Mənim vətənim ELDAR BAXIŞDIR

Mən yazmıram və yazmaq istəmirəm ki, Eldar Baxışın yoxluğu zülümdür. Yaxud da, o sağ olsaydı, indi nə bilim, neyləmişdi, ya hardasa oturub üz-üzə mənə usta ağayanalıqla son "padborkasını" oxuyardı. Mən bu yazını onun üçün yazıram ki, doğrusunu bilsin, insanlar, Eldar Baxışın dağılmış yurdu kimi ömrü də dağıldı. Sadəcə olaraq o yurdu qaytarmaq imkanı əlimizdə nə qədərsə, Eldarı o dünyanın hansısa efirindən, dalğasından geri çağırmaq, səsləmək məsələsi ondan daha müşküldür

Mən Qubadlını, Həkərini, Bərgüşadı, Hərtiz dağını, Astanları, Yazı düzünü, Mirləri itirəndə o qədər pülüşüyüm çıxmamışdı, nəinki Eldarı ömründən ən uzun, ən sonsuz ən yaşanılası zaman kimi itirəndə. Mən Qubadlının ağrısını da Eldarın o dünyaya səfərindən sonra anlasam da, aradan 5-6 il ötüşdükcə, hiss edirəm ki, Eldar və Eldarın içindəki ağrı daha ağır və çəkilməz olub.

Mən vətəni, yurdu, torpağı dəyərli, qara sevdalı böyük oğulları sevdikdən sonra sevirəm. Mənim vətənim böyük və eşqli adamlardır. Eldarda elə yaşamaq olardı ki... Görəsən, bəs bu vətən adamlar nədən ölümündən sonra Vətən olduqlarını adamın canından güzgü kimi çıxarırlar. Mən hakimiyyət və dövlətimi Eldarda elə rahat və şərəflicəsinə qurardım ki... Mənim vətənim Eldardır. Deyəsən, bu sözləri o sağ olsaydı, söyləyə bilməyəcəkdim. Həm də bu hissi nə yaşayacaqdım, nə ağlıma gətirəcəkdim. Nə yaxşı Eldar Baxış mənim fonumda dünyasını dəyişdi, yoxsa, Qafil, mən hələ də yurdumu tanıya bilməyəcəkdim.

Böyük, azman, içinin ağrı fəzası yeddi qatlı oğullar insanlara, bəndələrə yerini-yurdunu tanıdır, nişan verir. Onun üçün də əlavə olaraq mələklərin gecə-gündüz qanad şappıldatması, peyğəmbərlərin savaş meydanlarında şəhidləri sonalamasına ehtiyac qalmır. Böyük oğullar bəndələrə yurdun bir hiss, duyğu olduğunu anladır və onların ölümü o yurdu ayaqlar altından çəkib çıxarır, sağların tuta biləcəyi qədər içinə doldurur. Bir də baxırsan ki, ağırlaşmısan, göylərdən yerə enmisən. İndi ayağın altındakı torpaq səni əvəz edir, sən də çevrilib o qara, qapqara yanmış üz kimi torpağa çevrilirsən.

Ey bizi, bax, beləcə evirib-çevirən oğullar, mən sizin taleyinizi quzğun baxışlarından minarələrin uclarına qədərki məsafədə uzanan ucsuz-bucaqsız eşq, eşq naməsinin zəfər salnaməsindəki sətirlərinə necə bir ruh kimi dolub, qaytabandan ağ yeləli dəvələrin burunlarına səhra boyu bəyaz qarın qoxusunu gətirən sevdasıyla aşiq olduğumu bilsəydiniz.

Hərgah ki, könüllərin artan tıppıltısıyla böyük mənəviyyat səltənəti yaradan ruha öz çarpaz yaraşığını yalnış bir naxış kimi vurub, yerin tül pərdəsi olan sürünən pərdələr ardında gizlin qalan ismətli görüntüləri günün-günorta çağı əsrliyə sürükləyənləri, çiləyə qapılmış ürəklər öz qubarı ilə gec-tez pafos, möhtəşəm qafiyə və heca, sərbəst adlı zirvələrindən yerə gömməyə nə vaxtsa hazır olacaq.

Budlarına qarğı batan soytarı şoytaqlar öz cılız ağrılarının əvəzini, qisasını qiyamətin güllü yaxasından endirəndə yurdun başı üzərində çiçək açan bəyaz buludları şeytan nəfəslərilə qaraldıb, irqıt-irqıt ırmaqları mənbəyindən qurudub ən azı axar suların önünü əjdaha misalı kəsib, hər saat bir insan qurbanı tələb edirdilər. Bax, o zamanlar böyük oğulların kişi sözü, kişi nəfəsi tozu dumana qatıb, tozanaq qoparıb o əjdahaları öz düşüncələrindən uzaqlaşdırırlar. O əjdahalar mədəniyyətimizin, ədəbiyyatımızın dupduru axar çeşmələri başında indi də nərildəyib, hellənib durur və cəhənnəmə vasil olacaqlarını səbirsizliklə gözləyirlər. Cəhənnəm onlara daha yeydir.

Sağ-salamat bu balaca yazını qurtarım, Mehdi Bəyazidə deyəcəyəm bir "Həzərat" söyləsin, Usuboğluna ayıdacam ki, bir bayatı çəksin... Sonrası isə hər şey gəlib məndə düyünlənəcək...

Bu qanmazlar, yobazlar, sürülər dünyasında mən

Kimin Vətəninə, səltənət yurduna çevriləcəyəm. Görəsən, mənim elə bir şansım varmı? Ən yaxşısı işğal zonasıdır. Təki torpaq ol, onu yurd edən tapılar.

Xanəmir Telmanoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR