Bu axşam fitrə çıxarmağı unutmayın

Bu axşam fitrə çıxarmağı unutmayın
22:22 25 İyun 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah müsəlman dünyası Ramazan bayramını qeyd edəcək. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı məlumatda bildirilir ki, bayram namazı iyunun 26-da səhər saat 08:00-da QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayevin iştirakı ilə Əjdərbəy məscidində, 09:00-da isə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Təzə Pir məscidində qılınacaq.

Bu gün Ramazan ayının sonuncu gündür. Sabah isə şəvval ayının 1-ci günü Fitr bayramıdır. Fitr bayramında oruc tutmaq haramdır. Bayram axşamı ailə başçısı ailə üzvləri adından imkansız müsəlmanlara yardım məqsədilə fitrə zəkatı çıxarır.  

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı məlumata görə, Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür.

Bəs, fitrə zəkatı kimlərə vacibdir və kimlərə verilməlidir? Kredit borcu olanlar fitrə zəkatı çıxmalıdırmı?

Milli.Az modern.az-a istinadən bildirir ki, bu qəbildən olan sualları  QMİ-nin rəsmi nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli cavablandırır.

Fitrə zəkatı kimlərə verilməlidir?

Hacı Şahin bildirir ki, fitrə Ramazan ayını ən vacib əməlidir:

"Bayram namazı da bəyəniləndir, amma vacib əməl deyil. Fitrə zəkatı isə bayram gününün vacib əməlidir. Əgər bir insan bayram günü fitrə verməzsə, günah etmiş sayılır və orucu da qəbul olunmur. Fitrə zəkatı bayram axşamı, yəni iyunun 25-dən 26-na keçən gecə ayrılır. Zəkat gecə də verilə bilər. Ümumilikdə səhər bayram namazına qədər ehtiyaclı insanlara verilməlidir. Fitrə zəkatı ilk növbədə yaxın çevrədə olan ehtiyaclı insanlara verilməlidir. Fitrəni elə vermək lazımdır ki, həmin ailə bundan utanmasın, boyunlarına minnət qoyulmasın. Bunu həmin ailəyə edilmiş yaxşılıq yox, öz borcunu yerinə yetirirmiş kimi verməlisən".

3 kiloqram un,düyü, xurma...

QMİ rəsmisi qeyd edir ki, fitrə zəkatı 3 kiloqram arpa, buğda, kişmiş, un, düyü və s. ərzaq miqdarında ayrılmalıdır:

"Həmin ərzaqları pulla da əvəzləmək olar. İnsanlar fitrəni sadalanan ərzaqların bazar qiymətinə uyğun tənzimləyə bilərlər. Yəni bu ərzaqlardan birindən 3  kiloqram hər ailə üzvünə görə fitrə zəkatı verməlidirlər. Zəkat ailə başçısı adından hər bir üzvə görə ayrılır və ehtiyaclı insanlara verilir. O insanlar ki, aylıq, gündəlik xərcini təmin edə bilmir, onlar fitrə zəkatı ayırmamalıdır. Qafqaz Müsəlmanları İdarəsi də təxmini məbləğ müəyyən edib: 5-10 manat. Sadəcə bizə suallar verilir, biz də Qafqaz Müsəlmanları İdarəsi olaraq bir məbləğ təyin edirik".

Kredit borcunuz varsa...

İlahiyyatçı kredit borcu olan insnaların fitrə zəkatı ilə bağlı suallarına da aydınlıq gətirir. O deyir ki, maddi vəziyyətini çətinə salacaq qədər borcu olanlar, gündəlik ailə tələbatlarını ödəyə bilməyənlər fitrədən azaddır:

"Dinimizə görə, borcu olanların əsas vəzifəsi onu qaytarmaq, borclu olduğunun haqqını ödəməkdir. Amma insa  borcunu qaytarmaqla yanaşı, dolanışığını da təmin edə bilirsə, fitrə zəkatı verməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR