İlham Zəkiyev: “Özünə qalib gələ bilməyən paralimpiyaçı heç bir qələbədən danışa bilməz”

İlham Zəkiyev: “Özünə qalib gələ bilməyən paralimpiyaçı heç bir qələbədən danışa bilməz”
18:02 29 İyun 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyun. REPORT.AZ/ İkiqat paralimpiya çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyevin “Report”a müsahibəsi

- İndiyə qədər sizi idmançı kimi tanıyırdıq. Artıq həm də Milli Paralimpiya Komitəsinin vitse-prezidentisiniz. Ötən müddət ərzində bu sahədə nələr dəyişib?
- Vitse-prezident olmağım idmançı karyeramı bitirməyim demək deyil. Hazırda Avropa çempionatına hazırlıq gedir, karyeramı davam etdirirəm. Ötən müddət ərzində çoxlu dəyişiklik olub. 2002-ci ildə paralimpiya hərəkatına qoşuldum və noyabrın 1-də məşqlərə başladım. Bu il Azərbaycanda paracüdonun fəaliyyətə başlamasının 15 illiyini qeyd edəcəyik. O vaxtlar çətin günlər keçirirdik, komandada tək idim. 2004-cü il Afina Yay Paralimpiya Oyunlarındakı qələbədən sonra bu sahəyə axın artdı. Buna qədər tanımırdılar, insanların paralimpiya hərəkatından xəbərləri yox idi. Artıq 4 il sonra növbəti olimpiyadada paracüdo üzrə kişilərin yarışında tam heyətlə çıxış etdik. 7 çəki dərəcəsinin hər birində idmançı aparmışdıq. Nəticədə Pekindən 1 qızıl, 2 gümüş və 1 bürünc medalla qayıtdıq. 2013-cü ildə biz dünyada ilk Uşaq Paralimpiya Komitəsini yaratdıq. Burada məqsəd odur ki, İlham Zəkiyev sabah karyerasını bitirdikdən sonra onu əvəzləyən idmançılar olsun. İdmanda yaş öz sözünü deyir. Bu uşaqlar cəmiyyətin ayrılmaz hissəsidirlər. Əlillikdən heç kəs sığortalanmayıb. Valideynlər əlil uşaqlarını evdə gizlətməməlidirlər. Hər zaman bununla bağlı onlara müraciət edirəm. Öz əlil uşaqlarından utanmamalıdırlar. Onlar cəmiyyətə inteqrasiya etməlidirlər. Bizim mütəxəssislər və məşqçilər uşaqların əlilliyinə uyğun olaraq, müvafiq idman növünə yönəldəcəklər. Kim bilir, bəlkə onların da aralarından dünya, Avropa, paralimpiya çempionları çıxacaq.
- Bura gələn uşaqların həyata baxışları necə olur və idmanla məşğul olmaları onlara necə təsir göstərir?
- İdman onları cəmiyyətə qaytarır. Lakin idmanla iş bitmir. Evdə və ətrafda da insanlar dəstəklərini əsirgəməməlidirlər. İdmana gələndən sonra sanki uşaqlar yenidən həyata qayıdırlar. Özüm Milli Paralimpiya Komitəsinə gələndə həyatımda yeni bir səhifə açıldı. Bu gün Azərbaycanda idmana və idmançılara qayğı birbaşa cənab prezident İlham Əliyevin adı ilə bağlıdır. 2008-ci ildə bizi Yay Paralimiya Oyunlarına yola salanda, ölkə başçısı hazırda əyləşdiyimiz və məşq etdiyimiz kompleksi bizə hədiyyə etdi. Hələlik bu, MDB ölkələri üzrə ilk və yeganə Paralimpiya Kompleksidir. Sumqayıtda inşa edilən bu idman qurğusunda hər bir növ əlilliyi olan insanlar məşq edə bilərlər. Burada hər cür şərait mövcuddur.
- Əlil uşaqların daha çox psixoloji dəstəyə ehtiyacı olur...
- Bəli, bizim öz nümunələrimiz də var. Məsələn, paralimpiya çempionu Oluxan Musayevin ayaqları yoxdur. Əlil arabası ilə hərəkət edir. Ancaq sağlam insanların edə bilmədiklərini edib. Mənəvi dəstək, ilk növbədə, ailədən gəlməlidir. Biz də üzərimizə düşən məsələlərdə gücümüz çatan dəstəyi göstəririk.
- Paralimpiyanın özəlliyi odur ki, insan həm də özü-özünə qalib gəlməlidir...
- Özünə qalib gələ bilməyən paralimpiyaçı heç bir qələbədən danışa bilməz. İnsan öz iradəsi ilə idmanla məşğul olmalıdır. Əvvəlcə zəhmət çəkmək lazımdır. Qələbələr mütləq olacaq.
- Hazırda Milli Paralimiya Komitəsinin xətti ilə nə qədər uşaq idmanla məşğul olur?
- Hazırda onların sayı yüzlərlədir. 1996-cı il Atlanta Paralimiya Oyunlarında cəmi 4 idmançı ilə təmsil olunmuşduqsa, 2016-cı ildə Rio-de-Janeyroda sayımız 27 nəfər idi. Oradan 11 medalla qayıtdıq. Bu da inkişafın göstəricisidir. Hər şey artan templə gedir. Müraciət edənlərin də sayı artmaqdadır.
- Siz ikiqat paralimpiya çempionusunuz. Lakin hələlik Azərbaycanda ikiqat olimpiya çempionu yoxdur. Bunu necə izah etmək olar?
- İkiqat olimpiya çempionu kimi Namiq Abdullayevi qeyd edərdim. 1996-cı il Atlanta olimpiadasında final görüşündə Abdullayevi sıxdılar, lakin ümummilli lider Heydər Əliyev onu çempion kimi qəbul etdi. O da 4 il sonra Sidney Yay Olimpiya Oyunlarında “qızıl” qazanmaqla özünü sübut etdi. Bizdə Toğrul Əsgərov var, olimpiyadalarda qızıl və gümüş medal əldə edib. İki dəfə finalda güləşmək asan məsələ deyil. Həmçinin, Fərid Mansurovu, Elnur Məmmədlini qeyd edərdim. Hər ikisinə ağır zədələr mane oldu. Böyük idman həm də böyük zədələr deməkdir.
- Yeni vəzifənizdəki işləriniz barədə nə deyə bilərsiniz?
- İlk işimiz IV İslam Həmrəyliyi Oyunlarında oldu. Yarışların proqramına paracüdo və paraatletika daxil edilmişdi. İslamiadada uğurla çıxış etdiyimizi düşünürəm. Yaxşı heyətlə təmsil olunduq. Ümumilikdə 24 medal əldə etdik. Onlardan 12-si qızıl, 6-sı gümüş, 6-sı isə bürüncdür.
- 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında iştirak etmək fikriniz var?
- İnşallah, hazırlaşırıq.
- Artıq sizin çəkinizdə də nəticə verən idmançı yetişir – Kamal Abdullaxanlı. İslamiadada qızıl medal qazandı...
- Bəli, komanda yoldaşımdır. Amma eyni çəkidə deyilik, o 100 kq-da güləşir. Sadəcə, İslamiadada bu çəki dərəcəsi olmadığından +100 kq-da çıxış etdi.  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/i-lham-zekiyev-ozune-qalib-gele-bilmeyen-paralimpiyaci-hec-bir-qelebeden-danisa-bilmez

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR