"Təzə bazar"dan REPORTAJ: "Yeni rəhbər gələndən sonra ..." - FOTOLAR

"Təzə bazar"dan REPORTAJ: "Yeni rəhbər gələndən sonra ..." - FOTOLAR
16:23 17 İyul 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər “Təzə bazar”ın ləğv edilməsi barədə məlumat yayılmışdı. Bazar rəhbərliyi isə publika.az-a açıqlamasında xəbərin doğru olmadığını bildirmişdi: “Sadəcə olaraq “Təzə bazar” MMC kimi ləğv edilib. Bazarın işində heç bir problem yoxdur və fəaliyyətini davam etdirir”.

Yadınızdadırsa, “Təzə Bazar” aprel ayında da yox olmaq təhlükəsi ilə üzləşmişdi. Belə ki, güclü yanğın nəticəsində 1.5 ha ərazisi olan bazarın yarıdan çoxu kül olmuşdu. Sahibkarlara ciddi ziyan dəyən həmin yanğında səbəb kimi qısaqapanma göstərilmişdi.

Məlum yanğından sonra bazarla bağlı müəmmalı xəbərlər yayıldı. Bu xəbərlərə görə, “Təzə Bazar” MMC-nin sahibi, iş adamı Məmmədağa İbrahimov ölümlə hədələnib və buna görə iş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edib. 1957-ci il təvəllüdlü iş adamı polisə müraciətində bildirib ki, naməlum şəxs gizli nömrə ilə mobil telefonuna zəng edərək, onu və ailəsini ölümlə hədələyib.

Xatırladaq ki, bazar sahibi bir neçə dəfə ölkə mətbuatının gündəminə qalmaqallarla gəlib. Ölkə mətbuatında yer alan məlumatlara görə, uzun zamandır “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevlə iş adamı arasında mülk davası olub. Belə ki, “Təzə Bazar” MMC-yə hər iki iş adamı şərik olub. Və bazar uğrunda tərəflər arasında dəfələrlə dava baş verib. Hətta bu davalar kütləvi hal da alıb. Bazarda bir neçə dəfə baş verən kütləvi davalara polis əməkdaşları müdaxilə etməli olublar. M.İbrahimov mətbuata açıqlamasında V.Şıxəliyevin bir neçə adamı ilə onu ofisində döydüyünü və hədə-qorxu gəldiyini də bildirib. Onu da əlavə edək ki, M.İbrahimov V.Şıxəliyevdən Daxili İşlər Nazirliyinə də şikayət etmişdi.

Son məlumatlara görə isə, ötən həftələrdə isə Rusiyada yaşayan azərbaycanlı iş adamı Qod Nisanovun bazarı bütün şəriklərdən alıb. Artıq bazar rəhəbrliyi dəyişib. İndi onu davalı şəriklər yox, məhz Nisanovun təyin etdiyi adamlar idarə edir.

Bu dəyişiklikliyin bazarın işinə necə təsir etdiyini öyrənmək üçün üz tutduq Nəsimi rayon, S.Vurğun küçəsi 97 ünvanında yerləşən məşhur “Təzə Bazar”a.

Giriş hissədə mallarını az qala səkiyə qədər yığmış sahibkarların içəri keçmək üçün çox dar bir ərazi saxlaması diqqətdən qaçmadı. İçəri girəndə isə necə deyərlər, sanki meşəyə insan gəlmişdi. Bütün satıcılar məni alıcı sanıb, həyəcanla hansı mağazaya girəcəyimi pusurdu.

Yavaş-yavaş bazarın içərilərinə doğru irəliləyirəm. Budur, müştəri qıtlığından əziyyət çəkən mağaza sahibləri yanlarında bir çaynik çay nərd oyayırlar. Bir az irəlilədikdən sonra mağazalardan birinə yaxınlaşıb gözümə ilk dəyən məhsulun qiymətini soruşuram. Satıcı ilə ayaqüstü söhbətdən sonra keçirəm mətləbə.

Bazarın bağlanma ehtimalının nə dərəcədə doğru olduğunu soruşanda satıcı Akif dərindən bir ah çəkib dilə gəlir: “Vallah, qardaş nə deyim? Elə ortalıqda şayə gəzir ki, ay bazar bağlanır, bazar köçür. Amma bizə konkret gəlib bir söz deyən yoxdur. Eşidiliənlər ağızdan-ağıza yayılmış sözlərdir. Əvvəl bazarın bir neçə yiyəsi var idi. Sonra bir sahibkar bütün səhmləri aldı. İndi bazarın bir sahibi var. Yeni rəhbər gələndən sonra bəzi mağaza sahibləri, mallarını yığışıdırıb getdilər. Amma bazarın iş rejimində heç bir dəyişiklik yoxdur. Alverimizə davam edirik. Qiymətlər də ki, elə əvvəl necə idi, indi də elə. Gördüyün bu balaca yerə ayda 200 manat icarə pulu verirəm”.

Akiflə dialoqumuzu yekunlaşdırıb, bazarın içərilərinə doğru irəliləyirəm. Qarşılaşdığım mənzərə bir az qəribədir. Bəzi obyektlər bağlanıb, qarşısında da sanki təmir-tikinti üçün nəzərdə tutulmuş materiallar yığılıb. Bazarın bu tini bom-boşdur. Daha sonra aşağı mərtəbəyə enirəm - meyvə-tərəvəz, quru meyvələr, qida və s. kimi malalrın satıldığı bölməyə. Burda sanki qurbağa gölünə daş atıblar. Müştəri adlı şey gözə dəymir. Ola bilsin günortadan sonra olduğu üçün bu hissədə adam yoxdur. Meyvə satan qadınlardan birinə yaxınlaşıram. Alverin zəif olduğunu, əvvəlki kimi müştəri olmadığını deyirlər. Qadın bazarın bağlanması barədə isə məlumatsız olduğunu bildirir.

Bazardakı turum davam edir. Birdən gözümə mağazanın qabağında istidən qəribə sifət alan arıq bir oğlan dəyir. Növbəti müsahibim olan bu oğlan bildirir ki, bazarın bağlanma ehtimalı var: “Belə xəbərlər arada bir yayılır. Amma bu dəfə bazarın sahibləri dəyişib. Ola bilər bazar tam bağlanmasın, müvəqqəti bağlanıb, səliqəyə salınsın. Bizim üçün qorxusu yoxdur. Bazar bağlanacaq, malımı yığışdırıb gedəcəm”.

İstidən qıvrılmış oğlanın daha danışmaq istəmədiyini görüb, santexnika malları satılan sıraya gəlirəm. Gözümə 18-19 yaşlarında bir yeniyetmə sataşır. Qısa girişdən sonra Fərhad adlı bu oğlan bildiklərini danışır: “Dəqiq bilmirəm, amma hazırda giriş hissədə boş yer yoxdur. Arxa tərəfdə gördüyünüz boş yerlər də müştəri getmədiyi üçün bağlanıb. Bazar fəaliyyətini davam etdirir. 60 ildir ki, bura işləyir. Mən də özümü tanıyandan burda atamın yanında işləyirəm. Bu cür söhbətlər hər il yayılır. “Təzə Bazar” bağlanan deyil. Sadəcə olaraq, arxa hissələrdə alver zəifdir, ona görə arxa hissə işləkliyini itirib. Biraz qazanan biz qabaqdakılarıq”.

Öyrəndiyim qədəriylə, yeni rəhbərlik gələndən sonra bazarkomlar da dəyişib. Lakin məlumat almaq üçün həmin bazarkomları tapmaq mümkün olmadı. Bazarkomun nümayəndəsi kimi özünü təqdim edən bir cavan oğlan isə məsələ barəsində məlumatı olmadığını bildirdi.

Qeyd edim ki, 2000-ci ilədək dövlətin mülkiyyətində olan “Təzə Bazar” səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra səhmdar cəmiyyəti ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb. İndi isə gəzən söhbətlərə görə, bazarı Rusiyada yaşayan azərbaycanlı iş adamı Qod Nisanov alıb.

Bazar haqqında “deyirlər ki” ifadəsi ilə başlanan cümlələrdən biri də bazarın sökülüb yerində iri ticarət mərkəzinin tikiləcəyidir.

Qapıdan bir qədər irəlidə 2 böyük supermarket olduğunu da diqqətə çatdıraq. Görünən odur ki, paytaxtımızda günbəgün çoxalan iri supermarketlər “Təzə Bazar”ın alverini “öldürüb”.

Amin Nəzərli

Fotolar müəllifindir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/206459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR