Bu vitamin çatışmazlığı körpələrdə ciddi xəstəliyə səbəb olur

“Aparılan son araşdırmalar D vitamini azlığının dəri, bağırsaq, süd vəzi, sümük xərçənginin artmasına gətirib çıxardığını göstərib”.

Bunu Metbuat.az-a açıqlamasında pediatr Gülnaz Sarıyeva deyib: “D vitamini ana südündə çox az miqdarda var və sadəcə günəş şüaları ilə bədəndə sintez olunur. 6 ayına qədər olan körpələri günəş şüalarından qorumalı olduğumuz üçün bu vitamini ağızdan damla şəklində veririk. Körpələrə 15 gündən etibarən D vitamini verilir. Sümük, əzələ-sinir hüceyrələrinin sağlam çalışması üçün D vitamini önəmlidir”.

D vitamini körpələrə nə zaman və nə qədər verilməlidir?

Pediatr Gülnaz Sarıyeva deyib ki, 0-2 yaş arası südəmər körpələrə gündə 400 iu D vitamini verilməlidir. Yarımçıq doğulmuş körpələrə 2-3 dəfə artıq dozada verilə bilər.

Həkim yanlış bilinən bir məsələyə aydınlıq gətirib: “Yayda doğulan körpələrə və ya yay fəslində südəmər körpələrə D vitaminin verilməməsi və ön əmgəyin erkən bağlanması ilə D vitaminin kəsilməsi yanlışdır. Əmgəyin geniş olması və gec bağlanması, eləcə də körpənin çox tərləməsi D vitamini azlığından görülsə də, toksiki təsirlərinə görə D vitami kor-koranə uzun müddət verilməməlidir.

D vitamini azlığı nəyə gətirib çıxarar və əlamətləri hansılardır?

Pediatr deyib ki, D vitamini çatışmazlığı raxit xəstəliyi olaraq bilinir. Əlamətlərinə gəldikdə isə, ilk başda narahatlıq ortaya çıxa bilər. Daha sonra baş-kəllə sümüklərində yumşalma meydana gəlir, tibbi adı “kraniotabes” adlandırılır. Bu uşaqların əmgəyi daha böyükdür, alın önə doğru və genişdir. Qabırğalar üzərində təsbeh dənələrinə bənzər sümük çıxıntılarına rast gəlinir. Əl və ayaq biləkləri daha böyük olur. Uşaq böyüdükcə inkişafdan qalmağa başlayır, məsələn, oturma və yeriməsi gecikə bilər. Yeriməyə başladıqdan sonra ayaqlarda əyilmələr görülə bilər. Bu körpələrin baş tərləmələri çox olur.

Həkim əlavə edib ki, bu əlamətlər təkbaşına anlamlı deyil. Ümumilikdə, dəyərləndirilməlidir: "Belə uşaqlarda tez-tez tənəffüs yolu xəstəliklərinə rast gəlinir. Əzələ tonusu aşağı olduğu üçün qarın önə doğru “qurbağa qarnı” kimi görülür. Ağır formalarında isə kalsium azlığı da olduğu üçün qıcolma çıxa bilər". 

Aysel Yaqubqızı / Metbuat.az

Soğanlı süd qarışığı - Xərçəngin dərmanıdır! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR