İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO
23:32 25 İyun 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 15-dən Abşeron yarımadasında çimərlik mövsümü başlayıb. Amma çimərliklərin "özəlləşdirilərək" hasarlanması, bəzi ərazilərdə suyun çirkli olması, sahilboyu antisanitariya istirahət üçün çimərliyə gələnlərin seçim imkanını daraldıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dəniz suyundan götürülmüş nümunələrə əsasən, "Sahil" və "Şıx" çimərlikləri istisna olmaqla digər əraziləri istifadəyə yararlı hesab edib. Bakı Şəhər İcra Hakimiyyəti isə çimərlik ərazilərinə girişin ödənişsiz olduğunu bildirib.

Bəs real vəziyyət necədir? Hasarlanmış çimərlik ərazilərinə pulsuz giriş mümkündürmü? Çimərlik əraziləri vaxtlı-vaxtında təmizlənirmi?

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Hövsan, Türkan və Mərdəkanda sahilboyu onlarla çayxana və kafelər tikilib. Çimərliklər dəmir və beton arakəsmələrlə hasarlanıb, əraziyə daxil olmaq üçün ödəniş etmək lazım gəlir.

Hövsan çimərliyi-antisnitariya mənbəyi

Hövsan və Türkan ərazisində ödənişsiz çimərlik tapmaq müşkül məsələyə çevrilib. Əksər çimərliklərə giriş 5 manatdan - 20 manatadəkdir. Amma hətta hasarlanaraq ödənişli elan edilən çimərliklərdə belə antisanitariya hökm sürür. Xüsusilə Hövsanda kanalizasiya çirkabı birbaşa dənizə axıdılır, tullantılar vaxtı-vaxtında daşınmır.

"Son iki ilədək bu ərazilər çimərlik hesab olunurdu. İndi evlərlə dəniz arasında 10-15 mert məsafə var. Kanalizasiyanın çirkabı dənizə axıdılır", -Hövsan sakini Abbas Vəliyev deyir.

Sahilboyu tikilmiş evlərin əksəriyyətinin üzərinə "satılır" elanları yapışdırılıb. Abbas Vəliyev əlavə edir ki, dəllallar əvvəlcə ərazini hasarlayaraq balaca gecəqondu tikir, sonra da dəniz sahillərində hazır ev adı ilə satışa çıxarırlar: "Gördüyünüz evlərin əksəriyyəti dəllallar tərəfindən inşa edilib. Bu evlər tikiləndən sonra üfunət iyindən çimərliyə yaxın durmaq olmur".

Sahilboyu yayılan tullantılar azmış kimi dənizdə butulkadan tutmuş ayaqqabı tayınadək hər şeyə rast gəlmək mümkündür.

Hövsan sakini Şakir İsmayılov isə artıq 2-3 ildir ki, Hövsanda suyun çirkli olduğunu söyləyir: "Çimərliyə girişin pullu olub-olmamasının fərqi yoxdur, burda kanalizasiya dənizə axır, 2 metr kənarda isə pullu çimərlik var. Sadəcə olaraq orada oturacaq, çətir, bir də çay, yemək verilir".

Türkan çimərliyində istirahət-20 manat

Türkanda pulsuz çimərlik azdır, yol kənarında maşın saxlamaq üçün yer olmadığından istirahətə gələnlər ödənişli dayanacaqlardan istifadə etməyə məcbur olurlar. Ödənişli çimərliklərdə isə giriş üçün pul ödənilməsi rahat istirahət üçün yetərli deyil, oturacaq, çətir, ən azı çay dəstgahı sifarişi verilməlidir.

Amma bir məqamı da qeyd edək ki, bütün çimərliklərdə soyunub-geyinmə otaqları, duş kabinələri tikilib. Pulsuz çimərliklərdə kərpicdən tikilmiş yarımtikililərdə soyunub-geyinmək üçün 20 qəpik ödənilməlidir. Pullu çimərliklərdə isə soyunub-geyinmə otaqları 5 manat, duş kabinəsindən istifadə etmək üçün 3 manat ödənilməlidir. Çətir və ya oturacaqlar üçün 5 manat tələb olunur.

Daha bir məqam. Nə Türkan, nə də Hövsandakı pulsuz çimərliklərdə tullantılar üçün zibil qabları qoyulmayıb.

Mərdəkanda istirahət istəyirsənsə...

Mərdəkan qəsəbəsinə doğru çimərlik ərazisi də hasarlanıb. Bəzi ərazilərdə sahilboyu zibil tullantıları, daş-kəsək var.

Mərdəkanda pulsuz çimərlikdə istirahət etmək istəyirsinizsə, maşınsız gedin. Çünki maşın saxlamaq üçün ən azından 2 manat ödəməli olacaqsınız. Soyunub-geyinmə otağından istifadə 2 manat, duş kabinəsi 2 manat, həsirdən düzəldilmiş və içərisinə balaca masa qoyulmuş kabinə üçün 5 manat ödənilməlidir. 11 manatlıq istirahətdən sonra yediyiniz meyvə-tərəvəzin, qarpızın qabıqlarını elə həsirdən düzəlmiş kabinədə tullayıb çıxmalı olacaqsınız. Zibil qutusunun olmaması və ya günorta saat 1 olmamış dolması sizi çıxılmaz vəziyyətdə qoyacaq.

Hövsan və Türkandan fərqli olaraq Mərdəkanda "elit" çimərliklər də var. Bu çimərliklərə giriş 15 manatdan başlayır, ərazidə uşaqlar üçün yellənçəklər quraşdırılıb, rəngli oturacaqlar, duş kabinəsində isti su var. "Elit" çimərliklərində 2 uşaqlı ailənin istirahəti 100 manatdan artığa başa gəlir. Təbii ki, yemək, çay dəstgahı sifariş etməyəcəksinizsə...

Bir sözlə, çimərlik mövsümü beləcə bitəcək: nə təmizliyə ciddi nəzarət ediləcək, nə də çimərlik ərazisini hasarlayaraq ata malı kimi pul qazananlardan hesab sorulacaq...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR