"Şəbnəm" Qızlar İslam Kollecindən

"Şəbnəm" Qızlar İslam Kollecindən
15:07 26 İyun 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ İnsanların hansı yolu tutmasında onların tərbiyə aldığı ailə, cəmiyyət, mühit böyük rol oynayır. Bu baxımdan qaranlıqdan işığa doğru yürümək, bu yolda kimlərəsə yardımçı olmaq Allah qarşısında ən vacib əməllərdəndir. Məhz "Şəbnəm" Qızlar İslam Kolleci də insanları Allahın doğru buyurduğu yollara yönləndirən bir funksiya daşıyır. Bu ilin mart ayına kimi "Şəbnəm" Qızlar Mədrəsəsi kimi fəlaiyyət göstərən məktəb Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə kollec statusu alaraq fəaliyyət imkanlarını daha da genişləndirdi. Ümumiyyətlə, dini məktəb anlayışı cəmiyyətdə heç vaxt birmənalı qarşılanmayıb. Amma Azərbaycan klassiklərinin əksəriyyətinin ilk təhsillərini mədrəsələrdə aldıqları faktdır. Beləliklə, "Report"un əməkdaşları Bakıda fəaliyyət göstərən "Şəbnəm" Qızlar İslam Kollecində olub, dini təhsil ocağının fəaliyyəti ilə yaxından maraqlanıb.





Xüsusi mühafizə olunan məktəb...
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı məktəblə tanışlığımızda köməkliyini əsirgəmədi. Məktəbin yerləşdiyi Səbail rayonu Badamdar qəsəbəsinə yollandıq və iri tut ağacları ilə əhatə olunmuş çöl darvazasından içəri daxil olduq. Burada əks cinsin nümayəndəsinə yalnız məktəbin bayır hissəsindəki mühafizə köşkündə rast gəlmək mümkündür. Əsas bağçaya daxil olanda insan buranın özünəməxsus ab-havası ilə qarşı-qarşıya qalır. Ətri ətrafı bürüyən iydə ağacının yanından keçib qızılgüllərlə bəzənmiş həyətə daxil oluruq. İnsanın gördüyü gözəlliyin onun xarakterinə birbaşa təsir etdiyi danılmaz faktdır. Məktəbin həyətində ətraf mühitin səs-küyündən, toz-torpağından kənar gözəl, hüzurlu bir məkan yaradılıb. Qapıda bizi məktəbin gülərüz müdiri Gülnarə Haşımova qarşılayır. 
Məktəbin müasir tələblərə cavab verən beşmərtəbəli binası var. Binanın foyesində Azərbaycan bayrağı və onun qarşısında Prezident İlham Əliyevin məktəbə hədiyyə etdiyi "Quran" kitabı qoyulub. Foyenin tavanı çiçəklərlə bəzədilib. Divarlar da özünəməxsus şəkildə, ən əsası da əl əməyinin məhsulları ilə gözəlləşdirilib. Bir tərəfdə isə müxtəlif səpkili kitabların yer aldığı rəflər sıralanıb.
QMİ sədrinin müavini Qəmər xanım Cavadlıdan məktəbin fəaliyyəti haqqında aldığımız qısa məlumatdan aydın olur ki, "Şəbnəm" Qızlar İslam Kolleci Azərbaycanda qızlara ayrıca dini təhsil verən yeganə təhsil müəssisəsidir. Bu təhsil ocağı 2005-ci ildən fəaliyyət göstərir. Kollecin özəlliklərindən biri də burada görmə qabiliyyəti zəif olan qızlara təhsil verilməsidir. Qəmər xanımın sözlərinə görə, bura kollec statusunun verilməsi nəticəsində məktəbin fəaliyyət dairəsi də genişlənib, bir sıra problemlərin həllinə çözüm olub. Buna görə də dövlətimizə minnətdarıq. 


Məktəbə qəbul prosesi mürəkkəb deyil
Kollecin müdiri Gülnarə Haşımova bildirdi ki, orta məktəbin 9-cu sinfini bitirib şahadətnamə alan və 11-ci sinfi bitirib attestat alan hər bir məzun məktəbə gəlib təhsil ala bilər. Qəbul məktəbin özündə təşkil edilən imtahan vasitəsilə həyata keçirilir.
Burada gənc qızlara "Qurani-Kərim", ərəb dili dərsləri, Azərbaycan dili, tarix, coğrafiya fənləri tədris olunur. İslam dininin əsasları, əqidə, hədis, təfsir kimi dərslər keçirilir. Tələbələr sadəcə bilik almaqla kifayətlənmir, onlara həm də evdarlıq öyrədilir, müxtəlif əl işləri bacarığı aşılanır. Hətta məktəbin sertifikatlı kompüter kursları da var və kursu bitirib sertifikat alan qızlar bu sahədə iş tapmaq imkanına da sahib olurlar. Geniş, işıqlı bir otaqda isə müasir tipli tikiş maşınları qoyulub, burada qızlar tikiş tikməyi öyrənirlər. Muncuqlardan müxtəlif əşyalar hazırlamaq, toxuculuq, yemək, şirniyyat bişirmək kimi bacarıq tələb edən fəaliyyətlər də öyrədilir.
Məktəbin müxtəlif mərtəbələrini gəzdikcə qızların əl işlərinin nümunələri ilə qarşılaşırıq. Hər halda evdə oturub heç bir işlə məşğul olmayan gənclərlə müqayisədə burada təhsil alanların heç bir ödəniş ödəmədən müxtəlif bacarıqlara yiyələnməsini müqayisə edirəm. Gələcəkdə heç bir yerdə fəaliyyət göstərməsə belə, burada yetişən qızlar bir azərbaycanlı xanım üçün vacib olan bütün keyfiyyət və bacarıqlara yiyələnə bilirlər. Yəni “Şəbnəm”i bitirən tələbələrin həm kompüter və tikiş kursu, həm də kollec diplomları olur. Müəllimlərin sözlərinə görə, məktəb öz məzunlarını üç ailədə təmsil olunacaq xanım, ailənin dayağı kimi yönləndirməyə çalışır. Bunlardan biri onların doğulduğu ailə, daha sonra özünün qurduğu ailə və nəhayət, üçüncüsü, həyat yoldaşının ailəsidir.


Bütün rəsmi günlər və bayramlar qeyd olunur
Gülnarə xanım məktəbin keçirdiyi tədbirlərin fotolarının yer aldığı rəsmlərə baxa-baxa məlumat verir: "Məktəbimizdə bütün rəsmi tədbirlər, bayramlar çox gözəl şəkildə qeyd olunur. 20 Yanvar, Xocalı faciəsi, Novruz bayramı və digər günləri qeyd edirik. Məqsədimiz gənc qızlarımızı milli-mənəvi dəyərlərə sadiq, müəyyən bacarıqlara sahib şəkildə yetişdirməkdir. İstəyirik ki, Azərbaycan xanımları həm dini yöndə ən gözəl şəkildə maariflənsin, digər elm sahələrində biliklərə yiyələnsin, həm də bir xanım üçün vacib olan bacarıq və keyfiyyətlərə sahib olsunlar. Məktəbdə təhsil müddəti iki ildir. Amma hafizlik təhsili alan qızlar üç il də qala bilərlər. Hazırda məktəbdə 210 tələbə təhsil alır. Bu il 73 nəfər məzun oldu. Bunlardan bir sinfi hafizlər, digər ikisi isə ümumi dərslər üzrə bitirənlər olub".
Hafizlik diplomunun verilməsi üçün "Qurani-Kərimi" əzbər bilinməsi şərtdir. Üçillik müddət ərzində kursu keçə bilməyənlərə hafizlik deyil, adi diplom verilir.


Kollec statusu məktəbə yeni imkanlar açıb
Məktəbə kollec statusunun verilməsi müəssisəsinin imkanlarını genişləndirib. Bunlardan ən sevindiricisi isə bu zamana qədər tanınmayan tədris müəssissəsinin diplomlarının kollec statusu aldıqdan sonra rəsmən tanınmasına başlanmasıdır. Məktəb dövlət tədris müəssisəsi səviyyəsinə yüksəlib. Bu amil məzunların işlə təmin olunması imkanlarını da genişləndirəcək.
Məktəbə tələbələr Azərbaycanın bütün rayonlarından, eləcə də Bakıdan gəlirlər. Məzunların bir qismi məktəbi bitirib ailə qurur, gözəl ailə sahibi olurlar. Müəllim kimi Quran kurslarında işə düzəlib çalışanlar, Bakı İslam Universitetində, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsilini davam etdirənlər də olub. Təkcə dini deyil, başqa sahələr üzrə təhsil alanlar da az deyil.


Ödənişsiz təhsil, bütün şəraitlə təmin olunmuş yataqxana
Kollecdə təhsil ödənişsizdir. Bura Qafqaz Müsəlmanları İdarəsinin, bir qisim xeyriyyəçi insanların maliyyə yardımı ilə fəaliyyət göstərir.
Məktəbdə ondan artıq müəllim fəaliyyət göstərir. Onların işə qəbulu müqavilə əsasında aparılır. Bəzi vaxtlarda yaxşı oxuyan tələbələr sonradan müəllim kimi saxlanılıb. Q.Cavadlı deyir ki, QMİ bütün fəaliyyəti dönəmində dövlətçiliyə xidməti şərəf hesab edib: "Bizim müəssisələrimizdə dövlətçiliyə zidd bir məqamın olması mümkün deyil. Məsələn, məktəbdə məzhəb ixtilafı təbliğatının aparılması qəti qadağandır. Müəssisəyə radikal dini cərəyanların hər hansı təsirinin, qadağan olunmuş ədəbiyyatın daxil olmasının qarşısı diqqətlə alınır. Dərslik kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçən, nəşrinə icazə verilən ədəbiyyatlardan istifadə olunur”. 


Gözlərinin işığını itirən müəllim məktəbdə nur yayır
Məktəbin müdiri deyir ki, əvvəllər burada təhsil alan gözdən əlil qızların sayı çox olsa da, son dövrlərdə bir qədər azalıb. QMİ tərəfindən bir neçə dəfə Gözdən Əlillər Cəmiyyətinə müraciət olunub ki, görmə ilə bağlı problemi olan və təhsil almaq istəyən qızlar varsa, məktəbə yönləndirsinlər. Məktəbdə onların qalıb-oxuması üçün hər cür şərait yaradılıb.
Burada yaradılan şəraitdən yüksək şəkildə yararlanan və həyatına yeni bir yön verənlərdən biri də 2008-ci ildə təhsil ocağına tələbə kimi gələn, amma hazırda görmə qüsurlu tələbələrə işıq olan Lalə Bəyişovadır: "Tələbə kimi kollecdə üç il təhsil aldım. 2011-ci ildən isə "Şəbnəm" Qızlar İslam Kollecində müəllim kimi fəaliyyət göstərirəm".
Beyləqan rayonundan olan Lalənin əvvəllər gözləri yaxşı görüb. 2000-ci ildə orta məktəbi bitirir: "Məktəbi bitirdikdən sonra gözlərim getdikcə zəiflədi. 2004-cü ildə artıq kitab oxuya bilmirdim. Əvvəllər çox bədii kitablar oxuyurdum. Dini bilgilərim isə az idi. Gözlərim zəiflədikdən sonra kitabları oxuya bilməmək mənə çox pis təsir etdi. Beləcə daha 3-4 il keçti. Namaz qılmaq istəsəm də, öyrənə bilmirdim. Belə bir zamanda "Şəbnəm"i bitirən Aysel müəllim ilə tanış oldum. O mənə dedi ki, təhsil aldığı məktəbdə görmə qabiliyyətini itirənlərə Brayl əlifbası ilə Quran öyrədirlər".
Beləcə Lalə məktəbə gəlir və burada Quran oxumağı öyrənir. Cihaz qriflərini görəndə təəccüblənsə də, bir ayın içində hərfləri öyrənir. Hazırda öz adını bir-iki saniyəyə yazır. Deyir ki, əvvəl səbirsiz idim. Gözləri zəiflədiyi üçün taleyinə üsyan etsə də, məktəbdə verilən dərslər sayəsində düşdüyü vəziyyətin bir imtahan olduğunu qəbul edir və dərslərini yaxşı oxuduğundan  onu müəllim kimi məktəbdə saxlayırlar: "Peyğəmbərin hədisində də var ki, gözü görməyənlərə axirətdə Allah-təala öz camalını göstərəcək. Bunu bilmək mənə yetər".

İndi Lalə müəllimə dünyanı göz ilə görməkdən məhrum olan qızların daxili dünyasına işıq tutur. Onların Quranı öyrənməsinə yardımçı olur. Deyir ki, üç tələbəsi məktəbi bitirib və hazırda təhsilinə davam edənlər də var. Onun arzusu tələbələrinin sayının çox olmasıdır, o, görmə qabiliyyəti zəif olanlara Quranı öyrətməklə savab qazanmaq arzusunu gizlətmədi: "İnsanların bu məktəb haqqında məlumatları yoxdur. Əgər olsa gələrlər. Mənə Aysel müəllim deməsəydi, bilməyəcəkdim. Bu məktəb 2005-ci ildə yaradılıb. Amma mən üç il sonra xəbər tutmuşam".
Onu da qeyd edim ki, Brayl əlifbası olan Quran kitabları Türkiyədən göndərilir və xüsusi olaraq hazırlanır.
Lalə müəllimə uğur arzulayıb məktəbin yataqxanası, yeməkxanası, ibadət üçün ayrılmış məkanı, konfrans zalı, kitabxanası, kompüter otağı, tikiş otağı və s. yerləri ilə yaxından tanış oluruq. Burada tələbələr üçün doğrudan da çox gözəl şərait yaradılıb.
Beləliklə, gül-çiçəklə bəzədilmiş bağça, idmanla məşğul olmaq üçün məkan, tələbələrin asudə vaxtlarında oturub çay içə biləcəkləri səliqəli otaq və s. Bütün bunlar Azərbaycan gəncləri üçün təmənnasız şəkildə həyata keçirilir.
Məktəbin tələbələri yaradılan şəraitdən çox razıdırlar. Könüllərini elmə, Qurana bağladıqları üçün simalarında nur yaranan bu qızların arasında məktəbi bitirib buradan ayrılmaq istəmədiyini deyənlər də var. Burada təhsil almaq, Quran oxumağı öyrənmək üçün məktəbi yenicə bitirmək şərt deyil.

Məsələn, Cəmilə adlı tələbə bildirdi ki, bura təhsil almağa gəlməzdən əvvəl on il müəllim işləyib, ali təhsili var. Burada isə Quran oxumağı öyrənir: "İlk növbədə Quranı gözəl öyrənirik. Quranın dini kitab olmaqla yanaşı, başqa dünyəvi fənlərlə, dünyəvi elmlərlə əlaqəsi var. Bu kitabı öyrənmək hər bir müsəlmanın borcudur. Mən bunu dərk etdikdən sonra dini bilikləri dərindən öyrənə biləcəyim bir yer axtarırdım. Belə bir mədrəsənin olduğunu öyrəndim. Bura kortəbii deyil, əhəmiyyətini bilərək gəlmişəm. Bu məktəbdə Allahın rizası var, yaradılan şərait çox gözəldir. Allah buranı təsis edənlərdən, dövlətimizdən razı olsun. Bütün tələbələrə gözəl şərait yaradılır. Gündə üç dəfə çox yüksək səviyyədə yemək verilir. Hər yeməkdə bizə üç çeşiddə yemək təklif olunur. Buranın təmizlikçiləri, yemək bişirənləri də öz işini layiqincə yerinə yetirirlər".
Nəhayət, sağollaşıb ayrılırıq. Hazırda məktəbin girişində "Şəbnəm" qızlar mədrəsəsi yazılmış lövhə götürülüb və "Şəbnəm" Qızlar İslam Kolleci yazılmış yeni lövhənin vurulması işləri aparılır. Ümid və arzu edək ki, dəyişən yalnız status olmayacaq. Bu dəyişim cəmiyyətdə, ailələrdə mənəvi aşınma problemlərinin yaşandığı müasir günümüzdə hava-su qədər vacib olan yaxşı insan yetişdirmək amalını qarşısına məqsəd qoyan məktəbin tələbələrinin sayının artmasına da səbəb olacaq. 




















Xəbərin orijinal ünvanı: https://report.az/din/sebnem-qizlar-i-slam-kollecinden-reportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR