Qusma, ishal və ölüm təhlükəsi - Rotavirusdan necə qorunaq?

Qusma, ishal və ölüm təhlükəsi - Rotavirusdan necə qorunaq?
19:59 23 İyun 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

 

 

“Dünyada uşaq ölümlərinin 5%-i rotavirus yoluxmaları nəticəsində baş verir”.

 

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.

 

Onun sözlərinə görə, rotavirus bağırsaq infeksiyası olsa da, burada əsasən hava damcı yolu yoluxma baş verir: “Ona görə də bir çox xəstələrdə ilkin olaraq kataral əlamətlərlə başlayır və daha sonra bağırsaq əlamətlərinə keçir. Ailə üzvləri uşaqda zökəm, az-az quru öskürək, dəridə müəyyən səpgilər, bronxlarda xırıltı və xışıltı müşahidə edə bilərlər. Bunlar özü də məhz bağırsaq infeksiyasının başlanması üçün siqnal xarakterli ola bilər. Yəni bütün bunlar başlanğıc üçün ilkin əlamətlər sayılır. Bu həmin virusun spesifik göstəricisidir. Bütün bu əlamətlər başqa bağırsaq infeksiyalarında olmaya da bilər”.

 

Mütəxəssis deyib ki, konkret olaraq rotavirusun yay və yaxud digər mövsümlə bağlı olan infeksiya olduğunu demək olmaz:

 

“Əslində epidemioloji xüsusiyyətləri ilə bu virusun payız-qış və yaxud qış-yazda daha çox yayıldığı qeyd olunur. Xalq arasında belə bir fikir var ki, virus qışda daha çox yayılır.  Əslində isə elə deyil. Bəzi viruslar, məsələn, bağırsaq virusları konkret yay mövsümündə daha çox yayılır. Amma mövsümün iqlim xüsusiyyətləri dəyişə, uzana da bilər. Məsələn, temperatur, mövsüm uzun zaman davam edə bilər. Digər tərəfdən, epidemioloji xüsusiyyəti nəzərə almaq lazımdır. Məsələn, bu virusun daha çox su ilə yayılması halını qeyd etmək olar. Çirkab sularında olan rotavirusların miqdarı, yaxud konsentrasiyasının göstəricisi, özü elə epidemioloji göstrəricidir”.

 

Pediatr, Mərkəzi Klinik Xəstəxananın həkimi Sevinc Abdullayeva son zamanlar qusma, ishal, bağırsaq infeksiyaları ilə bağlı müraciətlərə çox rast gəlindiyini deyib. Onun sözlərinə görə, əksər hallarda bunun rotavirus infeksiyaları ilə bağlı olduğu təsdiqlənir.

 

Həkim qeyd edib ki,  laborator analizlərə qədər, şikayətlər əsasında bağırsaq roravirus infeksiyasının əlamətlərini ayırd etmək mümkündür: “Uşaqlarda qeydə alınan əlamətlər bizim üçün önəmlidir. Bu virusla bağlı yaş qrupu da mühüm əhəmiyyət kəsb edir”.

 

Mütəxəssis vurğulayıb ki, bütün yaşlarda rotavirsla yoluxma qeydə alınsa da, bu virus daha çox beş yaşına qədər uşaqlar arasında geniş yayılır. Amma iki yaşa qədər olan müddətdə bu virusa yoluxma daha təhlükəli hesab olunur. Onun sözlərinə görə, daha azyaşlı dövrdə xəstəlik təhlükəli gedişatla, daha çox su itkisi ilə müşahidə olunur. Xəstəlik zamanı təhlükəlilik də daha çox bununla xarakterizə edilir:  

 

“Hesab olunur ki, 5 yaşına qədər uşaqların əksəriyyəti bu xəstəliyi keçirir. Əgər statistikaya baxsaq, yer kürəsində 5 yaşına qədər 125 milyon uşaq bu virusa yoluxur. Hətta bu virusla bağlı ölüm faizi də çox böyükdür. Burada ölümün səbəbi su itkisidir. Ürək çatışmazlığı, böyrək çatışmazlığı, beyin ölümü və s. hallar su itkisi nəticəsində yaranır”.

 

Mütəxəssis deyib ki, rotivirus infeksiyasına yoluxma baş veribsə, əlamətlər müşahidə olunursa, xəstəni evdə saxlamaq olmaz, mütləq həkimə müraciət olunmalıdır: “Həkim bədəndəki su itkisinin dərəcəsinə görə xəstənin xəstəxanaya yatırılması, yaxud evə göndərilməsinə qərar verir. Hər bir valideyn bilməlidir ki, uşaqda yüksək qızdırma, ishal və qusma varsa, yaxında olan tibb müəssisəyə müraciət etmək lazımdır”.

 

 

Onun sözlərinə görə, ümumiyyətlə, gündə bir neçə dəfə qusma həkimə müraciət üçün şərtdir: “Ciddi bir qusma, yüksək temperatur görürlərsə, bu uşağı mütləq yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq vacib hesab olunur”.    

 

 

S. Abdullayeva rotavirusun çox yoluxucu olduğunu vurğulayıb: “Klinik əlamətlər başlamadan 48 saat öncə virus ətrafa yayılmağa başlayır. Bu virus uşağın istifadə etdiyi əşyalarla, oyuncaqlarla, yediyi qidalarla keçir, hava-təmas yolu ilə də digər şəxslərə yayılır. Hətta xəstəxanada uşağa qulluq edən personal da digərlərini yoluxdura bilər. Ona görə istər evdə, istər xəstəxanada virusun digər şəxslərə yoluxmaması üçün sanitar qaydalara diqqət etmək lazımdır. Qapıların dəstəyinə qədər istifadə olunan bütün əşyalar ciddi şəkildə dezinfeksiya olunmalıdır. Bir evdə uşaqda ishal baş verəndə, onu paltarını, yataq dəstlərini hamamda çıxarmaq, dezinfeksiya etmək lazımdır.

Klinik əlamətlər iki gün sonra başlasa belə, xəstənin buna qədər olan müddətdə, iki gün ərzində olduğu evdə, yaxud uşaq kollektivində dezinfeksiya işləri aparmaq lazımdır. Rotavirus infeksiyası varsa, bu, epidemioloji xarakter ala bilər”.

 

Pediatrın sözlərinə görə, bir dəfə rotavirusa yoluxmaq orqanizmdə qoruyuculuq yaratmır. Yəni dəflərlə bu virusa yoluxmaq mümkündür.
Amma onun sözlərinə görə, bir dəfə vurusa yoluxan şəxsdə növbəti yoluxma zamanı daha yüngül kliniki əlamətlər müşahidə olunur.

 

Bununla bağlı tətbiq olunan peyvəndlər barədə danışan mütəxəssis hətta onların da qoruyuculuğunun 100 faiz olmadığını qeyd edib. Peyvənd sadəcə, infeksiyanın daha şiddətli gedişatının qarşısını almaq üçündür.

 

Lalə Rüstəmova rotavirusa qarşı tədbirlər sırasında birinci növbədə içməli su təchizatı şəbəkəsinə, çirkab sularına epidemioloji nəzarətin aparılmasının vacib olduğunu vurğulayıb: “Su təchizatı  boruları köhnədirsə, istismar müddəti başa çatıbsa, aidiyyatı qurumlar buna nəzarət etməlidir. Çünki bu, infeksiyaların epidemik alovlanması şəklində meydana çıxmasına səbəb ola bilər”.

 

Virusoloq deyib ki, rotavirus infeksiyasından əsasən üç meyara görə şübhələnmək olar: “Gündə iki və ya daha artıq qusma halının olması, ishalın üç və ya daha artıq baş verməsi və yüksək temperatur bu infeksiyadan şübhələnməyə əsas verir”.

 

L. Rüstəmova qeyd edib ki, rotavirus infeksiyası hətta süd məhsulları ilə də yayıla bilər. Çiy, yaxud kifayət qədər qaynanmamış süd məhsulları ilə yoluxma mümkündür.

 

Mütəxəssis rotavirus infeksiyasında konkret müalicə üsulunun olmadığını, sadəcə, burada  həkimin düzgün taktikasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Burada ancaq simptomatik müalicə əsas götürülür”.

 

 

S. Abdullayeva valideynlərə müraciət edərək onları virusa yoluxan uşaqları evdə müalicə etməməyə çağırıb: “Ən yanlış addım yoluxan uşaqlara antibiotik preparatları verilməsidir. Burada antibiotikin heç bir rolu yoxdur. Virus infeksiyası zamanı antibiotik verilməməlidir. Belə halda ən mühüm hal bədəndə qusma, ishal nəticəsində itirilən suyun bərpasıdır. İtirilən su nə qədər çoxdursa, deməli, uşağın vəziyyəti bir o qədər ciddidir. Burada yanlış olan hallardan biri valideynlərin həmin anda uşağı  qidalandırmağa çalışmalarıdır. Burada qidalandırmaq deyil, su vermək önəmlidir. Təbii ki, sonra fasilələrlə uşağı qidalandırmaq, kaliumla zəngin qidalar vermək lazım gəlir. Amma öncə bədənin su ehtiyatını bərpa etsək böyrəklər zədələnməz, ağırlaşmalar olmaz”.

 

Rotavirusa yoluxan bütün uşaqlar xəstəxana şəraitində müalicə olunmalıdırmı?  

 

Pediatr deyib ki, bu halda uşaqda yaranan qusma hallarının çoxluğuna görə qərar verilməlidir: “Qusmanın nə qədər şiddətli olduğu önəmli məslədir. Qusma, ishal və qızdırma hər üçü bərabər davam etdiyi zaman məcburən hospitalizasiya mümkündür”.

 

Pediatr deyib ki, qusma, ishal halları varsa, həkimə qədər ilkin yardım olaraq apteklərdə satılan duzlu sulardan alıb istifadə etmək, fasilələrlə çox da böyük olmayan ölçüdə, qaşıq-qaşıq uşağa içirtmək lazımdır: “Həmin suyu az-az, tez-tez içirtmək, nə səbəbdən olursa-olsun ilk 3 saatda uşağa yemək verməmək lazımdır. Bir gündə iki-üç dəfə qusma, iki dəfə ishal çox ciddi bir su itkisinə səbəb ola bilər. Burada yaş faktoru da önəmlidir”.

 

Həkim rotavirusa yoluxma zamanı atılan yanlış addımlar barədə də danışıb: “Məsələn, uşaq gündə dəfələrlə ishal olur, üstəlik onu imalə də edirlər.  Bu, narahatedici bir faktordur, bəzən bağırsağı belə zədələyə bilirlər”.

 

Onun sözlərinə görə, yanlış olan addımlardan biri də tez bir zamanda ishalı dayandırmağa çalışmaq, bunun üçün uşağa preparatlar qəbul etdirməkdir: “Əslində ishal dayandırılmamalıdır. Virus bədəndən nəcis vasitəsilə xaric olur. Amma analar ishal tez dayansın deyə təşvişə düşürlər”.

 

Pediatr onu deyib ki, ishal halında “Tetrasiklin” tipli dərmanların, ümumiyyətlə, antibiotiklərin istifadəsi yolverilməzdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR