Milli mətbuatın banisinin doğum günüdür

Azərbaycan milli mətbuat və teatrının banisi Həsən bəy Zərdabinin doğum günüdür.

Metbuat.az xəbər verir ki, Həsən bəy Zərdabi 28 iyun 1837-ci ildə Zərdabda anadan olub. İlk təhsilini mollaxanada alıb, sonra Şamaxı şəhər məktəbində oxuyub, orta təhsilini isə Tiflisdə tamamlayıb.  1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olaraq, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirib.

Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə, fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilib. Lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana gətirib. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyib, 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə təbiət fənnindən dərs deməyə başlayıb.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramatuqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulub.

Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərərək,  N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak edib. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərib.

Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olub. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulub.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.

Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq, Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edib. 

Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib.  

 Aytən Novruzova / Metbuat.az 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR