Milli Məclis üzvünün təklifi Avropa Şurasının həyatında əhəmiyyətli yeniliyi nəzərdə tutur

Milli Məclis üzvünün təklifi Avropa Şurasının həyatında əhəmiyyətli yeniliyi nəzərdə tutur
18:47 27 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Strasburq. 27 iyun. REPORT.AZ/ Hər dəfə olduğu kimi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında da Avropa Şurası Nazirlər Komitəsi sədrinin ötən sessiyadan bəri ötən dövr ərzindəki fəaliyyətləri ilə bağlı hesabat məruzəsi dinlənilib.
"Report" xəbər verir ki, Assambleyada təmsil olunan siyasi qruplar və ayrı-ayrı deputatlar Çexiyanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində ilk dəfə Parlament Assambleyasının kürsüsünə qalxmış Lubomir Zaoralekə çoxsaylı suallarını ünvanladılar. Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Çexiya Respublikasının Xarici İşlər naziri Lubomir Zaoralekə sualla müraciət edənlər arasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da vardı. Avropa Şurasının da, Strasburq şəhərinin də, bütövlükdə Avropanın da həyaında mühüm rol oynaya biləcək yeni mədəniyyət mərkəzinin yaradılması ilə əlaqədar AZərbaycan nümayəndə heyəti üzvünün qaldırdığı təklif böyük maraq doğurdu. Deputat Rafael Hüseynovun tövsiyyə etdiyi ideya Strasburqda Avropa Şurasının rəhbərliyi, üzv dövlətlərin birgə səyi ilə Avropa Xalqları Muzeyinin yaradılmasını nəzərdə tutur. Bununla əlaqədar Nazirlər Komitəsi sədrinə deputat Rafael Hüseynov belə bir sual verdi: “Avropanın rəmzi paytaxtlarından olan Strasburqda daimi fəaliyyət göstərən unikal Avropa Şurası Muzeyinin yaradılması dünya mədəniyyətinə və təşkilatımızın ali məqsədlərinə əhəmiyyətli töhfə ola bilər. Bu muzeyi Avropa Şurasının gələcək genişlənmənlərini də nəzərə alaraq 50-60 eyni ölçülü ekspozisiya zalı şəklində təsəvvür edirik. Həmin muzeyə daxil olan hər insan qısa zaman ərzində hər bir üzv ölkənin tarixi, mədəniyyəti, indisi ilə yaxından tanış olmaq imkanı əldə edər. Hər bir üzv ölkə isə bu minvalla Avropanın mərkəzində özünü təqdim edə bilmək üçün çox münasib fürsət qazanar. Nəticə etibarı ilə bu ölkələrimiz və xalqlarımızın yaxınlaşması, anlaşması, bir-birini daha yaxından tanımasını təmin edər. Layihələndirmə işlərindən başlamış binanın tikilməsi, ekspozisiyaların qurulmasına qədər hər ölkə yalnız özünə aid hissəyə cavabdehlik daşıyır. Bütün üzv ölkələrin bərabər şəkildə iştirakı isə heç kimə ağır yük düşmədən ideyanın reallaşmasını asanlaşdırar.Üzv dövlətlərin Strasburqda, Avropa Şurası yanında təmsil olunan daimi nümayəndəliklərinin hər biri öz ölkəsinə aid ekspozisiyanın təqdimi, nəzarətdə saxlanılması və mütəmadi olaraq yeniləndirilməsini həyata keçirə bilər.
Nazirlər Komitəsi belə bir müştərək muzeyin yaradılması ideayasının həyata keçirilməsi üçün öz səlahiyyətləri çərçivəsində hansı addımlar ata bilər?”.
Deputat Rafael Hüseynovun sualını cavablandıran fəaliyyətdə olan Nazirlər Komitəsi sədri, Çexiya Respublikasının Xarici İşlər naziri Lubomir Zaoralek bu ideyanı çox bəyəndiyini, təklifin Avropa xalqları və ölkələrinin mənəvi yaxınlaşması, qarşılıqlı anlaşmasının artması baxımından çox faydalı olacağını bildirdi. O əlavə etdi ki, muzeylər problemi Avropa Şurası Nazirlər Komitəsinin diqqətindədir. Lakin ilk dəfədr ki, belə miqyaslı bir ideya ortaya qoyulur, həqiqətən bütün Avropanı qovuşduran bir muzeyin Strasburqda təsis edilməsi tarixi hadisə olardı. Ancaq bu dəyərli ideya ətraflı müzakirələr tələb edir. Çünki əhatəsinin genişliyi ilə bu təklif ilk növbədə büdcə problemlərini diqqətlə nəzərdən keçirməyi zəruriləşdirir. Hələ belə bir məsələ Nazirlər Komitəsinin müzakirə hədəfində olmamışdır. Güman edirəm ki, bütün aspektləri diqqətlə araşdırıldıqdan sonra bu önəmli ideyanın gerşəkləşməsi səmtində addımlar atmaq mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/milli-meclis-uzvunun-teklifi-avropa-surasinin-heyatinda-ehemiyyetli-yeniliyi-nezerde-tutur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR