“Bizi “ölüm kamerası”ndan çıxarıb, maşına doldurdular...” – ƏSİR DÜŞƏRGƏSİ

“Bizi “ölüm kamerası”ndan çıxarıb, maşına doldurdular...” – ƏSİR DÜŞƏRGƏSİ
16:19 8 Yanvar 2015
410 Sosial
Ölkə mətbuatı
A- A+

23 il əvvəlin dəhşətləri Lent.az-da kitab olur: “Erməni iş yoldaşım siqareti yandırıb, dodağıma yaxınlaşdırdı...”

Qarabağ müharibəsi ilə bağlı olan hər şeydə itirdiyim dəyərlərimi, müqəddəslərimi axtarıram. Bir ip ucu tapıb ona tutunmaq istəyirəm hərdən. Bu dəfə keçmişlə elə qəribə şəkildə rastlaşdım ki...

 

Qəhrəmanımın şəxsi arxivi ilə tanış olarkən onun 1992-ci ildə Ağdam xəstəxanasından çəkilən şəkli olan qəzetə baxıram. O, mənə qəzetin yuxarı sağ küncündəki şəklini göstərəndə qəzetin aşağı sol küncündən mənə bir cüt doğma göz zillənmişdi...

 

Üzü tanınmaz hala düşən bir uşağın gözlərində illərdir itirdiyim dünyam gizlənmişdi...

 

Məni darmadağın edən qəzeti müsahibimin əlindən alıb, iyirmi üç il əvvəlin xəbərini oxuyuram:

 

Ermənilərin Ağdama atdığı “Kristal” raket evlərini darmadağın edib. Bütün ailə məhv olub. Ailənin yeganə sağ qalan ağır yaralı kiçik oğlu deyir: “Şəklimi çəkməyin. Ailəm, sinif yoldaşlarım, dostlarım məni bu halda görsələr ürəkləri partlayar”.

 

O, mənim uşaqlıq dostum idi...

 

Əvvəli: http://news.lent.az/news/189572

 

Növbəti işgəncə vaxtı Mirzənin sağ əlinin ikinci barmağının sədəfini xüsusi amansızlıqla kəsmək qərarına gəldilər:

 

- Sən bu barmaqla məsum erməni xalqına güllə atmısan! Silahın tətiyini bu barmaqla çəkmisən!

 

Yenə mübahisə başladı:

 

- Kəlbətinlə dart çıxsın!

 

- Yox, bıçaqla bir-bir kəs...

 

Ermənilərin arasında Mirzənin tanıdıqları da var idi. Bir dəfə onu növbəti işgəncədən sonra dəhlizlə kameraya tərəf aparanda kimsə onu sürüyüb aparan erməniyə dayanmağı işarə elədi. Əyilib lap yaxından yaralı əsirə baxdı:

 

- Mirzə?! Sənsən?

 

Gözlərini güclə açan Mirzə qarşısında Xanbağında çalışdığı avtobazanın tokarı (tornaçı) Sureni gördü. Əyin-başından, çiynindəki avtomatından onun hərbçi olduğunu təxmin edə bildi. Mirzənin halında başqa heç nə görmək mümkün deyildi. Nə isə demək istəyirdi ki, Suren onun xırıltısını yarımçıq kəsdi:

 

- Biz artıq düşmənik, Mirzə! Qatı düşmən!

 

Ayağa qalxıb gözdən itdi...

 

Bir dəfə isə Mirzə kameranın bir küncünə atılıb qaldığı vaxtda qapı açıldı. Dəmir barmaqlığın arxasından Xaçatur ona baxırdı. Bu baxışlar Mirzəni çox uzaqlara apardı...

 

İkisi də avtobazanın sürücüsü idilər. Xaçaturun RAF markalı mikroavtobusu var idi. Hər səhər Mirzəni yolun kənarından götürür, deyib-gülərək, zarafatlaşaraq yol gedirdilər. Uzun illər dostluq eləyib, çörəklərini yarı bölmüşdülər. Xaçaturun baxışlarında Mirzəyə qarşı zərrə qədər də qəddarlıq yox idi.

 

Mirzə güclə yerindən tərpənib Xaçatura tərəf gəlmək istəyirdi ki, barmaqlığın o üzündən səs gəldi:

 

- Daha bizimki qurtarıb, Mirzə. İndi biz düşmənik.

 

Xaçatur Mirzəyə bir də baxdı, baxdı və getdi...

 

Bir dəfə isə Mirzə yerdə uzandığı vaxt gözlərini açanda qarşısında sürücü Sarkisin dayandığını gördü. Birinci o dilləndi:

 

- Bir şeyə ehtiyacın var, Mirzə? Nə isə istəyirsən?

 

Mirzə nə istəyə bilərdi ki?

 

- Bir siqaret olsa, yaxşı olar...

 

- Bu dəqiqə! Siqaret nədir ki, mən onu səndən əsirgəyəm?

 

Sarkis əlini cibinə atıb siqaret çıxartdı, öz damağına qoyub yandırdı. Bu vaxt Mirzə bir təhər tərpənib dikəlməyə çalışırdı ki, siqareti alışdırmış Sarkis onu Mirzənin dodaqlarına yaxınlaşdırdı. Hər şey bir saniyənin içində baş verdi. Sarkis siqareti çevirib onun yaralı dodağına basdı. Daha müqavimət göstərməyə gücü qalmayan Mirzə yerdə çabalayırdı, Sarkis isə yorulmadan əlindəki siqareti onun üzünə, əlinə, ayağına, çılpaq bədəninə basırdı...

 

Əsgəran Milis şöbəsində hər erməninin özünün daha çox döydüyü, incitdiyi əsir var idi. Mirzəni ən çox incidən gecə mühafizəsinin rəisi Şahbazyan idi.

 

***

 

- Mən elə insanam ki, heç kinoda birini döyəndə baxa bilmirəm. Orda isə dəhşət idi. Adamı adam kimi döymürdülər. Elə işgəncə üsulları var idi ki... İndi adam hamısını açıb danışa bilmir, qızım... Məni başa düşürsünüz yəqin... Nələr eləmirdilər ki...

 

Gözlərini yayındırıb barmağında hələ də yeri qalmış yarasından yapışır. Susur...

 

- Bədənim elə halda idi ki, həkimlər ağladı. Altı ay müalicə olundum. Bağırsaqlarım tamam xarab olmuşdu, üzr istəyirəm, qan kəsmirdi...

 

Susur. Rüzgar xanım davam edir:

 

- Əsirlikdən qayıdandan sonra Semaşko adına xəstəxanada yatanda da danışa bilmirdi... Elə susur, gözündənsə yaş axırdı. Ağlayırdı... Bütün bədəninə siqaretlə dağ basmışdılar, üst-üstə vurmaqdan ətini dubinka yandırmışdı. Boynunun arxasından ayağına kimi yara idi. Sol ayağı işləmirdi. Barmağını kəsmişdilər deyə şişmişdi, əlindən tutmaq mümkün deyildi. Ehtiyatla qolundan tutub sarğı otağına aparırdım. Sarğılarını dəyişdikcə yanağından aşağı yaş süzülür, səsi çıxmırdı... O vaxt barmağını kəsmək istəyirdilər, qoymadı... Hələ may ayında bir həkim ona baxanda özünü saxlaya bilməyib hönkürdü. İyirmi üç il keçib, hava bir az soyuyan kimi başının yarası yenə işləyir... Sulanır, sızaqlar çıxır...

 

***

 

Əsirliyin dördüncü gününü də Əsgəranın “ölüm kamerasında” başa vuracaqdılar ki, ermənilər təlaşla kameralara doluşdular. Hərə əlinə keçən bir əsiri sürüyüb dəhlizə, dəhlizdə gözləyən ermənilər isə dəhlizdən sürüyüb bayıra çıxartdılar. Burada üstüaçıq yük maşını dayanmışdı. Komandirləri Vitali əmr verdi:

 

- Tez! Maşına doluşun! Tez, vaxtımız azdır!

 

Mirzə ilə Elşən də həyətə çıxardılan əsirlərin içində idilər. Can verən əsirlərin içində kiçicik bir ümid işığı yandı: “Dəyişməyə aparırlar!”

 

Elə bu ümiddən də güc alıb bir birindən sallaşa-sallaşa, yıxıla-yıxıla yük maşınının arxasına çıxdılar. İndi yarımcan əsirlərin tək istəyi dəyişdirilənə qədər sağ qalmaq idi...

 

Maşın dayanan kimi “Enin” əmri verildi. Əsirlər çıxdıqları kimi də əziyyətlə, amma sevinc və ümidlə aşağı düşdülər. Qaranlıqda göz-gözü görmürdü. Silahlı ermənilərin nəzarəti altında sıra ilə göstərilən istiqamətə gedirdilər. Əsirləri təpikləyib harasa itələdilər. Qaranlıqdan pillələri gözləri görməyən əsirlər üzüaşağı boşluğa yuvarlandılar. Quyuya atıldıqlarını hesab elədilər. Tappıltı səsi kəsilməmiş cırıltı gəldi, hiss olunurdu ki, qapı örtüldü:

 

- Cəhənnəm olub burda ölsünlər! “KPZ” bunlar üçün artıqdır! Lənətə gəlmiş ağdamlılar bütün günü partapart atır. Qoy əl-ayaq altında olmasınlar...

 

Əsirlərin son ümidi də bu naməlum zülmətdə söndü. Hara olduğunu bilmədikləri bu yerdə, torpağın üstündə gecələdilər...

 

Səhər açılanda taxtaların arasından içəri sızan işıqda bir-birlərinin üzünü gördülər. Yeddi nəfər Xocalı sakini – Mirzə, Elşən, Seymur, İlham, İlqar, Səadət və İntizam. Mirzə ilə Elşən, Səadətlə İntizam qardaş idilər.

 

Bir azdan axşamkı tanış qapı cırıltısı eşidildi. Zirzəminin qapısından içəri, yerdə uzanıb ölümünü gözləyən ümidsiz insanların üstünə qucaqla saman atmağa başladılar:

 

- Bu sizin yorğan-döşəyinizdir! Elə bölüşün, hamınıza çatsın!

 

Samanla bir yerdə içəri altı nəfər döyülmüş başqa əsiri də atdılar. Qapı yenə cırıldadı...

 

Mirzəgil yeni əsirlərin kimliyi ilə maraqlanmaq istədilər. Onların görkəmləri başqa idi. Geyimli idilər, dişləri, dırnaqları yerində idi. Döyüldükləri bilinirdi, amma onlara Mirzəgil qədər işgəncə verilməmişdi. Və ən qəribəsi – onlar azərbaycanlı deyildi. İki nəfər rus, dörd nəfər isə özbək Rusiyanın 366-cı motoatıcı alayının sıravi əsgərləri idi, Azərbaycan xalqına qarşı döyüşməkdən imtina etdikləri üçün belə cəzalandırılırdılar. İlhamla söhbətləşirlər:

 

- Ermənilər tərəfdən döyüşüb, əlimizi günahsız adamların qanına batırmaq istəməyib, qaçdıq. Bizi meşədə tutdular... İndi döyüşməkdən imtina etdiyimiz üçün hər gün döyürlər...

 

- Bəs bura haradır?

 

- Əsgəran rayonunun Noraguh kəndi...

 

- Evimizə yaxınıq ki. Xocalıya ən yaxın kənddir... Aradan cəmi bir asfalt keçir.

 

- Bura da birmərtəbəli evin zirzəmisidir.

 

Əsirlər sadəcə məkanı dəyişmişdilər. Başqa heç nə. Buranın Əsgəran Milis şöbəsindən bir fərqi var idi ki, burda kənd camaatı da ürəkləri istəyəndə gəlib əsirləri döyə bilirdi...

 

Bir də buradakı insanların əsiri döyəndən sonra onun sinəsi üstündə atlanıb-düşüb “Qarabağ bizimdir” deyərək oxumaqları var idi...

 

Noraguhda İlhamın yaxşı tanıdığı traktorçu Bahadur yaşayırdı. Kənd camaatı yığılıb əsirləri döyəndə Bahadur kişi bir tərəfə çəkilib ovuclarını sıxıb dururdu. Yaxınlaşmağa ürək eləmir, başını bulayıb gedirdi. Bahadur kişi burada əsirlərə əl qaldırmayan yeganə adam idi. Bir də qadınlar...

 

Mirzəgil dəfələrlə erməni qadınların qapını aralayıb əsirlərin saxlanma şəraitinə baxıb ağladığını görmüşdülər.

 

Elə gün yox idi ki, varlığı allahın yadından çıxan bu məxluqların mövcud olduğunu ermənilər də unuda. Hər gün söyüş, təhqir, işgəncə...

 

***

 

- Girovluqda qaldığım günlərdə elə bir vaxtı olmadı ki, məni incitməsinlər. Tək məni yox, elə hamımızı. Noraguhda kiçik qardaşım Elşənin də dişlərini mənimki kimi çəkib çıxardılar...

 

- Bu işgəncələr Azərbaycana qarşı döyüşməkdən imtina edən əsgərlərə də tətbiq edilirdi?

 

- Onları da döyürdülər. Amma bizə verdikləri işgəncəni onlara vermirdilər. Məsələn, mən artıq heç bir orqanımı hiss eləmirdim.

 

- Zirzəmidə neçə gün qaldınız?

 

- Dəqiq bilmirəm, amma orda Əsgəran Milis şöbəsindən çox qaldıq. Ümumi on səkkiz gün girovluqda qalandan sonra məni bir alt paltarında dəyişib Ağdama gətirdilər...

 

- Təkcə sizi dəyişdilər?

 

- Hamımızı.

 

- Ruslarla özbəklər necə oldu?

 

- Bizi yığdılar yük maşınına ki, sizi dəyişməyə aparırıq. Elə zirzəmidəki on üç nəfərin hamısını atdılar maşına. Rəhmətlik Allahverdi Bağırov Ağdamın Qarağacı qəbiristanlığında bizi təhvil aldı, yerimizə sapsağlam ermənilər verdi. Onlar yeriyə-yeriyə yanımızdan keçib gedib gülə-gülə dırmaşdılar yük maşınına. Biz isə sürünürdük...

 

Ağdam özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov erməniləri avtobusla gətirmişdi. Əsgərlərimiz bizi – yeddi nəfəri qucağına götürüb avtobusa gətirdi. Həmin altı nəfərə isə bizimkilər sahib durmadılar. Dedilər nə bilək düz deyirsiniz? Allah bilir bunları nə məqsədlə bizə verirsiniz. Altısını da geri apardılar. Biz gəldik ki, xocalılar Ağdam Xalq Cəbhəsinin qabağında və xəstəxanada gəzib adamlarını axtarır, qaytarılan əsirlərdən yaxınlarını soruşurlar.

 

- Sizinkilərdən kimisə gördünüz?

 

- Rüzgarın əmisi oğlu Müşfiq yaxınlaşıb məndən soruşdu ki, “qardaş, Mirzəni görməmisən?” O qədər tanınmaz halda idim yəni. Üz tüklü, gözlər düşüb çuxura, baş partlayıb, əl, üz nə boyda şişib... Əyin-baş yox... Yanımdan keçib getdi, gördüm o birilərdən də “Mirzəni görmədiniz” soruşur... Orda bildim ki, dörd nəfər şəhidimiz var.

 

- Atanız, qardaşınız Novruz, oğlu Mahir... Bir nəfər kim idi?

 

- Məndən kiçik qardaşım... Müşfiq danışdı, o görüb. Ayağından yaralanıb yıxılıbmış. Deyir ayağı qırılıbmış, yeriyə bilmirmiş. Müşfiqə dirənib ki, silahını mənə ver, sən qaç çıx, ailənin tək oğlusan, qalma, mənim gedəsi halım yoxdur. Müşfiq nə qədər eləyib, deyib yox, sən get... Təzə tikilən mağazanın yanında asfaltın kənarında yıxılıb qalıbmış...

 

Yenə susur... Rüzgar xanım əlavə edir:

 

- Biz hər gün tezdən gəlib Ağdam Xalq Cəbhəsinin qabağında dayanır, dəyişdirilən əsirlərə baxırdıq ki, görək Mirzə ilə Elşən gəlirmi. Elə hər gələndən soruşurduq, gördüm deyən yox idi. Ermənilər Ağdama raket atmağa başlayandan sonra qayınlarım bizi götürüb Bakıya gətirdilər. Bir neçə gün sonra xəbər gəldi ki, Mirzə ilə Elşəni buraxıblar, Semaşko adına xəstəxanada yatırlar. Uşaqları da götürüb gəldik...

 

***

 

Rüzgar xanım qızları on üç yaşlı Rahimə, on iki yaşlı Samirə və doqquz yaşlı oğlu Amənlə palatada ağrıdan zarıyan xəstələrin arasında gəzir, Mirzəni axtarırdı. Heç kəs ona oxşamırdı. Uşaqlar böyüklərin belə baxması təhlükəli olan ağır yaralıların yaralarına diqqətlə baxır, o yaranın altındakı cizgiləri müəyyən edib atalarından bir nişanə axtarırdılar. Birdən Rahimə qışqırır:

 

- Ana, atamdır! Atamdır!

 

Rahimə Rüzgarın bir az əvvəl diqqətlə baxandan sonra tanımayıb yanından keçdiyi saqqalı qana bulaşmış bir xəstəni qucaqlayıb ağlayır, həkimlər ona toxunmağın təhlükəli olduğunu deyib qızı xəstədən aralamağa çalışır, on üç yaşlı qız atasının düşdüyü haldan qorxub hönkürürdü...

 

Xəstə isə artıq heç nə hiss eləmirdi. O, illər sonra bu günü belə xatırlayacaqdı: “Huşumu tamam itirirdim. Gözüm baxırdı, amma heç kimi tanımırdım. Uzaqdan, lap uzaqdan ata deyib ağlayan səs eşidilirdi...”

 

SON


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR