Növbəti Olimpiya Oyunlarında “Intel 5G” texnologiyası nümayiş ediləcək

Növbəti Olimpiya Oyunlarında “Intel 5G” texnologiyası nümayiş ediləcək
16:35 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

“Intel” şirkəti və Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında uzunmüddətli texniki tərəfdaşlıq haqqında saziş imzalanıb. Sazişi şirkətin icraçı direktoru Brayan Krjaniç və BOK prezidenti Tomas Bax imzalayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, əməkdaşlığın ilk nəticələrinin 2018-ci ilin fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında nümayiş olunacağı gözlənilir. Söhbət xüsusilə yaxın onillik üçün telekommunikasiya sənayesinin gələcəyini müəyyənləşdirəcək eksperimental “5G” texnologiyalarından gedir. 2018-ci ildə “Intel” şirkətinin beşinci nəsil mobil rabitə şəbəkəsinin hər yerdə yayılması üçün əsas olacaq ilk “5G” layihəsinə qoşulacağı gözlənilir.

Bundan başqa, qarşıdakı idman yarışlarında “Intel True VR” platformasından istifadə planlaşdırılır. Platforma tarixdə ilk dəfə Qış Olimpiya Oyunlarının birbaşa translyasiyasının virtual reallıq formatında təşkilinə imkan verəcək.

Bundan başqa, “Intel” pilotsuz uçan aparatları olimpiya oyunlarının tamaşaçıları üçün heyrətamiz hava işıq şouları nümayiş etdirəcək. Eyni zamanda “Intel 360” video təkrar texnologiyası stadionların tribunalarında olan tamaşaçılara olimpiya oyunlarının ən yaddaqalan anlarını istənilən rakursdan izləməyə imkan verəcək. Gələcəkdə oxşar həllərdən televiziya tamaşaçılarının da yararlana biləcəyi gözlənilir.

Saziş, həmçinin “Intel” şirkətinin Tokio-2020 Yay Olimpiya Oyunlarında, Pekin-2022 Qış Olimpiya Oyunlarında və keçirilmə yeri sonradan müəyyənləşdiriləcək 2024-cü il Olimpiya Oyunlarında fəaliyyət göstərməsini nəzərdə tutur.  

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48686-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR