Şəhərətrafı ərazilərə yeni avtobuslar veriləcək

Kiçik, kondisionersiz avtobus və qapının bağlanmasına güclə imkan verən onlarla sərnişin...

Şəhərətrafı ərazilərdə yaşayan əhalinin qarşılaşdığı ən böyük problemlərdən biri də nəqliyyatla bağlıdır. Bu ərazilər üzrə hərəkət edən avtobuslar köhnə olduğu üçün hər gün işə gedib-gələn əhali problemlərlə qarşılaşır. Paytaxta hər ilə yeni avtobuslar gətirilsə də, onlar mərkəz xəttlər üzrə istiqamətləndirilir. Maraqlıdır, niyə şəhərətrafı yaşayan əhali üçün yeni avtobuslar istifadəyə verilmir?

Problemlə bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirdi ki, bu avtobuslar BNA fəaliyyətə başlayana qədərki dövrdə paytaxta gətirilib və marşurtlar üzrə paylanılıb:

“Onların hansı kriteriyalar üzrə paylanılması bizə də məlum deyil. Qeyd edilən məsələlər bizi də narahat edir. Başa düşürük, şəhər mərkəzində olduğu kimi, şəhərətrafı kənd və qəsəbələrdə yaşayan sərnişinlərimizə də müasir tələblərə cavab verən avtobuslarla xidmət göstərilməlidir. Təkcə şəhərətrafı kənd və qəsəbələr deyil, elə şəhərin mərkəzində də fəaliyyət göstərən bir sıra marşrut xətləri üzrə avtobuslarda sərinləndirmə sistemi yoxdur. Həmin avtobuslar texniki baxımdan bizim tələblərə cavab vermirlər. Bütün bu məsələrin həlli ilə bağlı Bakı Nəqliyyat Agentliyi strateji plan hazırlayıb. Ən optimal çıxış yolu nədirsə, həmin variantın axtarılmasına çalışırıq. Belə düşünürük ki, problemlərin həllinə nail olmaq üçün avtobusların mərhələli şəkildə dəyişdirilməsi labüddür. Bunun üçün də “Utilizasiya proqamı”nı təklif etmişik. Hazırda həmin proqramın necə olması və detalları barəsində müzakirələr davam edir. O proqramın icrasından sonra artıq biz şəhər mərkəzində olduğu kimi Bakıətrafı kənd və qəsəbələrdə də müasir tələblərə cavab verən avtobusların sərnişinlərə xidmət göstərdiyini görəcəyik. Eləcə də, şəhər daxilində.

Proqrama nə vaxt start veriləcək?

Mais Ağayev qeyd etdi ki, hazırda həmin layihə tam formalaşma mərhələsindədir:

“Formalaşdıqdan sonra biz düşünür ki, 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlində artıq onun reallaşmasına start verək. Çox çətin bir proses olacaq. Amma o prosesin icrasına başlanılması artıq zəruridir”.

(Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR)

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR