Əhli-beyti sevdiyi üçün şəhid edilənlər

Əhli-beyti sevdiyi üçün şəhid edilənlər
09:05 27 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Müaviyənin Kufə və Bəsrə şəhərlərinə vali təyin etdiyi Ziyad ibn Əbihi Əhli-beyt dostlarına qarşı xüsusi amansızlıqla davranırdı. Ziyad əsil-nəsəb baxımından müsəlmanlar arasında rüsvay və əskik sayılırdı. Anasının şübhəli keçmişi Ziyadın atasını təyin etməyə maneçilik törədirdi. Müaviyə nümayişkaranə şəkildə Ziyadı Əbu Süfyanın oğlu, yəni öz ata-bir qardaşı elan etməklə əslində onu bu rüsvayçılıqdan xilas etmək istəyirdi. Ümmül-möminin Aişə xanım isə Ziyadı "ibn əbihi", yəni "atasının oğlu" adlandırırdı.

Milli.Az islam.az-a istinadən bildirir ki, Ziyad Kufəyə vali təyin edilən kimi, hər şeydən əvvəl ona beyət etmək istəməyən 80 nəfərin əlini kəsdirdi. Bəsrə şəhərində komendant rejimi elan etdi. Məsciddə işa namazı qılınandan sonra camaata yalnız Quranın ən uzun surəsi olan "Bəqərə" surəsini oxumaq və öz evlərinə dağılışmaq üçün bəs edəcək qədər möhlət verilirdi. Bu müddət bitdikdən sonra hamı evində olmalı idi. Qadağan saatlarında əsgərlər küçədə qarşılarına çıxan hər kəsi öldürürdülər (Tarixü İbn Xəldun, III, 8). Ziyad Kufədə Əhli-beyt tərəfdarı kimi tanınan Müslim ibn Zeymuru və Abdullah ibn Nəcanı öz həyətlərində dar ağacına çəkdirdi. Hücrün silahdaşı Əbdürrəhman ibn Həssan Ənzi də Şamda Müaviyə tərəfindən dindirildikdən sonra Kufəyə qaytarıldı və Ziyadın əmri ilə diri-diri torpağa basdırıldı (Təbəri tarixi, V, 276-277).

Əhli-beyt dostlarının günü sonrakı Əməvi xəlifələrinin zamanında da xoş keçmədi. Müaviyənin oğlu Yezid atasının yolunu davam etdirib, mənsub olduğu nəslin mənfur simasını tarix qarşısında daha qabarıq nümayiş etdirdi. Müaviyə Həzrət Mühəmməd Peyğəmbərin (s) nəvəsi, cənnət gənclərinin ağası İmam Həsəni (ə) gizlicə zəhərlə şəhid etmişdisə, Yezidin əlaltıları İmam Hüseyni (ə) Kərbəla səhrasında açıq-aşkar şəkildə qətlə yetirdilər. İmam Hüseynin (ə) şəhadətindən əvvəl və sonra onlarla Əhli-beyt tərəfdarının həyatına vəhşicəsinə son qoyuldu. Onlar öz şəhadətləri ilə Əməvi rejiminin rüsvayçı simasını bir daha tarix qarşısında ifşa etdilər. Bu şəhidlərin siyahısının ilk sətirlərində aşağıdakı şəxslərin adları durur: İmam Hüseynin (ə) əmisi oğlu Müslim ibn Əqil, onunla eyni vaxtda Kufədə tutulub edam olunmuş Hani ibn Ürvə, İmamın məktubunu kufəlilərə aparmış Qeys ibn Müsəhhər Seydavi, Kərbəla hadisəsindən sonra bu faciəyə öz etirazını bildirmiş qocaman Kufə sakini Abdullah ibn Əfif Əzdi, İmam Hüseynin (ə) intiqamını almaq şüarı ilə qiyam qaldırmış "təvvabin" (tövbəkarlar) hərəkatının başçıları...

Əhli-beyt aşiqlərinə qarşı ən şiddətli təqib Əməvi xəlifələri Əbdülməlik ibn Mərvanın və Vəlid ibn Əbdülməlikin zamanında xilafət torpaqlarının böyük bir hissəsinin valisi təyin edilmiş Həccac ibn Yusif Səqəfinin adı ilə bağlıdır. Həccacı haqlı olaraq yalnız İslam tarixində deyil, bütün bəşəriyyət tarixində ən qəddar və ən zalım insanlardan biri kimi dəyərləndirirlər. Həccac 20 il müddətində Hicaz və İraq torpaqlarının valisi olmuşdu. Onun xüsusi canfəşanlıqla divan tutduğu əsas təbəqəni Əhli-beyt tərəfdarları təşkil edirdilər. Tarix kitablarında yazılıb ki, Həccac valilik etdiyi 20 il ərzində ölçüyəgəlməz sayda insanı qətlə yetirmişdi: "Həccacın qətlə yetirdiklərinin sayı 120 min yaxud 130 min nəfərə çatırdı" (Təbəri tarixi, VI, 381-382).

Həccac ölərkən, zindanında kişili-qadınlı 50 min məhbus var imiş. Bunların böyük əksəriyyətini Əhli-beytə rəğbət bəsləyənlər təşkil edirdilər. İmam Mühəmməd Baqir (ə) buyururdu ki, Həccacın gözündə bir nəfərə "Əli tərəfdarı" deyilməkdənsə, "zındıq" və ya "kafir" deyilməsi daha yaxşı idi (İbn Əbil-hədid. Şərh Nəhc əl-bəlağə, XI, 44). İbn Xəllikan "Vəfəyat əl-əyan" kitabında (2-ci cild, səh. 31) yazır ki, "Həccacın adam öldürməsi, qan tökməsi və insanlara cəza verməsi barədə, ondan başqa heç kimin haqqında deyilməyən əcaib məlumatlar var".

Həccacın qana hərisliyi elə bir həddə gəlib-çatmışdı ki, insanlara işgəncə verməkdən həzz alır, qətl və işgəncə törətməyi özü üçün vacib gündəlik iş sayırdı. Əhli-beytə məhəbbəti ilə tanınan Səid ibn Cübeyr, məşhur "Kümeyl duası"nı Həzrət Əlidən (ə) nəql edən Kümeyl ibn Ziyad, İmam Əlinin (ə) vəfalı nökəri, diri-diri başı kəsilən Qənbər məhz Həccacın hüzurunda vəhşicəsinə qətlə yetirilmişdilər...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR