Azərbaycanlı aktyor: "Mətanət çəkiliş meydançasında hönkürüb ağladı" - FOTO

Azərbaycanlı aktyor: "Mətanət çəkiliş meydançasında  hönkürüb ağladı" - FOTO
19:17 28 İyun 2017
Ölkə mətbuatı
A- A+

"İllər sonra onların yanına qayıdıram"

Aktyor Vidadi Quliyevin Milli.Az-a müsahibəsi.

- Vidadi bəy, son illər çəkilən seriallar azərbaycanlı aktyorları geniş tamaşaçı kütləsinə tanıdıb, sevdirir. Tanınan və sevilən aktyorlardan biri də siz oldunuz. İstərdim özünüz haqqında ətraflı məlumat verəsiniz.

- Aktyorluq sənətinə uşaqlıqdan həvəsim var idi. Fikirləşirdim ki, böyüyəndə ya həkim olaram, ya müstəntiq, ya da ki, aktyor. Ailəmizdə həkimlər çox idi. Elə buna görə də sənədlərimi verib, universitetə qəbul oldum. O vaxtı Yaşar Nuri ilə Firəngiz Mütəllimovanın "Səni axtarıram" televiziya tamaşası yeni ekranlara çıxmışdı. Məni aktyorluq sənətinə məhz elə Firəngiz Mütəllimova ilə Yaşar Nurinin tamaşası həvəsləndirdi. Onu da deyim ki, mən Firəngiz xanımla eyni məktəbdə oxumuşam.

- Firəngiz xanım sizə sənətdə dəstək olmadı?

- Bizim Firəngiz xanımla tanışlığımız Sovet dövrünə təsadüf edirdi. O Azdrama-da işləyirdi, mən həmişə onun tamaşalarına böyük həvəslə gedib baxırdım. Sonra nədənsə onların başı qarışdı, Şuşadan Bakıya köçdülər. Təsadüfən bir dəfə Türkiyədə görüşdük, sənətə həvəsli olduğumu ona bildirdim. O həmişə mənim xoşladığım aktrisalardan biri olub. Bu yaxınlarda "Məryəm" serialının final gecəsində Firəngiz xanımla görüşdüm. İllər sonra o məni gördüyünə çox sevindi. Xoşbəxtlikdən onun bacısı qızı Gülarə də bizim serialda çəkilirdi.

- Uzun illərdən sonra sənətə yenidən başlamaq sizə çətinliklər yaratmadı ki?

- Xeyr, çətinlik yalnız 1-2 gün mühitə uyğunlaşmaqdır. Mühitə uyğunlaşandan sonra hər şey çox asan olur. Əsas odur ki, yaxşı rol və ssenarist olsun ki, səni sözün yaxşı mənasında oynada bilsin. Aktyorun işi çəkilməkdir də. İlk dəfə "Qız atası", "Qardaşlar" seriallarında çəkildim. İnanın Allaha heç mənə veriləcək qonorarı da maraqlanmamışdım. Mən bilirəm ki, bu sənətdə maddiyyat çox aşağıdır.

- "Məryəm" serialındakı rolunuzdan danışmağınızı istərdim. Yəqin ki, sizə də nifrət edənlər olacaq.

- Mən seriala çəkiləndə dostlarım soruşurdular ki, heç olmasa, de görüm rolun mənfidir, yoxsa müsbət? Mənim üçün müsbət, yaxud mənfi rolun fərqi yoxdur. Əsas odur ki, rolu elə oynayasan ki, küçədə səni o rolun adı ilə çağırsınlar. Tamaşaçıların mənə nifrət etməkləri təbiidir. Çünki ailəmi atıb gedirəm, illər sonra onların yanına qayıdıram. Hamı həyatda səhv edir, əsas odur ki, səhvi dərk edib, onu təkrarlamayasan. Düzdür, övladlarım məni çətinliklə qəbul edir, amma sonu yaxşı olur.

- Deməli qınaqlara hazırsınız?

- İnsanlar bilirlər ki, bu serialdır, biz öz həyatımızı yox, kimlərinsə həyatını yaşayırıq. Bütün tənqidlərə və qınaqlara hazıram. Tamaşaçılar bizi tənqid etsə də, bizim onları tənqid yaxud təhqir etməyə ixtiyarımız yoxdur.

- Çəkildiyiniz seriallara baxırsınız?

- Mən düşünürəm ki, aktyorların heç biri öz oyunundan razı qalmır. Həmçinin də mən. Çəkildiyim seriallarda yenidən oynasaydım, hər şeyi bəlkə də başqa cür edərdim. "Məryəm" serialında bir səhnə var ki, oğlum məni qəbul etmir. Əslində mən bu səhnədə çox emosional oluram, amma fikirləşirəm ki, mən bu səhnəni başqa cür də oynaya bilərdim. Ən azından bir az sərt olub, xarakterik azərbaycanlı kişisi xislətimi də göstərə bilərdim.

- Teatrda çalışmağa özünüzü hazır bilirsiniz?

- Təbii ki, çox istəyirəm. Hansısa bir teatrdan dəvət gəlsə, gedib rollar oynayaram. Səhnədə də özümü sınamaq istəyirəm. Bilmək olmaz, bəlkə teatra müraciət də etdim.

- Məndə olan məlumata görə, siz aktrisa Mətanət Eresin dayısısınız. Bir dayı kimi Mətanət xanımın oyun tərzindən razı qalırsınız?

- İcazənizlə sizə maraqlı bir hadisəni danışım. Biz "Arzuların son uçuşu" filminə bir-birimizdən xəbərsiz dəvət almışdıq. Çəkiliş meydançasında mən onu gördüm. Orada Mətanətin hönkürüb ağlamasına bütün çəkiliş heyəti ağladı. Nə yaxşı ki, onunla birgə bu filmdə çəkildim. Bir dayı kimi həmişə ona dəstəyəm və yanındayam.

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/556808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR