bu qədər riyaziyyatçı arasında məni ədəbiyyata tərəf döndərə bilmişdi. Rəhbər yox, amma jurnalist olmaq uşaqlıq arzum idi. Bəlkə elə ədəbiyyatdan da bu üzdən bərk tutmuşdum. Onda indiki səviyyədə jurnalistika yox idi. Yəni bizim illərdə görünən jurnalistika televiziya aparıcıları ilə məhdudlaşırdı. Hədəfimiz buna görə televiziyalar idi. Məndə də təxminən bu idi durum. Hədəfim TV jurnalisti olmaq idi. Bu olmayacağı təqdirdə ikinci planım ədəbiyyat müəllimi olmağa bağlanırdı.

 

Müəllimlərimdən biri də babam olub 

 

- İlk müəlliminiz kim idi? Yadınızdadırmı?

 

- Kəndimizlə əlaqəni kəsməmişəm, məktəbimizə gedirəm. İbtidai sinif müəllimimi də çox tez-tez görürəm. Nailə müəllimi xatırlamamaq olmaz. Ümumiyyətlə, bizim kənd böyükdür. Özü də o zamanlar rayonlarda belə bir adət var idi, daha çox müəllimlər öz uşaqlarını oxudurdu. Yəni, ali təhsil verirdi. Özü də məhz müəllim olmalarını istəyirdilər. Kənddə məktəbdə işləyənlər də bu üzdən təxminən iki-üç nəsildən olan müəllimlər idi. Onun biri də bizim nəsil idi. Bizim ailədə gəlinlərimiz də müəllimdir. Maraqlı olanı bu idi ki, özümüzdən ibarət olan müəllimlərin böyük əksəriyyəti həm də mənə dərs deyirdi. Müəllimlərimdən biri də babam olub. Uzun müddət mənə bibim də riyaziyyatdan dərs keçib. Amma indi də, o vaxt da önəm verdiyim əsas ədəbiyyat müəllimim idi. O vaxt da, indi də düşünmüşəm ki, kaş bizim universitetlərdə, orta məktəblərin özündə o cür savadlı adamlar qalaydı, daha çox olaydılar. Yadımdadır ki, o vaxt universitetdə ilk müəllimlərimdən biri professor Nizami Cəfərov Əbdüləziz Dəmirçizadənin kitabından Azərbaycan dilinin qrammatikasına aid bir sual verdi. Təbii ki, bu, orta məktəb səviyyəsində sual deyildi. Yəni, Zakir müəllim mənə orta məktəb səviyyəsindən üstün kitablardan oxumağı məsləhət bilirdi. Mən də bu məsləhətləri dinləyirdim. Nizami müəllim o sualı verəndən sonra əlli nəfərlik auditoriyada əlimi qaldırıb cavab verdim. Soruşdu haranı bitirmisən, məktəbimi dedim. Yarızarafat mənə qayıtdı ki, sən Ucardan çıxan ilk dilçi alim olacaqsan.

 

Müəllimlərlə dil tapa bilmirdim... 

 

- Necə şagird olmusunuz?

 

- Dalaşqan.

 

- Döydüyünüz sinif yoldaşları ilə indi aranız necədir?

 

- Mən sinif yoldaşlarımla yox, müəllimlərlə dalaşmışam. Zakir müəllimin bizə dərs demədiyi aralar da oldu. Yəni, mən 5-dən 10-cu sinfə qədər onun tələbəsi olmamışam. Bu səbəbdən onun əvəzinə bizə verilən müəllimlərlə dil tapa bilmirdim. Yəni, müəllimlər Zakir müəllim qədər deyildilər. Daim mübahisə edirdik. Az qala dava həddinə qədər. Yenə də cavabımı ala bilməyən kimi Zakir müəllimin yanına qaçırdım. Tənəffüsdə, fasilələrdə, boş dərsi olanda o, mütləq mənim öyrənmək istədiklərimi öyrədirdi, bütün suallarıma cavab verirdi. Əvvəlki kimi yönəldirdi məni. Müəllimlər məndən ən çox o səbəbdən narazı qalırdılar ki, həddindən artıq tələb edən şagird idim. Bəzən irad bildirirdim, səhv tuturdum. İndinin özündə də müəllimin səhv etməsini, bilməməsini, aşağı səviyyədə olmasını qəbul edə bilmirəm. Müəllim səhv etməməlidir. Müəllim o adamdır ki, mütləq bilməlidir. Müəllim adına layiq səviyyədə olmayanda o, şagirdin psixologiyasına təsir edir. Müəllim şagirdin gözündə ideal insan obrazıdır. Bu üzdən o peşənin sahibləri müəllimlik edəndə mütləq nə qədər ciddi yük altına girdiklərinin fərqində olmalıdırlar. Bunu anlamayan o yükü şərəflə çəkə bilməz.

 

- Baba ilə bibinin adama dərs deməsi necədir? Məsuliyyəti çoxdur, ya güzəştləri?

 

- Maraqlı deyil. Əslində, adamı yorur. Uşaqlar aşağı sinifdən mənə necə deyim, əl uşağı kimi baxırdılar. Bunun bir səbəbi elə yaxınlarımın işlədiyi məktəbdə oxumağım idi. Babamın birinci nəvəsiyəm. Dördüncü sinfə qədər çantamı heç vaxt özüm gəzdirməmişəm. Babam aparıb səhər, geri dönəndə də anamla qayıdırdım, onda da o gətirirdi. Uşaqlar buna görə məni həmişə ələ salırdı ki, babası çantasını daşıyır. Bir dəfə buna görə əməlli üsyan elədim evdə. Ağladım ki, bəs hamı çantasını özü aparır, mənimkini siz daşıyırsınız deyə uşaqlar məni ələ salır. Ondan sonra özüm apardım.   

 

Babamlı xatirələr... 

 

- Babam sərt adam idi. Bu üzdən yadımda qalan bir hadisəni də danışım sizə. Deməli, atam qızıl medala layiq oxuyub. Bütün fənlərdən qiyməti beş idi. Riyaziyyat fənnindən müəllimi öz atası olub. Atam indi də ən çətin riyazi hesablamaları yazaraq yox, beynində həll eləyib, cavabı şifahi söyləyir. Amma onun qızıl medal almamasının səbəbi babam olub. Bütün fənlərdən qiyməti beş olsa da, riyaziyyatdan atası ona dörd yazıb. Nənəm deyirdi ki, bunu ölənə qədər ona bağışlamayacağam. Çox pis olurdu. Oğluna öz atasının elədiyi “pisliyi” böyük haqsızlıq bilirdi. Babam da deyirdi ona görə yazmadım ki, kənddə hamı deyəcəkdi öz oğluna beş yazır. Əslində, babam atamla bağlı bu hərəkətini bəlkə özü də özünə bağışlamırdı. Amma artıq söz eşitməsin deyə yenə də düzgün qərar verdiyini deyirdi. Onun  xeyli ümidləri mənə bağlı idi. Mən universiteti bitirən ili artıq yaşı da çox idi, səhhəti də pisləşmişdi. Nənəm deyir heç danışa da bilmirdi. Sən dövlət imtahanından çıxıb, qırmızı diplom alandan sonra bunu yavaşca dedim ona. Babamın son hərəkəti əlini göyə qaldırıb, mənə görə tanrıya şükür eləməsi, mənim uğuruma görə sevinib gülümsəməsi olub. Bundan sonra gözlərini əbədi yumub. Bunu mənə deyəndə çox pis olmuşdum. Həmişə də yaddaşımda qalacaq xatirədir.

Babamın işdən çıxmasını da danışım sizə. Onun işdən çıxması da mənim oxuduğum sinifdəki hadisə ilə bağlı oldu. Artıq yaşlanmışdı. Uşaqlardan biri sinifdə onunla ünsiyyətdə tərbiyəsiz davrandı. Mən onda reaksiya verə bilmədim. Gəldim evdə atama dedim ki, bir də babama kimsə elə etsə, mən o məktəbə getməyəcəm. Bunu atam babama dedi. Elə o ilin sonu, tədris ili bitən kimi babam ərizəsini yazıb, işdən getdi.  

 

Bəzən 24 saat yetmir... 

 

- Məktəb illəri üçün darıxdığınız olurmu? 

 

- Olur. Xüsusən də bu aylarda kəndimiz yadıma düşür. Bizim tərəflərin ən yaxşı ayları elə bu aylardır. Qalan aylar ya çox isti olur, ya da çox soyuq. İndi ən yaxşı vaxtlarıdır kəndin. Sinif yoldaşlarım axtarır məni tez-tez. Bəzisi sosial şəbəkədə tapır, bəzisinin yadına televiziyada görünəndə düşürəm, zəng vurur. Bəzən də problemi olanlar kömək üçün axtarır. Sadəcə görüşmək istəyənlər də olur. Onda lap darıxıram. Müəllimlərimi də yadımdan çıxarmıram. Məktəb illəri insanın ən yaxşı illəridir. Bəlkə o anı yaşayanda adam bunu dərk etmir. Amma sonradan görürsən ki, çox vacib mərhələdir. Və hətta oxuduğundan daha çox şey oxuyub öyrənə bilərdin, amma məsuliyyəti tam başa düşmədiyin üçün daha az öyrənə bilmisən. İndi nəyisə oxumaq istəyirsən, baxırsan ki, vaxt yoxdur. Amma 17 yaşında vaxt məsələsi gündəmdə olmur. Onun oxumağa daha çox imkanı və vaxtı olur. O üzdən elə burdan deyirəm ki, qoy zamanı və vaxtı yaxşı dəyərləndirsinlər uşaqlar. Bəzən hətta 24 saat da bir gün üçün yetərli olmur adama. Məsələn, hər dəfə düşünürəm ki, mənim çox gözəl rus dili müəllimlərim var idi. Mən onlarla daha çox işləsəydim, daha mükəmməl rus dilini bilərdim. Eyni şeyi ingilis dili haqda deyə bilərəm. Mənim çox peşəkar ingilis dili müəllimim olub. İndinin özündə də böyük şirkətlərdən birində mütəxəssis olaraq çalışır. Mən ondan da lazımi qədər bəhrələnə bilməmişəm. Bunların hamısı sonradan həyatın “kaş ki”ləri olur. Və həmin “kaş ki”ni də sonradan yoluna qoymaq olmur. Orta məktəb illəri insan üçün böyük qənimətdir. Orda yığa biləcəyin baza üzərindən sonradan sənin bütün həyatın müəyyənləşir.

  

Gələcəyin sərmayəsi... 

 

- “Kaş ki, çox pulum olardı” mənim üçün prioritet olmayıb heç vaxt. O üzdən kimin imkanı varsa, 17 yaşına hələ çatmayıbsa, mütləq daha çox öyrənsin. Çünki gələcəyin sərmayəsi budur, daha çox və daha yaxşı oxumaq. Bunu xüsusilə qızlarımıza arzulayıram. Nə qədər imkan varsa, yaxşı bir alətdə ifa etməyi öyrənin, yaxşı bir idman növü ilə məşğul olun, xarici dilləri mənimsəyin. Çünki cəmiyyətin intellektual olmasının böyük məsuliyyəti məhz xanımların üzərinə düşür gələcəkdə. İnsanları dünyaya gətirən, böyüdüb tərbiyə edəndir qadın. Bir az əvvəl Təhsil Nazirliyinin illik hesabatında nazir Mikayıl Cabbarov da bu məsələyə toxundu. Gələcəyin mütəxəssisi o zaman uğurlu olacaq ki, o, mütləq əlavə dili biləcək. Eyni zamanda informasiya texnologiyaları sahəsində biliklərə malik olacaq. Yəni, istiqamət bəllidir, tələb standartı da məlumdur. Sadəcə, bunlara uyğun sistemini qurub formalaşmaq lazımdır.

Bir maraqlı məqamı da deyim o illik hesabatla bağlı. Deməli, maraqlı olanı budur ki, bizim indi hazırladığımız mütəxəssislərin 60 faizi gələcəkdə indi olmayan peşələr üzrə kadr kimi çalışacaq. Bu həm ciddi bir mesajdır. Ailələr, valideynlər, məktəblilər və cəmiyyətin özü üçün. Bu mesajı alıb, anlayıb, ardınca getmək lazımdır. O üzdən lap elə bu gündən, bu andan o gələcəyi düşünmək lazımdır. 

 

Məktəb illərində saç düzümüm də dəyişmədi... 

 

- Məktəb formasından kənara çıxmısınızmı?

 

- Qətiyyətlə yox. Bizim ailədə mümkünsüz iş idi bu. Müəllim ailəsi olaraq nümunə olmalı idik. O üzdən məktəb zamanı formadan başqa heç nə geyinməmişəm. On birinci sinfi bitirənə qədər mənim saç düzümümə toxunulması belə qadağan idi. Bizim məktəb illərimiz 90-cı illərin əvvəllərinə düşdü. Ölkədə vəziyyət xaotik idi. O zaman qalstuk və oktyabryat nişanlarına paralel, bəzi ailələr məktəb formalarından da çıxdılar. Amma bu bizim ailədə keçərli deyildi. Məktəbdəki digər dəyişikliklər günün reallığı idi. Amma formasız məktəb, bu, mümkün deyildi. Biz də bunu düşünərək formaları sona qədər saxladıq. Və proses göstərdi ki, əslində, yanaşmamız düzgün idi. Anam indi də müəllim kimi fəaliyyətini davam etdirir. Deyim sizə ki, indinin özündə də tələbləri qüvvəsindədir. Məktəblinin geyimi, forması yerində olmalıdır. Bu standartdan kənara çıxmalar evin içində baş versə belə, o, kəskin reaksiya verir. Mütləq o deyəni edirik.  

 

Xaotik uşaqlıq... 

 

- Bir də bayaq dediniz məktəb xatirələri. Mən baxıram bu gün uşaqların daha gözəl, həzin, maraqlı xatirələri var. Məni də, sizi də düşünəndə, bizim uşaqlıq, məktəbli illərimiz çox qarışıq dövrə təsadüf elədi. Siyasi quruluşlar dəyişirdi, sistemdən-sistemə keçirdik. Pioner qalstuklarımızı yandırırdıq, oktyabryat nişanlarından imtina edirdik, komsomola keçməyi rədd etdiyimizə görə cəzalanırdıq. Hələ üstəlik, Dağlıq Qarabağda gedən ağır döyüşlər, yaralılar. Bundan başqa, qaçqın və məcburi köçkünlərin gözümüz önündən getməyən dəhşətli həyatları. Sonra məktəbin radio qovşağı. Biz orda tez-tez direktorumuzun oxuduğu məlumatları dinləyirdik. Bu, nağıl, əfsanə deyildi. Rayonumuzdan, məktəbimizdən şəhid olanlardan danışırdı.  Biz hər gün şəhid xəbəri gözləyən məktəbli idik. Biz ağlımız hələ tam kəsməyən olayların balaca şahidləri idik. Onlarsa bizim qorxulu xatirələrimiz. Yəni əslində, bizim qorxulu xatirələrimiz daha çoxdur. Biz uşaqlığını, yeniyetməliyini, hətta gəncliyinin bir dönəmini həyəcanla yaşayanlarıq. İndi bu kimi problemlər yoxdur. Bu isə o deməkdir ki, daha yaxşı, hətta yaxşının yaxşısı ola bilmək imkanı var. Bu imkanları mütləq dəyərləndirmək və qarşılığını vermək lazımdır.

 

Jalə Mütəllimova. "Azərbaycan müəllimi" qəzeti


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR