Allah haradadır və Allah hər yerdədir demək olarmı?

Allah haradadır və Allah hər yerdədir demək olarmı?
21:57 27 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Quran ayələrinə və Peyğəmbərimimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə əsasən Uca Allah göylərdən yuxarıda Ərşin üzərindədir. Allah hər şeydən Ucadır və Ondan yuxarıda heç bir şey yoxdur: "Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?" (əs-Səcdə, 4).
"Rahmən Ərşə ucaldı". (Ta Hə, 5)
"Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur". (Yunus, 3).
"Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir". (Fatir, 10).
"Əvvəl də, Axır da, Zahir də, Batin də Odur". (əl-Hədid, 3).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Sən Zahirsən və Səndən uca heç bir şey yoxdur...".
Milli.Az zikr.az-a istinadən bildirir ki, bu mənada ayə və hədislər çoxdur. Bununla belə Uca Allah bizə xəbər verir ki, harda olurlarsa-olsunlar, O hər zaman bəndələri ilə bərabərdir: "Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar - harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir". (əl-Mucədələ, 7).
Uca Allah Ərşin üzərinə istiva etməsi (ucalması) ilə qulları ilə birgə olmasını bir ayədə cəm edərək bildirir: "Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir". (əl-Hədid, 4).
Uca Allahın bizimlə birgə olması Onun Öz məxluqları ilə qarışdığı (və yaxud onların arasında olduğu) mənasına gəlmir; Əksinə, O qulları ilə Öz elmi ilə bərabərdir, yəni onların nə etdiklərindən xəbərdardır. O, Ərşin üstündədir və qullarının etdiklərindən Ona heç bir şey gizli qalmır: "Biz ona şah damarından da yaxınıq". (Qaf, 16) ayəsi barədə təfsir alimlərinin əksəriyyəti bildirmişdirlər ki, bu ayədə nəzərdə tutulan məna insanların əməllərini yazmaqla vəzifələndirilən mələkləri ilə Allahın yaxın olmasıdır. Digər alimlər isə ayədən qəsd olunan mənanın Uca Allahın Öz elmi ilə qullarına yaxın olduğu deyə təfsir etmişdirlər. Necə ki, Uca Allahın qulları ilə bərabər olduğunu Onun Elmi ilə olduğunu söyləmişdirlər. Müsəlmanlar Uca Allahın Öz məxluqlarından Uca və həmçinin Öz qulları ilə bərabər olduğunu təsdiq edirlər, Allahın zatı ilə Öz məxluqları arasında olmaqdan və ya hər yerdə olmaqdan uzaq tuturlar. Bir nəfər: "Ey Əbu Abdullah, Allah Ərşə necə yüksəldi?" İmam Məlik (rahiməhullahu) bu sualı eşidəndə bərk qəzəbləndi. Başını aşağı salaraq, əlindəki çubuğu yerə sürtərək fikrə daldı. Sonra başını qaldırıb əlindəkini ataraq buyurdu: "Necəliyi ağılla dərk olunmaz. Allahın yüksəlməsi Allah üçün məlumdur. Buna iman vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm" və bu adamın qovulmasını əmr etdi". (Əbu Nuaym "Hilyətul-Əvliya" 6/ 325,326; İbn Abdul-Bərr "ət-Təmhid" 7/151).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR