İyirmi dörd ildən çoxdur ki, əsgərlərə sovqat aparan Arif baba

İyirmi dörd ildən çoxdur ki, əsgərlərə sovqat aparan Arif baba
19:42 29 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay səfərimdə 1918-ci ildə Göyçay döyüşlərində, daşnak-bolşeviklərə qarşı döyüşlərdə həlak olmuş, Qafqaz İslam Ordusunun 13 zabitinin, 258 əsgərin xatirəsinə ucaldılan abidəni - Mehmet Cavuşun məzarını ziyarət  edib qayıdarkən, yolda meyvə-tərəvəz daşıyan maşının üzərində üçrəngli bayrağımızın dalğalanması diqqətimi çəkdi. Maşın yanacaqdoldurma məntəqəsində dayananda,  maşındakı şəxslərlə söhbət etmək imkanım oldu. Məlum oldu ki, maşın sahibləri Ramazan bayramı və Silahlı Qüvvələrin yaranması günü ilə bağlı olaraq, cəbhə bölgəsinə bayram sovqatı aparırlar. Maşının Elnur adında sürücüsü dedi ki, komandaya rəhbərliyi babası edir. Arif baba ilə söhbət etmək imkamız oldu. Qarabağ döyüşləri başlayandan ta bu günə kimi hər il əsgərlərə sovqat apardıqlarını söyləyən 76 yaşlı Arif baba  bildirdi:

"Oğul, özüm şəhid atasıyam. Oğlum İsmayıl İsmayılov 1994-cü ilin yanvar ayında Kəlbəcər istiqamətində gedən döyüşlərdə həlak olub. Onunla həlak olan 4 əsgərin cənazə namazını özüm qılmışam. Oğluma Milli Qəhrəman adı verilməli idi. Nəsə başqa məsələlər ortaya çıxdı. Özüm də sonradan bundan imtina etdim.  Onlar vətən üçün döyüşdülər və şəhid oldular. Dörd oğul atasıyam. Vətən üçün döyüşmək lazım gələcəksə, 3 övladımda gedəcək.
Mən, özüm Göyçayın Ləkçıplaq kənd sakiniyəm.  20 ildən çoxdur ki, hər il əsgərlərimizə sovqat aparıram. Sağ olsun kənd sakinləri köməklik edirlər.  Əsgərlərimizi unutmurlar. Ömrüm nə qədər vəfa edərsə, əsgərlərimizə sovqat  aparacam. Onları öz doğma balalarımdan ayırmıram".
Arif baba ordumuzda yaradılan şəraitlə bağlı fikirlərini də bölüşdü:

"Bu gün ordumuzda əsgərlərimiz üçün hər cür imkan və şərait yaradılıb. Fəxrlə deməliyik ki, Azərbaycanın güclü ordusu var və bu ordu Qarabağda ərazi bütövlüyümüzü bərpa edəcək".

Elnur Eltürk

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR