Keçmiş qapıçısı "Qəbələ"dən ayrılma səbəbini açıqlayıb

Keçmiş qapıçısı "Qəbələ"dən ayrılma səbəbini açıqlayıb
16:17 13 İyul 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyul. REPORT.AZ/ “Qəbələ” ilə dueldə “Yagelloniya”nın növbəti mərhələyə vəsiqə qazanma şansı 50/50-dir”. 
“Report”un məlumatına görə, bunu qapıçı David Petrjkeviç vətəndaşı olduğu Polşanı təmsil edən “Yagelloniya”nın Avropa Liqasının II təsnifat mərhələsində sabiq komandası “Qəbələ”yə qarşı şanslarını sportowefakty.wp.pl saytına dəyərləndirərəkən deyib.
“Qəbələ”nin özəllikləri barədə geniş danışan 29 yaşlı qolkiper bildirib ki, “qırmızı-qaralar” son 4 mövsümdə ölkə çempionluğu uğurunda mübarizə aparır: “Hələlik çempion olmağı bacarmasa da, keçmiş komandam ötən mövsüm buna yaxın oldu. Yekunda gümüş medal qazandıq ki, bu da klubun tarixində ən yaxşı nəticədir. Lakin bunu uğursuzluq kimi qiymətləndirdik. Çünki “Qəbələ” mövsüm ərzində lider idi və ən yaxın izləyicisi “Qarabağ” üzərində üstünlüyə malik idi. Lakin sonra rəqib bizi keçdi. Həmçinin, Azərbaycan Kubokunun finalında da bu komandaya uduzduq”.
Ailə vəziyyəti ilə əlaqədar “Qəbələ” ilə müqaviləsinin müddətini uzatmadığını vurğulayan D.Petrjkeviç sabiq komandasının heyətindəki dəyişikliklərə diqqət çəkib: “Qapıçı və müdafiəçilər qalıb, lakin digər mövqelərdə çoxlu sayda dəyişiklik olub. Onlar qarşıdakı matçlara yaxşı hazırlıqlı olacaqlar. Məqsədləri “Yagelloniya” səddini keçməkdir. Daha əvvəl tanınmış klubları da mübarizədən kənarlaşdırıblar”.
Azərbaycanda artıq fəaliyyətini dayandırmış “Simurq” klubunun formasını geyinən qolkiper “Qəbələ”nin sahibindən və həyat tərzindən də söhbət açıb: “Qəbələ şəhəri paytaxt Bakıdan təxminən 200 km uzaqdadır. Klub üçün xüsusi təlim-məşq bazası və stadion inşa olunub. Komandanın üzvləri beşulduzlu oteldə qalırlar. Hər şey çox yaxşı təşkil olunub. Klubun sahibi Azərbaycandakı nazirlərdən biridir. Lakin “Qəbələ”ni onun Londonda yaşayan oğlu idarə edir. Hərdən komandanın yaxşı oynadığı və ya uduzduğu oyunlardan sonra paltardəyişmə otağında peyda olur. Lakin oradakı ab-hava Matsey Rıbusun söylədiyi “Terek”də olduğu kimi deyil. Azərbaycandakı həyat Polşadan kəskin fərqlənir. Məsələn, Qəbələdə ticarət mərkəzi yoxdur. Komanda oteldə qalırdı və biz hər gün bir-birimizi görürdük. Bakı çox gözəldir və oranın qeydinə qalırlar. Lakin əyalətlər geri qalır”.
D.Pietrzkeviç Polşanının “Legiya” komandasının kapitanı olan Yakub Jezniçakın “Qarabağ”a transferinə də münasibət bildirib: “Bu, mənim üçün sürpriz oldu. “Qarabağ”ın “Legia”nın kapitanı ilə müqavilə bağlaması inandırıcı görünmürdü. Lakin indiki halda həmin komandanın futbolçularının Bakıda yaşamaları və məşq etmələri transferdə həlledici olub. Klub paytaxtdan kənarda yerləşsəydi, Kuba çətin ki, ora gedərdi. Yəqin ki, maliyyə məsələləri də böyük önəm kəsb edib”.
Qeyd edək ki, David Petrjkeviç 2013-cü ilin iyulunda “Qəbələ”yə keçib və bu ilin mayında müqaviləsinin müddəti başa çatdığı üçün klubdan ayrılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kecmis-qapicisi-qebele-den-ayrilma-sebebini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR