"Zirə"nin baş məşqçisi: "Məncə, Azərbaycanı yaxşı təmsil etdik"

"Zirə"nin baş məşqçisi: "Məncə, Azərbaycanı yaxşı təmsil etdik"
00:12 21 İyul 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ "Belə oyundan sonra danışmaq çətindir. Oyunun çətin keçəcəyini bilirdik. Bizə qol lazım idi. İlk dəqiqələrdən yaxşı imkanlarımız oldu. Lakin təəssüf ki, istifadə edə bilmədik. Turnir bizim üçün bitdi. Futbolçulara təşəkkür edirəm. Çətinliklərimiz olsa da, bunların öhdəsindən gələ bildik. Bu, “Zirə” klubu üçün yaxşı təcrübə idi".
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsində Rumıniya "Astra"sı ilə 0:0 hesablı heç-heçə edərək, mübarizəni dayandırdıqları cavab görüşündən sonra deyib.
Gənc mütəxəssis Azərbaycanı yaxşı təmsil etdiklərini bildirib:
"Bu oyunu unudub, çempionata hazırlaşacağıq. Növbəti mövsümdə gərgin çempionat keçəcək. Məncə, Azərbaycanı yaxşı təmsil etdik. Rəqibi də mərhələni keçmələri münasibətilə təbrik edirəm".
Abbasov jurnalistlərin digər suallarını da cavablandırıb...
Hakimlik barədə nə deyə bilərsiniz?
- Özümə söz vermişəm ki, hakimlik barədə danışmayacağam. Lakin ordakı oyunda da belaruslu hakimlər düzgün qərarlar verməmişdilər. Rəqibin vurduğu qolda oyundan kənar vəziyyət var idi. Bu gün də, həmçinin. Düzdür, hakim oyuna ciddi təsir etmədi. Lakin bir çox səhv qərarlar verdi. Düşünmürəm ki, qərəzli olsun. Həmişə bizim hakimləri tənqid edirlər. Lakin bu cür hakimliyi gördükdən sonra öz hakimlərimizə şükür edirəm.
Bu gün komanda cinahlarda çox zəif görünürdü...
- Məncə, tam əksinə, bu gün əsas oyunumuzu cinahlardan qururduq. Ancaq komandada son zərbədə çatışmazlıq var idi. Sadəcə qol vura bilmədik.
İlk hissədə komanda yaxşı təsir bağışlasa da, ikinci hissədə bunu görmədik.
- İkinci hissədə eyni tempi saxlamaq çox çətin idi. Havanın isti olmasının da təsiri var idi. Həmçinin, ilk hissədəki oyunumuzu sərgiləyə bilməməyimizin əsas səbəblərindən biri də rəqibin fasilədən sonra müdafiəyə daha çox diqqət ayırması idi.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-nin-bas-mesqcisi-mence-azerbaycani-yaxsi-temsil-etdik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR