"Differdanj" kimi rəqiblərlə matçlarda təzyiq olur" - Ayxan Abbasov

"Differdanj" kimi rəqiblərlə matçlarda təzyiq olur" -   Ayxan Abbasov
09:57 29 İyun 2017
37 İdman
Ölkə mətbuatı
A- A+

"Futbol üçün darıxmışdıq. Sevindirici haldır ki, mövsümü Bakıda avrokubok oyunu ilə açırıq. Digər təmsilçilərimizə də uğurlar arzulayıram".


Bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Lüksemburqun "Differdanj" komandası ilə ilk oyun ərəfəsində təşkil edilən mətbuat konfransında deyib.


36 yaşlı mütəxəssis bildirib ki, ötən mövsümdə olan heyəti qorumağa çalışıblar: "Gedən 3 nəfərin yerinə transferlər etdik. Bəzi futbolçuların gec qoşulmağı bizə narahat etdi. Türkiyədə "İnter"lə yoxlama oyununda zədələnən Rəşad Sadiqovun durumu yaxşıdır".


Baş məşqçi rəqibdən çəkinmədiklərini bildirsə də, "Differdanj"ın 10 illik avrokubok təcrübəsi olduğuna diqqət çəkib: "Ötənilki matçlarda uzun ötürmələrə üstünlük verirdilər. Onları analiz etmişik. Bizim üçün debüt mövsümüdür. Çalışacağıq ki, mərhələni adlayaq".


- Komandaya psixoloji cəhətdən nəyi aşılamağa çalışmısınız?

- Bu cür rəqiblərlə matçlarda təzyiqlər olur. Çünki bizi favorit sayırlar. Bu da əlavə təzyiqdir. İstəyirik ki, futbolçularımız nə arxayın olsunlar, nə də “yansınlar”. Çox motivasiya və arxayınlıq baha başa gələ bilər.


- Anar Nəzirovun kapitan qismində komandanı oyuna kökləyəcəyinə inanırsınız?

- Nəzirov ötən mövsüm də bir çox oyunlarda kapitan kimi çıxış edib. Millinin üzvüdür, bir neçə iddialı klubda çıxış edib, yetərincə təcrübəsi var. Onun kapitan kimi uğurlu olacağına inanıram.


- Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki adətən oyunlardan əvvəl təşkil edilən mətbuat konfranslarında start heyəti açıqlayır. Belə bir fikriniz varmı?

- Komandada rəqabəti artırmağa çalışırıq. İndi heyəti açıqlasam, bu, mənfi təsir göstərər. Start heyətimiz bəllidir. Son anda nəsə problem yaranmasa, həmin "11-lik" meydana çıxacaq.


- Bəs oyun üslubunuzu açıqlaya bilərsiniz?

- Beş müdafiəçi ilə oynayırıqsa, bu, hücum etməmək demək deyil. “Çelsi” də bu taktikadan uğurla istifadə edir. Son mövsümdə 2 sistemdə oynadıq. Sabah 4-5-1 sistemindən yararlanacağıq. Taktikamız rəqibə görə dəyişəcək.


- Hansı nəticəni özünüz üçün uğurlu sayacaqsınız?

-Klub olaraq, böyük fikirlər səsləndirməyimiz düz olmaz. Biz yeniyik. Avropa Liqası bizim üçün təcrübə olacaq. Bəzi futbolçularımız ilk dəfə beynəlxalq arenada çıxış edəcək.


- Artıq II təsnifat mərhələsindəki mümkün rəqibiniz Rumıniya "Astra"sı ilə maraqlanmağa başlamısınız?

- Rumıniya klubu barədə hələ düşünmürəm. Onların "Vitorul"la yoxlama matçına baxmışam. Vaxtı gələndə məlumat toplayacağıq.


- Hansı mövqelərə futbolçu alınmasını istərdiniz?

- İstədiyimiz transferləri etmişik. Yalnız avrokubokda deyil, çempionata da hazırlaşırıq. Hər mövqeyə 2 oyunçumuz var. Hücum xəttinə bir yerli forvad almaq istərdik.


- Səkkiz komandalı çempionatın rəqabətsizlik yaratması və inkişafa mane olması fikri ilə razısınız?

- Biz də istərdik ki, 10 komanda olsun. Lakin rəqabət baxımından razı deyiləm.


- Qarşınıza konkret tapşırıq qoyulub?

- Xeyr. Lakin klub yarandığı gündən iddialı olmağa çalışıb. Müasir futbolun tələblərinə uyğun olmağa çalışırıq. ("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotdifferdanjquot-kimi-rqiblrl-matclarda-tzyiq-olurquot-t58974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR