AMEA-dan mənzil qalmaqalına MÜNASİBƏT

AMEA-dan mənzil qalmaqalına MÜNASİBƏT
15:24 23 İyun 2017
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası ( AMEA) akademiyanın yataqxana və mənzil məsələsi ilə bağlı mətbuatda gedən yazılara münasibət bildirib.

 

AMEA-dan Lent.az-a verilən məlumata görə, aparılan işlərin nəticəsi olaraq, “Evrostroy-S” MMC yeni inşa olunan yaşayış evlərindən AMEA-ya əvəzsiz olaraq ümumi sahəsi 8000 (səkkiz min) kvadratmetrə yaxın olan mənzillər ayırmağı öhdəsinə götürüb. Bu mənzillərin çox hissəsi ayrılıb, qalanının isə yaxın vaxtlarda ayrılmasına yazılı zəmanət verilib.

 

"Qeyd edək ki, mənzillərin bölüşdürülməsinə hazırlıq məqsədilə AMEA-nın vitse-prezidentinin rəhbərliyi ilə yeni komissiya yaradılıb. Komissiyaya Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillərə həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin köçürülməsi məsələsinin ətraflı araşdırılması tapşırılıb.

 

Araşdırma zamanı məlum olub ki, yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə var. Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isə AMEA-da işləməyənlərdir. AMEA-da işləyən 71 ailədən 6-sı elmlər doktoru, 45-i isə fəlsəfə doktorudur.

 

Bunlardan əlavə AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilib. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Onlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalıblar. Hazırda onların da sənədləri araşdırılır.

 

Komissiya tərəfindən yataqxanada yaşayan hər bir AMEA əməkdaşının yaşayış şəraitini və mənzilə olan ehtiyacını təsdiq edən sənədlər toplanıb.  Kənarda yaşayış sahələri olması barədə məlumat daxil olan ailələrin yataqxanadan kənarda yaşadıqları mənzillər yerində, mənzil istismar sahələrinin işçiləri ilə birlikdə yaranmış imkanlar daxilində araşdırılıb. Yuxarıda qeyd edilən 71 AMEA əməkdaşından 17-sinin mənzil almağa hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanıb. Qalan 54 ailənin isə mənzil almağa hüququ olduğu müəyyən edilib.

 

Həmin 17 ailənin adına otaqlar olsa da, əsasən həmin otaqlarda yaşamayan, adlarında mənzillər olub, yataqxananın yanında yaşayış evi tikintisi başlayandan sonra adlarında olan mənzilləri özgəninkiləşdirənlərdir. Yoxlama zamanı bu ailələrin əksəriyyətinin özgəninkiləşdirdikləri mənzillərdə yaşadıqları və ya həmin mənzilləri kirayəyə verərək başqa ünvanlarda yaşadıqları məlum olub. Bəzilərinin isə yeni binalarda mənzillərinin olduğu, lakin öz adlarına sənədləşdirmədikləri müəyyən edilib. Mənzil qanunvericiliyinə əsasən həmin ailələr mənzil alarkən, yataqxanadakı otaqları boşaldaraq təhvil verməli idilər və həmin otaqlar 20 ildən artıqdır ki, qeydiyyatda olan, boş otaq olmadığına görə kirayələrdə yaşayan elmi işçilərə verilməli idi.

Odur ki, ilk növbədə həmin 54 ailənin mənzillə təmin edilməsi məsələsinə baxılması məqsədəuyğun sayılıb. Ondan əlavə komissiya təklif edib ki, mənzillərin bölüşdürülməsi üçün AMEA Azad Həmkarlar İttifaqı Təşkilatının iştirakı ilə yeni tərkibdə komissiya yaradılması məsələsinə baxılsın. Komissiyanın arayışı, bu və digər təklifləri AMEA Rəyasət Heyətində müzakirə edilib və müvafiq qərar qəbul edilib.

 

Məsələnin ciddiliyini nəzərə alaraq, yeni tərkibdə mənzillərin bölüşdürülməsi komissiyası yaradılmış və komissiyaya müvafiq tapşırıqlar verilib.

Yeni yaradılmış komissiya tərəfindən iyunun 13-də püşkatma yolu ilə 54 mənzilin bölgüsü aparılıb  və hazırda sənədləşmə işləri davam etdirilir. Mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınıb.

Nəzərə almaq lazımdır ki, bölgüsü gedən mənzillər 16 mərtəbəli yaşayış evinin 1-9-cu mərtəbəsində yerləşir. Yaşayış evinin tikintisi layihələşdirilərkən mənzil alan ailələrə uyğun xüsusi layihə olmadığından, hər mərtəbədə olan 1 otaqlılar 66 kvadrat metr, 5 ədəd 2 otaqlılar isə 85-113 kvadrat metr arasındadır. Böyük sahəli 2 otaqlı mənzillər ailə tərkibi 4 və 5 nəfərdən ibarət, elmi dərəcəsi olan əməkdaşlara verilib.  Qalan otaqların bölgüsü zamanı istər-istəməz normadan artıq sahə almış elmi işçilər də olmuşdur.

Bütün bunlara baxmayaraq, mənzil alanlardan da mərtəbəsinə və səmtinə görə narazı qalanlar var.

 

Bölgüdən narazı olanların müraciətləri qəbul edilir və hər bir müraciət fərdi qaydada araşdırılaraq cavab veriləcək".

 

AMEA-nın məlumatında qeyd edilir ki, son günlər yataqxanada yaşayan və mənzil almayan sakinlər yığışaraq respublikanın rəhbər orqanlarına müraciət edib, həmçinin AMEA-nın rəhbərlərinin qarşısını kəsməyə çalışıblar. Bu məsələ ilə əlaqədar AMEA Rəyasət Heyətinin inzibati binasının qarşısına toplaşmış 30-a yaxın şəxs qəbul edilmək istəyib.  AMEA-nın rəhbərliyi tərəfindən onlara bildirilib ki, qəbul olunmaq üçün aralarından 4-5 nəfər seçsinlər və ya hamısı tək-tək qəbul olunsun. Lakin onlar bu təklifin heç birini qəbul etməyiblər. Müraciət edən bu şəxslər yuxarıda qeyd edildiyi kimi, AMEA-da işləməyən 36 ailənin və problemi olan 17 AMEA əməkdaşının ailə üzvləridir.

 

Qəbul olunmaq istəyən AMEA əməkdaşlarına bildirilib ki, mənzil məsələsi elə bir sahədir ki, onun kollektiv qaydada araşdırılması və ümumi qaydada həlli mümkün deyil. Hər bir məsələ fərdi qaydada araşdırılmalı və həllinin mümkünlüyü müəyyənləşdirilməlidir: "Yataqxanada yaşayan və AMEA ilə heç bir əlaqəsi olmayanlara isə dəfələrlə bildirilib və bu gün də bildirilir ki, onların mənzillə təmin edilməsi AMEA-nın imkanları xaricindədir. Odur ki, yaşadıqları otaqları boşaldıb təhvil verməlidirlər".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR