POLKOVNİK: "Qarabağda müharibə hər an başlaya bilər"

Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib. Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək.

“Azərbaycan ordusunun bu gün əldə etdiyi silahlar ölkəmizin təhlükəsizliyini təmin etmək üçün alınıb”.

Bu sözləri Metbuat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, nə qədər ki torpaqlar işğal altındadır, Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ən yeni nəsil silahlar əldə edəcək:

“Azərbaycanın Rusiya ilə müqaviləsi var. Həmin müqaviləyə əsasən, Rusiya ilin sonunadək Azərbaycana yeni texnikanın gətirilməsini təmin etməlidir. Orada ağır və yüngül texnika var. Bir partiya Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycana çatdırılıb. Texnikanın böyük hissəsi döyüş bölgəsi üçün nəzərdə tutulub. Biz müdafiə və döyüş qabiliyyətimizi artırmaq üçün həmin texnikaları əldə edirik.

Müharibənin hər an başlanma ehtimalı var

Azərbaycan yeni silahlar almaq marağındadır. Dünən ölkə başçısı Şirvanda yeni zavodların açılışında qeyd elədi ki, bundan sonra da Silahlı Qüvvələrə nə lazımdırsa, hamısı alınacaq. Müharibənin hər an başlanma ehtimalı var. Nə qədər ki, torpaqlar işğal altındadır, Azərbaycan məcburiyyət qarşısında qalıb öz torpaqlarını işğaldan azad etmək üçün lazım olanı edəcək. Bunu düşmən də, hamı da bilir. Bu gün başa çatan hərbi təlimlər də göstərdi ki, bizim erməniləri cəzalandırmaq üçün kifayət qədər həm insani resurslarımız, həm də silah-sursatımız var. Amma biz bunu heç vaxt qarşımıza məqsəd qoymamışıq. Hələlik, danışıqlar prosesində Ermənistanı normal şəkildə başa salacaq qüvvənin tapılacağını gözləyirik. Ondan sonra ermənilər bəlkə düzgün qərar qəbul etdilər. Düzgün qərar qəbul etməyəcəklərsə, Azərbaycan tərəfi bu qədər gözləmək fikrində deyil. Bütün resurslardan istifadə edib öz ərazilərimizi təmin etmək üçün addımlar atacağıq”.

Qeyd edək ki, bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq.

Rusiyadan alınan silahlar cəbhəyə göndəriləcək - FOTO / VİDEO

Xəyalə Məmmədova /METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR