"Azərbaycanda "Aİ-92" markalı benzinin qiymətinin artırılması təbii zərurətdən irəli gələn addımdır və bu anlayışla qarşılanmalıdır".
Bu barədə Milli.Az-a açıqlamasında Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Tarif (qiymət) Şurasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinin qaldırılması ilə bağlı qərarını şərh edərkən deyib.
Millət vəkilinin fikrincə, bu addım dünyada gedən proseslərlə də birbaşa bağlıdır: "Düzdür, qiymət artımı ilə bağlı istənilən addım qeyri-populyar hesab edilir və istər varlı, istərsə də kasıb əhali tərəfindən narahatlıqla qarşılanır. Bu, normal psixoloji vəziyyətdir. Amma bir az təhlil aparsaq və reallığa baxsaq, deyə bilərik ki, dünyada və Azərbaycanda benzinin qiyməti, dolların milli valyutalara nisbətən bahalaşması, dünyadakı iqtisadi-maliyyə böhranı, həmçinin, Azərbaycanın neft, eləcə də neft emalı sənayesinin məhsuldarlığının artırılması və modernləşdirilməsi zərurəti, rentabelli işləməsi, bu sahənin gələcəkdə daha da inkişaf etdirilməsi baxımından Tarif Şurasının qərarı başadüşüləndir. Əgər biz xaricə daha valyutagəlirli və yüksək keyfiyyətli məhsullar satmaq barədə düşünürüksə, gələcəyimizi bunun üstündə qururuqsa, deməli, neft sənayesinin modernləşdirilməsini də düşünməliyik. Əlbəttə ki, bu modernləşmə SOCAR-ın gəlirləri hesabına olmalıdır. Bu addım isə SOCAR-ın gəlirlərinə təsir edən faktorlardan biridir".