Qorxmayın, hazır olun...

Qorxmayın, hazır olun...
18:14 29 İyun 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Tam ciddi deyirəm. Ermənilərdən qorxmaq lazım deyil. Onlar da adamdı axı...

 

Kimsə mənim sözlərimə etiraz edəcək? Edəcəksə, qoy qorxsun...

 

Amma 100 il əvvəl baş verənlərdən sonra Cəfər Cabbarlı da qorxmurdu. Qorxmurdu və heç nədən çəkinmədən “1905-ci ildə” əsərini yazdı.

 

Mirzə Cəlil də qorxmurdu. Qorxsaydı, “Kamança” kimi bir əsər ərsəyə gəlməzdi.

Ermənilərdən qorxmaq lazım deyil...

 

Yəqin çoxunuz unutmusuz ki, “atan kazaklardı”...

Amma heç kimin unutmadığı Xocalı faciəsi də var. Bu faciəni ki, unutmamışıq.

Həmişə misal gətirdiyim bir faktı təkrar da olsa yenə yadınıza salacam. Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” silsiləsindən bir fraqmenti...

 

Lent.az, 4.07.2014:

 

“- Əsirin başına nələr gəldiyini görkəmindən bilmək olur. Biz bir-birimizdən yapışıb güclə ayaq üstdə dayanmışıq, üst-başımız cırıq, qan, palçıq... Baxan bilir ki, başımıza gəlməyən müsibət qalmayıb...

 

- Bəs onların üst-başı necə idi?

 

- Elə Xocalıdan, evdən çıxdıqları kimi...

 

- Onları incitməmişdilər? Bəs harda qalmışdılar bütün bu müddəti?

 

- Onları kənddə saxlayıblar. Erməni kəndlərində olan qız-qadının namusuna toxunmamışdılar. Ümumiyyətlə, kənddə saxlanılanlara qarşı heç bir pis hərəkət olmayıb. Hamısını evdə saxlayıblar. Qadın dedi, məni incitməyiblər. Əyin-başlarından da bilinirdi ki, yalan demir. Amma bizim əyin-başımıza baxan dərdimizə ağlayırdı...

 

- Axı kənd ermənisi ilə rayon ermənisinin fərqi nədə idi?

 

- Kəndə gedib-gələn az idi, onların beyninə çox şey doldura bilməmişdilər. Məsələn, bizi Əsgərana gətirəndə sadə xalq az qaldı ətimizi didə. Amma kənddəki ermənilər bizə nifrət eləmirdi. Onların sadəcə hüzurları pozulmuşdu. Fərq onda idi ki, rayon ermənilərini kənar qüvvələr qızışdırırdı, kənddəkilər isə heç kimi görmürdü. Onlara təsir edən yox idi…”

 

Bəli, mən Xocalıda girov götürülmüş insanlara nifrət eləməyən, onları döyməyən, təhqir etməyən ermənidən qorxmuram. Siz də qorxmayın.

 

Xocalı demişkən...

 

Bir maraqlı hadisə yadıma düşdü.

 

İllər öncə Tiflisdə iştirak etdiyim beynəlxalq tədbirdə çıxış edən erməni konfliktoloqlardan biri yaranmış situasiyada hər iki ölkənin siyasi rəhbərliyini qınadı. O, əvvəlcə Ermənistan prezidentinin destruktiv yanaşmasını söylədi. Daha sonra isə Azərbaycan prezidenti İlham Əliyevin erməni xalqını faşist adlandırdığını və bunun düz olmadığını bildirdi. Biz həmkarım Şahin Rzayevlə birlikdə onun cavabını verməyi özümüzə borc bildik. Şahin Rzayev erməni konfliktoloqunun yalan danışdığını bildirdi və İlham Əliyevin heç vaxt belə bir fikir səsləndirmədiyini söylədi. Daha sonra mən məsələyə aydınlıq gətirərək bildirdim ki, Azərbaycan prezidenti erməni xalqını faşist adlandırmayıb, İlham Əliyev məhz Xocalı faciəsini törədənləri faşist adlandırıb.

 

Təbii ki, erməni konfliktoloq bu iradlardan çox pərt bir duruma düşdü və istəyinə çata bilmədən mövzunu dəyişməyə məcbur oldu. Erməni konfliktoloqun məqsədi isə çox bəsit idi: Münaqişənin uzanmasında Azərbaycan siyasi rəhbərliyinin iki xalq arasında səpdiyi nifrət toxumunun oynadığı rolu faktlarla sübut etmək. Amma onun bu yalanı faş oldu.

Bəli, kimsə ermənilərin iki xalq arasında nifrət toxumu səpmək cəhdinin olmasını deyə bilər. Amma bunu sadə bir izahı var: Ermənilər milli kimliklərini bizə nifrət üzərində formalaşdırırlar. Amma bizim üçün belə kompleks olmamalıdır. Çünki bizim milli kimliyimizin sübutu üçün ermənilərin timsalında düşmən obrazı yaratmağa və bu komplekslə yaşamağımıza gərək yoxdur. Bizim milli kimliyimizin arxasında tariximiz, milli-mədəni sərvətlərimiz var.

 

Ola bilsin, kimlərsə ermənilərə nifrət izhar etməklə öz şəxsi kimliyini sübut etməyə çalışır. Amma bunu zəiflər, ermənidən qorxanlar edir.  Özünə güvənənlər isə heç vaxt bütöv bir millətin düşmən obrazını yaratmaq üçün nifrət toxumu səpməz.

 

Azərbaycanın özünə güvənən oğullarından biri, milli qəhrəman Asif Məhərrəmovun (Fred Asif) vətənpərvərliyinə, millət üçün etdiyi fədakarlıqlara, haqq işi üçün dönməzliyinə heç kim şübhə edə bilməz. Asif Məhərrəmov erməni işğalçılarına qarşı vuruşurdu, amma ermənilərdən qorxmurdu. Asif Məhərrəmov həmişə dua edirdi ki, atdığı mərmilər günahsız, məsum erməni qocasına, uşağına, qadınına zərər verməsin. Bax bu idi Azərbaycanın milli qəhrəmanının böyüklüyü.

 

Erməni də ingilis, fransız, alman, italyan, gürcü, çeçen, rus, moldovan, həbəş, ərəb, ispan kimi millətlərdən biridir. Biz ingilis, fransız, alman, italyan, gürcü, çeçen, rus, moldavan, həbəş, ərəb, ispana necə münasibət göstəririk..?

 

Biz hər zaman təkrar etmirikmi ki, Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etməliyik? Bəs münaqişəni həll edəndən sonra, demirəm birlikdə, amma ən azı yanaşı yaşamalıyıq axı. Əgər doğurdan da münaqişəni həll etmək istəyiriksə, deməli, yanaşı yaşamağa da hazır olmalıyıq. Kimsə Dağlıq Qarabağda etnik təmizləmə olacağı iddiasındadırsa, deməli, o münaqişəni həll etmək istəmir və ermənilərdən qorxur.

 

Bəli, dostlar, ermənilərlə yanaşı yaşamağa hazır olmalıyıq, qorxmadan, çəkinmədən.

Xocalı faciəsində faşistlik edəni faşist kimi, Xocalı faciəsində girovu evində saxlayan, onu döyməyən, təhqir etməyən, üst-başını cırmayanı isə sadəcə erməni millətinə mənsub olan insan kimi qəbul edərək.

 

Vəssalam.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/278052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR