"Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır"

Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı deyib:

"Biz bu gün yenidən Polşa-Azərbaycan əlaqələrinin inkişafına təkan veririk. Prezident Kaçinskinin dövründə mənim Polşaya, onun Azərbaycana çoxsaylı səfərləri olmuşdur. Bu səfərlər zamanı biz dostluğumuzu möhkəmləndirirdik, birgə layihələr haqqında danışırdıq, bəzi layihələrə start verirdik. İndi isə Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır. O, əslində Prezident Kaçinskinin dövrünün məntiqi davamıdır".

Azərbaycan Prezidenti bildirib ki, bu gün biz bir çox məsələlər ətrafında səmimi fikir mübadiləsi apardıq::

"Bir daha gördük ki, Polşa və Azərbaycan iki dost ölkədir. Biz dostluğu bundan sonra da gücləndirəcəyik və əlaqələrimizin inkişafı üçün birgə səylər göstərəcəyik. Biz bu gün beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz haqqında da danışmışıq. Fürsətdən istifadə edərək, bir daha Polşanı böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Dünya birliyinin mütləq əksəriyyəti - 200-ə yaxın ölkə Polşanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir. Bu, ölkənizə və apardığınız siyasətə verilən böyük dəstəkdir. Bu dəstəyi Siz öz fəaliyyətinizlə, siyasətinizlə qazanmısınız".

İlham Əliyev vurğulayıb ki, Polşa sürətlə inkişaf edir:

"Polşa beynəlxalq arenada çox möhkəm mövqelərə malikdir. Polşa beynəlxalq arenada özünü prinsipial və ləyaqətli aparır. Hesab edirəm ki, bu amillər də belə böyük dəstəyə səbəb olmuşdur. Mən şadam ki, təxminən 200 ölkənin arasında Azərbaycanın səsi də olubdur. Bu gün biz razılaşdıq ki, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizi dəstəkləyəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR