Qanunsuz yaşayan miqrantlar saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı Azərbaycanda qanunsuz yaşayan 5 nəfər Pakistan, 2 nə­fər Hindistan, 2 nəfər Nepal Krallığı, 1 nəfər Syerra-Leone, 1 nəfər Ni­geriya və­tən­da­şı və 1 nəfər isə ikili vətəndaşlığı (Fələstin və İordaniya Həşimi Krallığı) olan əcnəbi sax­­­lanılıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada Azərbaycan ərazisindən çıxarılan və ölkə ərazisinə girişinə məhdudiyyət qoyulan Pakistan vətəndaşı özünü Vasim kimi təqdim edən Zıkar Ullah tərəfindən 5 nəfər həmyerlisinin (Hussain Muhammad Waqar, Ahmad Sarfraz, Haidar Irfan, Ali Faizan, Ahmed Shakeel), 2 nəfər Hindistan vətəndaşının (Ravinder Kumar, Mandal Bhairab) və 2 nəfər Nepal Krallığı vətəndaşının (K C Sunil, Shrestha Anu) işə düzəltmə adı ilə aldadılaraq Azərbaycana gətirilməsi məlum olub.

Adları çəkilən 9 nəfəri Azərbaycanda qarşılayan Z.Ullah müxtəlif ün­van­larda kirayə tutduğu mənzillərdə həmin əcnəbilərin yerləşdirilməsini həyata ke­çir­ib və onlara respublikada müvəqqəti ya­şa­maq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həm­çinin həmin şəxsləri işlə təmin edəcəyinə vəd verib. Xatırladaq ki, qa­nunsuz miqrasiya kanalının təşkilatçısı olan Z.Ullahın toruna düşən daha 43 şəxs bir müddət əvvəl DMX tərəfindən aşkar edilərək respublikanın hüdudlarından kənara çıxarılıb.

Saxlanılmış Syerra-Leone vətəndaşı Banya Sama Kai və Nigeriya vətəndaşı Eze Chukuemeka isə Azərbaycan Texniki Universitetinin tələ­bə­lə­ri olaraq DMX-dən müvəqqəti yaşama icazəsi alıb, lakin uni­ver­si­tet­dən xaric edildikdən sonra ölkəni tərk etməyərək qanunsuz miqranta çevriliblər.

Bundan əlavə, keçirilmiş tədbir zamanı saxlanılmış ikili vətəndaşlığı olan Jebreen M.S. Awadın Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olduğu, sonradan işləmək məqsədi ilə Azərbaycana qayıtdığı məlum olub. Jebreen M.S. Awad ona iş və müvəqqəti yaşama icazəsi alınması məqsədilə “Ok tour” turizm şirkəti ilə razılaşıb və çalışmadığı “Md international” MMC-dən müvafiq icazələr əldə edib. Lakin sonradan həmin MMC-nin fəaliyyətini dayandırması ilə əlaqədar olaraq Jebreen M.S. Awad dostlarının köməyi ilə Azərbaycanda daşınmaz əmlak sahibi kimi müvəqqəti yaşama icazəsinin alınmasına nail olub.

Aşkar edilmiş faktlarla bağlı DMX-nin Bakı şəhər Qanunsuz Miq­rantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyə­tə cəlb ediliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR