Elmar Məmmədyarov BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi ilə görüşüb

Elmar Məmmədyarov BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi ilə görüşüb
18:57 20 İyul 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT və İƏT-in birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans” da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.
"Report"a XİN-dən verilən məlumata görə, Miroslav Yença konfransın təşkil edilməsi üçün ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.
Konfrans çərçivəsində baş tutan görüş və müzakirələrin səmərəli olduğunu deyən M.Yença Yaxın Şərq də daxil olmaqla, dünyanın digər regionlarında da hərtərəfli inkişafın ədalətli sülhün bərqərar olmasından asılı olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq müasir dövrdə baş verən münaqişələrin qarşısının alınması və həll edilməsi üçün multikultural dəyərlərin beynəlxalq səviyyədə təşviq edilməsinin vacibliyini diqqətə çəkib.
Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalından danışan Nazir Elmar Məmmədyarov BMT tərəfindən münaqişənin həll edilməsi üçün substantiv danışıqların dəstəklənməsinin təqdir olunduğunu vurğuladı. O, həmçinin münaqişə nəticəsində Azərbaycanın üzləşdiyi humanitar fəlakətin qarşısının alınmasında, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsində BMT-nin ixtisaslaşmış qurumları, xüsusilə Qaçqınlar üzrə Ali Komissarlığın rolunu qeyd edib.
Danışıqlar prosesinin gedişi barədə məlumat verən Elmar Məmmədyarov deyib ki, münaqişənin həllinin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.
Eyni zamanda, Nazir Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında ilk dəfə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi” mövzusunda iclasın keçirildiyini xatırladaraq, sülh və sabitliyin əldə edilməsində bu kimi təşkilatların sıx əməkdaşlığının təqdirəlayiq hal olduğunu vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan-BMT tərəfdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-bmt-bas-katibinin-siyasi-meseleler-uzre-komekcisi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR