Birbaşa “Günəşli” sanatoriyasından yazıram. Yaxşı deyiblər, sanatoriya qocalıq əlamətidir. Deyəsən, elə mən də o söz.
O gün oğlum deyir, ata sən get-gedə babama oxşayırsan. Oğullar getdikcə atalarına bənzəyirsə, deməli, qocalırlarmış... Axırıncı sözün ucundakı nəqli keçmiş zaman şəkilçisini, yəni “mış” hissəciyini hirslə deyirəm. Niyə də deməyim?!
Otaq yoldaşımın 85 yaşı var. Otaqda mənlə heç danışmır. Sakitcə gözlərini yumub çıxır xəyalların ovuna. Elə ki sanatoriyanın həyətində yanımıza beş-altı qoca arvad gəldi, kişi dönür aslana. Nə deyirəm, qabağıma kötük yumalayır. Özü də yekəsindən. Guya bu kişi hər şeyi bilir. Aslana dönsə də, səsi xırıltılı və zəifdir. Amma “höt-hötünü” əldən qoymur. Bir sözlə, arvadlar onu qəhrəmana çevirirlər. Mənsə dinmirəm, danışanda da sözü onun kimi yavaş deyirəm, iti yerişlərimi onun asta yerişlərinə öyrədirəm. Qoy sevinsin, cavan görünsün bir az.
İndi oturmuşuq çayxanada. Sükut içindəyik. Nə kişi dinir, nə mən, nə də qadınlar. Sükutu pozmaq üçün deyirəm, Nazim Hikmət həyat yoldaşı Pirayə xanıma gözəl bir şeir yazıb. O şeirin sonunda deyir ki... Kişinin dili açılır, nə açılır. O saat doqquzluq qoyur qabağıma. Sən allah gör nə deyir? 1970-ci illərdə İmişli (bilir ki, İmişlidənəm) avtobazasının bir direktoru vardı, Əli müəllim, onun bacısı oğlu Bəybala müəllim hərbi prokurorluqda şöbə müdiridir. Qudamla kirvədilər. Qardaşı da Gəncə Dəmir Yol İdarəsinində baş mühasibin köməkçisidir. Ay balam, heç dəxli var. Yenə susuram. Kişi daha dinmir. Yaşlı arvadın biri göyçaylıdır. Girəvə düşmüşkən deyirəm ki, şair Əli Kərim də göyçaylıdır, qəbrini Göyçayda ziyarət eləmişəm. Söz ağzımdan çıxmamış sanki kişi mənə “şah” deyir. Elə bil, mənimlə şahmat oynayır. Gör nə deyir? 80-ci illərdə Göyçay xəstəxanasının baş həkiminin sürücüsü vardı – üzünü göyçaylı qadına tutub - tanımırdınız? İmişli Pambıq Təmizləmə Zavodunun direktorunun qabaqkı arvadının dayısı oğlunun nəvəsidir. Get-gəlimiz var. Bu gün-sabah yanıma gələsidir.
Qadınlar susur. Sanki kişi mənim növbəti gedişimi gözləyir ki, yenə mənə “şah” desin. Sağa baxıram, sağa baxır, hara çevrilirəmsə, o da mənimlə eyni hərəkəti edir. Keçirəm rus ədəbiyyatına.
Professor Qrosman F. Dostoyevski haqqında monoqrafiya yazıb. Həmin kitabda yazır ki, Dostoyevski elə də sakit insan olmayıb. Yeyib-içən, səfil, qumarbazın biri...
Kişi cümləni bitirməyimə imkan vermir, alır başımın üstünü. Mən 60-cı illərdə Krasnyarski (qafiyəyə bax) şəhərində 3 il milis serjantı olmuşam. Krasnyarski şəhərinin bölmə rəisi Kürdəmirdəndir. Bizə qulaq asan arvadların birinin əsli Kürdəmir tərəfdəndir.
Əhsən dayının ustalığına. Artıq qapıya qolu sərrast vurur. Sonra üzünü kürdəmirli qadına çevirib deyir, siz Mollakənddən deyilsiniz? Arvad pərt olur. Çünki Mollakənd deyəndə dəlixana yada düşür. Bizim tərəflərdə belə deyirlər, sənin başın xarabdır, gəl səni aparım Mollakəndə. Dəlixana başqa yerə köçürülsə də, kənd hələ də bu adı özündə xatirə kimi saxlayır.
Müalicə korpusunda işləyən həkimlər xəstələrini adını dəqiq yadda saxlamaqla hamını heyrətləndirməyi bacarırlar. Bəlkə də bunu qəsdən edirlər. Müalicə üçün bu, əsas diqqətdir. Diqqətə bax... Burda adama ya dayı deyirlər, ya da müəllim. Məsələn, pərdənin arxasından məni belə çağırırlar, Qəşəm müəllim, 6–cı otağa gəlin. Bu, gözəl bir hisdi. Adam xoşbəxt olur. Keçirəm 6-cı otağa. Arada pərdə var. Aha, deyəsən pərdənin arxasındakı mənim otaq yoldaşımdır. Onu cümləsinin quruluşundan tanıyıram. Gör nə deyir: Qaradağ Sement zavodunun anbardarı qudamın oğludur (belə güman etmək olar ki, bu saat onun ayaqlarına Naftalan yaxan qadın Qaradağdandır). Qudamın o biri oğlu, yəni mənim kürəkənim Azərtikintidə “revizor” işləyir.
İstəyirəm, gülüm. Vaz keçirəm. Burda otaq yoldaşıma “şah” deməliyəm. Mən də öz həkimimin qubalı olduğunu bilirəm deyə, bir az ucadan soruşuram: Şair Ələkbər Salahzadənin adını eşitməmiş olmazsan, Qubadandır. Cavab gözləmədən deyirəm: onun belə bir şeiri var:
Hərdən gərək gəlib keçəsən Kürdəmirdən,
Kürdəmir də hərdən gəlib keçə səndən.
Ucadan, aydın səslə deyirəm bu şeiri. Dostum bir–iki dəfə dərindən öskürür, dediyim şeirin qafiyəsini tapa bilmir – deyə (yəni əks-arqument) başındakı ağrılardan şikayətlənir. Mən niyə belə etdim? – düşünərək kədərlənirəm...