Dünya üçün İŞİD-dən sonrakı böyük təhlükə

Bir neçə gün öncə İraqın Baş naziri Heydər əl-Abadi Mosulda hərbi qüvvələri İŞİD terror təşkilatı üzərində qazandığı qələbəyə görə təbrik edib.

Metbuat.az xəbər verir ki, İŞİD 2014-cü ilin əvvəllərindən etibarən Mosulu nəzarəti altında saxlayırdı. Baş verən hadisələr isə İŞİD-in parçalanacağı haqda fərziyyələri daha da artırır.

İŞİD parçalanarsa, yerində hansı terror qruplaşmaları yarana bilərmi?

“Yaxın Şərqdə terror təşkilatlarının yaranma xüsusiyyətinə nəzər yetirsək, görərik ki, bir terror təşkilatı sıradan çıxdıqdan sonra onun yerində mütləq şəkildə yenisi yaranır".

Bunu Mətbuat.az-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu bildirib. O qeyd edib ki, istisna etmək olmaz ki, İŞİD sıradan çıxdıqdan sonra onun yerini daha qorxulu bir terror təşkilatı tutmasın:

"Yaxın Şərqdə terrorizm bəlası orada marağı olan supergüclərin terror hərəkatlarının yaradılması üçün münbit şərait yaratmalarıdır. Nə qədər ki, maraqlar kəsişir, orada geosiyasi toqquşmalar var, terror təşkilatları da yaradılacaq. Terror təşkilatları iri güclərin, dövlətlərin dolayısı yolla maraqlarının müdafiəçisi və ya onların təzyiq silahlarıdır, alətləridir. Bəli, İŞİD Mosuldan çıxarılıb, Suriyanın mərkəzində də İŞİD-ə kifayət qədər zərbələr vurulub. LİŞİD sıradan çıxsa, onun yerini hansısa başqa bir terrorçu təşkilat tuta bilər. Bir müddət sonra hansısa terror təşkilatının ortaya çıxmasının və əməliyyatlara başlamasının şahidi ola bilərik”.

İŞİD-ə məxsus silahların aqibəti necə olacaq?

"Terrorçu qruplaşmaya məxsus silahlar regionda maraqlı olan tərəflərin əlinə keçəcək".

Bunu Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib. 

“Silahlar İŞİD-in əlinə hardan keçib? İŞİD-ə məxsus silahlar istər-istəməz regionda maraqlı olan tərəflərin və xüsusi xidmət orqanları ilə əlaqəli qrupların əlinə keçə bilər. Dünyada baş verən istənilən hadisənin arxasında maraqlar dayanır. İstər terror təşkilatı olsun, istər hər hansı bir təşkilat olsun. Erməni terror təşkilatı "ASALA"-nın tarixinə baxsaq, onun arxasında qüvvələrin maraqları var idi. Sovet İttifaqının Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi bölmələri var idi. Onlara "A qrupu" deyilirdi. Onlar "ASALA" ilə əməkdaşlıq edirdilər. Bu məsələlər tarixdə bilinən məsələlərdir. Orta Şərqin yeni paylaşmasında narazı tərəflər heç vaxt öz silahlarını yerə qoymayacaqlar. 21-ci əsrdə açıq şəkildə aparılan müharibə yoxdur. "Hibrid müharibə"lər gedir. Məsələn, Səudiyyə Ərəbistanı ilə Qətər arasında gedən müharibə”.

Mosulu kim idarə edəcək? - Xəzinə üzərindəki şəhər...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR