Çöldə doğulan, Şərqi Qərbə qatan dünyaca MƏŞHUR BAKILI YƏHUDİ - FOTOLAR

Çöldə doğulan, Şərqi Qərbə qatan dünyaca MƏŞHUR BAKILI YƏHUDİ - FOTOLAR
17:43 29 İyun 2017
Ölkə mətbuatı
A- A+

O, özünü süjetə çevirdi və öz süjetinin qəhrəmanı oldu. Ədəbiyyata isə üç ad altında daxil ola bildi – Lev Nussimbaum, Əsəd bəy və Qurban Səid. İnqilabdan və Hitlerdən qaçan böyük mistifikasiyaçı tarixdə müəmmalı "şərqin şahzadəsi" - Bakılı balaca yəhudi oğlan kimi həmişəlik qaldı.

Publika.az Qurban Səid haqqında yazını təqdim edir:

1905-ci ildə anası Basya Sürixdən Bakıya qayıdarkən dəmiryolçuların etiraz tətilinə dəng gəlir, uşaq qatarda dünyaya göz açır. Onun doğum tarixi Kiyevin sinaqoqu ərazisində qeydə alınıb. Deyəsən, hər şey, onun həyatında əvvəlcədən müəyyən edilmişdi – Şərqlə Qərb arasında, çölün düzündə doğulacaq, sonradan məhz həyatı da müxtəlif mühacirətlərlə zəngin olacaq və elə ucqar bir yerdə də ölüm onu haqlayacaqdı.

Atası Abraam Nussimbaum yəhudi və Tiflis vətəndaşı idi. O, 1875-ci ildə anadan olmuş, sonralar Bakıya miqrasiya etmiş və neft sənayesinə sərmayə qoymuşdu. “Nussimbaumun Binəqədi neft kəməri” adlı şirkət ona məxsus idi. İnqilabdan əvvəl Bakı beynəlmiləl bir şəhər idi, Avropa və Asiya arasında əsl körpü sayılırdı.

Osmanlı imperiyasından Rusiyanın tabeliçiliyinə keçən Bakıda yəhudilər nisbətən yaxşı yaşayırdılar. Soydaşları yaşayan Belarus və Ukrayna ilə müqayisədə Bakı yəhudilərinin daha zəngin həyatları vardı. Milyonçunun oğlu üçün Bakı nağıllar şəhəri kimi zehninə həkk olur, ömrü boyu itirdiyi cənnət arzusu olaraq yaddaşında qalır. Sonradan inqilab olacaq və modern üslubda, əlvan daşlarla döşənmiş binaların - sultan saraylarının sonu gələcəkdi.

Nussimbaumlar qaçır, amma Levin uzun illər sonra yazdığı "Əli və Nino" romanının qəhrəmanı doğma şəhəri bolşeviklərdən qorumaq üçün onların qarşısında pulemyotla dayanacaqdı. Ailə dəvə karvanı ilə Bakıdan İrana tərəf yön alır, lakin hədəf Berlin idi. Gənc Levin ürəyi isə həmişəlik Şərqdə qalır, buna bariz nümunə kimi götürdüyü təxəllüsləri, yaradıcılığını göstərmək olar. Avropanın mərkəzində yaşayaraq gah Əsəd bəyə çevrilir, gah Qurban Səid obrazı yaratmaqla yeni brendlər həyata keçirməyə başlayır.

Lev Nussimbaum "Şərqdə neft və qan" adlı ilk kitabını 1929-cu ildə 24 yaşında olarkən Əsəd Bəy adı altında yazmışdı. O, kitabın avtobioqrafik olduğunu iddia edirdi. Əsərdə Əsəd Bəy uşaqkən, 14 yaşında Azərbaycanı tərk etmələrindən söhbət açır. Kitabın son hissəsində o yazır: “Həmin anda mənim üçün Avropa başladı. Qoca Şərq isə öldü”. Tarixçilər bunu ürək yanğısı ilə yazıldığını düşünürlər. Bakıdan qaçan digər varlılardan fərqli olaraq Lev üçün Avropaya uyğunlaşma çox da çətin olmur, çünki dayəsi Alis Melani Şultsun sayəsində alman dilini mükəmməl öyrənmişdi.

O, Almaniyada Fridrix Vilhelm universitetində şərq dilləri fakültəsinə daxil olur, türk və ərəb dillərini öyrənir və diplom alaraq peşəkar ədəbiyyatçı karyerasına başlayır. O, parlaq və asanlıqla yazırdı, süjetə peşakarcasına hakim olaraq, ötən əsrin iyirminci illərində dəbdə olan Şərq mövzusunu məharətlə qeydə alırdı.

İyirminci illərdə Berlin rus mühacirətinin sığınacaq yeri hesab olunurdu. Orada rus kitabları nəşr olunur, rusdilli qəzetlər dərc edilir, ədəbi salonlar çiçəklənirdi. Berlin Veymar respublikası dövründən ümumiyyətlə, çoxdilli, və kosmopolit şəhər idi. Avropanın mədəniyyət paytaxtı adını Venadan məharətlə ala bilmişdi. Brext, Remark, Nabokov, Feyxtvanger kimi şəxslər orada yaşayıb, yaradıblar.

Bu arada, əyləncə industriyası da tam gücü ilə işləyirdi. Bu zaman bəziləri aclıq, digərləri isə əyləncədə - bu hal, təbii ki, nasistlərin hakimiyyətə gəlişinin əsasını qoymaya bilməzdi.

Məhz Berlində Lev Nussimbaum beynəlxalq nüfuz qazanır, çox sayda kitab yazır və onlardan on ikisi alman dilindən digər dillərə tərcümə edilir. Elə oradaca Erike adlı xanımla evlənir. Çex ayaqqabı fabrikinin sahibi, zəngin iş adamının qızı olan Erike zərif təbiətə malik idi, ədəbiyyatı sevirdi və özü də şeir yazırdı.

Qısa müddətli həzin həyatın qırılma nöqtəsi 1930-ci illərin sonuna təsadüf edir. Xanımının onu tərk etməsi, başqa yazıçıya qoşularaq qaçması, faşistlərin gəlişi ilə üst-üstə düşdü. Berlin həmin vaxt tamam dəyişirdi. Yeni Hitler Berlinində Nussimbaum daha iki il rahat yaşadı: gestaponun kartotekasında o, "türkiyəli ədib Əsəd Bəy" kimi qeyd olunurdu. Sonra təhlükənin çox uzaqda olmadığını duyan ədib, Avstriyaya keçməyə məcbur oldu, hansı ki, onun atası ondan əvvəl ora yerləşmişdi. Məlum faşist qovalamalarından sonra daha uzaqlara qaçmağa məcbur olur, lakin atası isə buna macal tapmır - konslagerdə həlak olur.

Lev İsveçrəyə, sonra isə İtaliyaya köçməyə məcbur olur. Pərvanə şamın ətrafında dolanan kimi Avropanın mədəniyyət paytaxtları arasında var-gəl edir. Onun bir çox peşə yoldaşı alova bürünən Avropadan ABŞ-a üz tutdu. Lakin ona xəyanət edən Erikanın məhz Ştatlarda yaşaması ədibdə bu ölkəyə qarşı xüsusi nifrət yaradırdı. Bir də ki, okeanın o tayında necə yaşaya bilərdi, əgər amerikalıların onun haqqında və onun yaradıcılığından demək olar ki, təsəvvürləri yox idi...

Əslində heç İtaliyada da onu heç kim gözləmirdi. Pulu tez qurtarır - İkinci Dünya Müharibəsi ədəbiyyatçılar üçün tərcümə bazarını tamam öldürmüşdü. Nussimbaum sakit, balaca guşədə - Pozitano adlı bir məkanda qərarlaşır. O, ağır xəstə idi, amma tale ona yenə gülümsədi: tanışları onun haqda Genuyadakı alman konsulunun arvadına danışdılar. Nüfuzlu zadəgan xanım Pima Andrea özü incəsənət himayədarı kimi tanınırdı. Onların arasında yazışmalar başlayır, dostlaşırlar, lakin bir dəfə də olsun görüşə bilməmişdilər. Zadəgan xanım və yazıçını mətnlər yaxınlaşdırır, elə həmin məktublar yüksək ədəbiyyatın parlaq nümunələri kimi tarixə düşür.

Ona görə mistifikasiyaçı adlanır ki, Lev Nussimbaum özünə süjet yaza bilir, çoxlu adlar və müxtəlif talelər fikirləşir. Yazıçı özünün qəhrəmanı olur. Onun məktubları ona ümid verir və bəhrəsini görür - Pima pul göndərir, sonra onun tövsiyəsi ilə İtaliya hökuməti ona kömək edir. Hətta bir dəfə Nussimbaumdan Benito Mussolini haqqında rəsmi tərcümeyi-hal yazması istənilmişdi. Əvvəllər Nussimbaum Stalin haqqında da tərcümeyi-hal yazmışdı. Ezra Paund yazırdı: “Nəzərə alsaq ki, yazıçının yaradıcılığında II Nikolay və Stalinin tərcümeyi-halları var, o zaman Mussolini haqda kitab yazması ilə bağlı italyan nəşriyyatı niyə onunla müqavilə bağlamasın?”.

Lakin Lev Nussimbaumu artıq nə müqavilələr, nə pul, nə də hakimiyyət xilas edə biləcəkdi: irəli getmiş xroniki xəstəlik daha müalicə ilə sağalmırdı - o ölürdü. 1942-ci ildə vəfat etdi. Mussolininin İtalıyası ona bir cəmi bir neçə il dözdü. Onun haqqında yazdığı dünya 1917-ci ildə sarslıdı, yaşadığı dünya isə 1939-cü ildə viran oldu. Ömrünün demək olar ki, tamamını xilas olmağa çalışmaqla, qaçmaqla keçirdi, lakin nə qədər qaçsa da XX əsr onu tutaraq əbədiyyata qovuşdurdu.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/204346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR