İş axtaranlar üçün çıxış yolları

İş axtaranlar üçün çıxış yolları
13:47 21 İyul 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Son illərdə dünyada baş verən maliyyə böhranı Azərbaycandan da yan keçməyib. Xeyli sayda şirkət, idarə, banklar işçi heyətini ixtisar etmək məcburiyyətində qalıblar, daha kiçik biznes sahibləri isə ümumiyyətlə, fəaliyyətlərini dayandırmalı olublar. Bu da işsizlərin çoxalmasına gətirib çıxarıb. Təbii ki, işsiz insanlar psixoloji problemlər yaşayır, stress keçirir, bu da cəmiyyətdə cinayət hadisələrinin, ölümlərin, oğurluq faktlarının sürətlə artmasına gətirib çıxarır. Bəs işsiz insanlar tezliklə yeni iş tapmaq, dolanışıqlarını təmin etmək üçün nə etməlidirlər? Yazımızda işsizlərin iş tapmaq üçün hansı yollara baş vurduqlarını araşdırmağa çalışdıq.
Suraxanı rayonu üzrə Əmək və Məşğulluq Mərkəzindən "Report"a bildiriblər ki, məşğulluq mərkəzinə gedərkən şəxsiyyət vəsiqəsini və ali təhsil haqqında sənədi aparmaq lazımdır: “Şəxsiyyət vəsiqəsinin surətini götürəcəyik, diplomu isə sadəcə qeyd edəcəyik. Qeydiyyatdan keçməklə bağlı heç bir ödəniş yoxdur”.
Müəllimlik peşəsinə yiyələnmiş birinə hansı işlərin təklif oluna biləcəyi ilə bağlı sualı cavablandıran mərkəz əməkdaşı deyib ki, təhsilli şəxslər üçün ən yaxşı, optimal variant kompyuter işləridir: “Məsələn, kompyuter operatoru işi təklif edə bilərik. Bu işlərin maaşı isə 200-210 manat arası dəyişir”.
Mərkəzin əməkdaşı qeyd edib ki, işə qəbul olunduqdan sonra həmin iş yerindən Əmək və məşğulluq mərkəzinə göndəriş gətirilməlidir: “Bununla da bizim həmin vətəndaşla əlaqəmiz bitir. Yəni heç bir ödəniş yoxdur”.
O xatırladıb ki, Əmək və məşğulluq mərkəzinə müraciət edənlər üçün yaş məhdudiyyəti yoxdur.


Trud.az işədüzəlmə mərkəzindən vurğulanıb ki, onlara müraciət etmək üçün ofisə getməyə ehtiyac yoxdur: “CV-nizi Word formatında bizə yollayın. Əgər sizə uyğun iş olsa, sizə zəng olunub məlumat veriləcək. Həmin vakansiya sizi qane etsə, CV-nizi şirkətə yollayacağıq. Siz həmin şirkət, kompaniya tərəfindən seçilsəniz, gəlib müqavilə bağlayırsınız və sizi müsahibəyə göndəririk”.
Mərkəzin əməkdaşı əvvəllər qeydiyyat üçün ödəniş olunduğunu söyləyib: “Bir müddət əvvəl müraciət etmək istəyənlər ofisə gəlirdi və müəyyən məbləğdə pul ödəyirdi. Hazırda bu sistemi ləğv etmişik, ancaq iş tapandan sonra ofisə gəlmək lazımdır”.
Şirkətdən yaş məhdudiyyətinin işlə bağlı olduğunu da bildiriblər: “Yəni yaş məhdudiyyətini biz qoymuruq. Onu işə götürən şirkətlər qoyur”.
"Səda" Şirkətlər Qrupu - Kadrlarla Məşğulluq Agentliyindən ilk olaraq yaşımı və xarici dil biliklərimi soruşdular. Müəllimlik peşəsini bitirdiyimi dedikdə satıcı işləri təklif etdilər: “Hazırda satıcı işləri var, ərzaq və qeyri-ərzaq mağazalarında...”
Müraciətin necə olması ilə bağlı sualımıza isə cavab olaraq bildirdilər ki, mütləq ofisə yaxınlaşmaq lazımdır: “Özünüzlə şəxsiyyət vəsiqənizi və 10 manat pul gətirməlisiniz. Çünki sizinlə müqavilə bağlanacaq, pul ödəyəndə də qəbz veririk. Əgər işə girsəniz, ilk maaşınızın 50 faizini şirkətə ödəməlisiniz”.
Belə məlum oldu ki, bu agentliyə müraciət edənlərə yaş məhdudiyyəti qoyulur. Yəni 55 yaşdan yuxarı insanların müraciəti qəbul olunmur.

Səlim Müslümov
"Smart resources group"dan isə bildiriblər ki, onlar iş axtaranla yox, işəgötürənlə işləyirlər: “CV-nizi bizim e-mail ünvanına yönləndirin. Sizin CV-nizi bazamızda saxlayırıq, sizə uyğun vakansiya olduqda sizə dərhal məlumat veriləcək. Yəni ofisimizə gəlməyinizə ehtiyac yoxdur. Bizdə sistem fərqlidir. Biz şirkətlə işləyirik, yəni müqavilə bağlamaq, ona pul ödəmək, maaşın yarısını götürmək bizim mərkəzə aid deyil. Biz beynəlxalq standarta uyğun işləyirik. Biz şirkət üçün işçi axtarırıq, işçi üçün boş vakansiyalar deyil. Bizim xidmət haqqımızı da işçi yox, şirkət ödəyir”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən günlərdə keçirdiyi mətbuat konfransında yeniliklərdən danışaraq bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 yeni elektron sistem yaradacaq: "Yeni elektron sistemin birində işəgötürənlər vakansiyaları yerləşdirəcək. Yəni vakansiyalar virtual sistemdə yerləşdiriləcək. Digər sistem isə işaxtaranların öz CV-lərini yerləşdirməsi üçün nəzərdə tutulub. Bu sistemlər vətəndaşların işini asanlaşdıracaq".
Onun sözlərinə görə, Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır: "Heç kim ağır, fiziki işlərdə çalışmaq istəmir. Hazırda ölkədə taxıl biçimi vaxtıdır. Amma əksər rayonlarda traktorçu və kombaynçı tapmaq olmur, bu peşə sahiblərini tapmaq müşkülə çevrilib".
Nazir deyib ki, ölkə üzrə peşə tədrisi mərkəzlərinin sayının artırılması planlaşdırılır: "Yaxın bir-iki ay ərzində Gəncədə peşə tədris mərkəzi istifadəyə veriləcək. Növbəti il ölkənin 5-6 regionunda belə mərkəzlərin yaradılması nəzərdə tutulur".



İsa Həsənov
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov "Report"a müsahibəsində vurğulayıb ki, Dövlət Məşğulluq Xidmətinin bütün bölgələrdə mərkəzləri var: “Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 86 yerli Məşğulluq Mərkəzi var”.
Məzunların çoxunun iş təcrübəsinin olmadığını deyən nazirlik rəsmisi bildirib ki, işsiz gənclərin təcrübə yığması ilə bağlı dövlət başçısı tərəfindən 2016-cı ildə yeni sərəncam imzalanıb: “Bunun əsasında Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı üçtərəfli komissiya yaradıldı”.
O xatırladıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iş təcrübəsinin olmayanlarla bağlı layihə həyata keçirilib: “Beynəlxalq Əmək Təşkilatının vasitəçiliyi ilə Dünya Bankı tərəfindən vəsait ayrılmışdı, işəgötürənlərlə danışıqlar aparılmışdı ki, 6 ay müddətində həmin şəxslərin əmək haqqı subsidiya vasitəsilə ödənilsin. Təcrübə qazandıqdan sonra həmin şəxslərdən özünü təsdiqləyənlər işlə təmin olunublar. Xəzər və İqtisad universitetlərində virtual müəssisələr kabineti yaradılıb. Tələbələr həmin kabinetdə virtual şəkildə özlərinin oxuduqları ixtisas üzrə müəyyən təcrübələr qazanmaq imkanı əldə edirlər”.
Şöbə müdiri əmək yarmarkaları ilə bağlı danışaraq bildirib ki, yarmarkalar vasitəsilə iş axtaran və işsiz vətəndaşlar birbaşa görüşürlər və özlərinə lazım olan məlumatlar toplayırlar: “O cümlədən özlərinin əldə etdiyi peşə ixtisaslarının həmin təklif olunan tələbata uyğun olub olmamağını müəyyənləşdirirlər. Bölgələr üzrə ildə bir dəfə hər rayonda əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub. Bakı şəhərinə gəlincə, paytaxtın bəzi rayonlarında bir yerdə yarmarkalar təşkil olunur. 2016-cı ildə Azərbaycanda 54 əmək yarımarkası keçirilib. Bu yarmarkalarda on minlərlə adam iştirak edib, onlardan 4 045 nəfərinə göndərişlər verilib, 3 900-dən çox adam isə iş yerləri ilə təmin olunmasına köməklik edilib. Əmək yarmarkaları vasitəsilə peşə hazırlığı kurslarına cəlb olunma, ictimai işlərə yönəltmə, peşə yönümlü məsləhətlərin verilməsi və s. tədbirlər həyata keçirilir”.

İ.Həsənov deyib ki, Dövlət Məşğulluq xidmətinə çox vaxt qeyri-rəqabət qabiliyyətli işçi qüvvəsi müraciət edir: “Rəqabət qabiliyyətli işçi qüvvəsi işi özü axtarır. Bu, bütün dünyada belədir. Təbii ki, mütəxəssislər arasından da məşğulluq xidmətinə müraciət edənlər olur”.
O qeyd edib ki, hazırda ölkədə aqrar sahə üzrə mütəxəssislərə ehtiyac duyulur: “Son dövrlərdə baytar həkimlərə ehtiyac var. İstixanalarda, neft və digər sahələrdə müəyyən vakansiyalar meydana çıxıb ki, onlar bizdə yoxdur. Həmin sahələr üzrə mütəxəssislər yetişdirməyə ehtiyac var. Bəzən bizdə mütəxəssislər olmadığı üçün məcbur qalıb xaricdən mütəxəssis çağırırıq. Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb ki, həmin sahələr üzrə ölkədə mütəxəssizlər yetişdirsinlər. Məsələn, yeni karusellər, müasir texniki qurğular, işıqlandırma sistemləri quraşdırılır, bu işlər üçün xüsusi mütəxəssislər yetişdirilməlidir. Xaricdən gələn mütəxəssislərə şərtlər qoyulur ki, burdakı işçiləri də həmin peşəni öyrətsinlər ki, onlar gedəndə yerlərində kimsə işləyə bilsin”.
Şöbə müdiri həmçinin vurğulayıb ki, 2016-cı ildə Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına 204 283 nəfər müraciət edib: “Onlardan 56 631 nəfərin işlə təmin olunmağına köməklik göstərilib. 2015-ci ildə isə bu rəqəm 59 mindən yuxarı olub. 2016-cı ildə isə müraciətlərin sayında xeyli artım olub. Bu artımın müəyyən obyektiv və subyektiv səbəbləri var idi. Məşğulluq xidmətinin təşviqi, müəyyən layihələrin həyata keçirilməsi insanlarda məşğulluq xidmətinə inamı artırıb. 2017-ci ilin birinci rübü ərzində xidmətə 52 694 nəfər iş üçün müraciət edib, 26 717 nəfər işlə təmin olunub. Bu ilin ötən dövründə müraciət edənlərin sayı 2016-cı ilin eyni dövrü ilə müqayisə etsək, azalma qeydə alınıb.


Elnur Rüstəmov
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov "Report"a bildirib ki, işsizlik insanı depressiyaya salır: "İşsizlik ailədaxili konflikt yarada, ailələrin boşanmasına gətirib çıxara, həmin ailələrdə böyüyən uşaqlarda özgüvənsizliyə səbəb ola bilər. Əgər insanın maddi imkanı yoxdursa, adi diş ağrısından belə dünyasını dəyişə bilər. İşləməyən adam hər şeyə neqativ baxacaq, özünə qapanacaq".
O bildirib ki, rəqabət qabiliyyətli, ixtisaslı kadrlar həmişə əmək bazarında özlərinə iş tapırlar: "İxtisaslı, təcrübəli kadrlar yüksək məvaciblə çalışırlar. Bu gün işə qoyulan tələblər dəyişib. İşlə bağlı yeniliklər daim olur. Hazırda analitik, işə məsuliyyətlə yanaşma, işin mahiyyətini bilmə, psixoloji dayanıqlılıq, stressə qarşı dözümlülük və s. kimi tələblər mütləq şəkildə nəzərə alınır. Bəzi işlərdə çalışanların davamlı işlək mexanizmi yoxdur. İndiki dövrdə günəmuzd, gündəlik məvacib alanlar çoxalıb. Əgər şəxs il ərzində adam 4 iş yeri dəyişirsə, o işə necə faydalı ola bilər? İşə adaptə olmaq lazımdır".
E.Rüstəmov qeyd edib ki, hazırda işləmək istəməyən insanlar da çoxdur: "İnsanlar işlərin maaşının az olmağı ilə bağlı şikayət edirlər. Əsas mahiyyət odur ki, motivasiyaları yoxdur. Onda belə məlum olur ki, onlar 5 il yüksək maaşlı iş tapmasalar, belə uzun müddət işləməyəcəklər? Hamı işə başlayanda az məvaciblə və ya sıfırdan başlayır. Yavaş-yavaş təcrübə yığır və ixtisaslı kadr olur. Hamı müəyyən yerə gələnə kimi əziyyət çəkib".
O qeyd edib ki, uzun müddət işsiz qalan adam müəyyən müddət sonra işləmək istəmir: "Çünki arzuları çoxalır, arzularını reallıqla uyğunlaşdıra bilmirlər".
Psixoloq deyib ki, cinayətlərin çoxunun səbəbini işsizliklə bağlamaq yanlışdır: "Axı işləməyən bütün insanlar cinayət etmir. İşləməyən adam nə olur-olsun bir tikə çörək tapıb dolanışığını qurur. Yox əgər şəxsə bir günə 30-40 manat hər hansı narkotik maddəni əldə etmək üçün lazımdırsa, artıq həmin adam cinayət edəcək. Mütləq şəkildə cinayət əməlləri edənlərin 80-90%-i zərərli vərdişlərdən asılı olan insanlardır. Adam kasıb ola bilər, amma bu o demək deyil ki, cinayət etməlidir. Cinayətlərin səbəbini araşdırmaq lazımdır".

Sahib Məmmıdov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, gənclərin işsizliyinin yüksək olmasının əsas səbəbi təhsildir: “Təhsil alan gənclərin işə qəbulunda problem onların təhsil aldıqları dövrdə müvafiq peşə vərdişləri, təcrübə yığmamaqlarındadır. Ölkədə bəzi yerlərə ixtisaslı fəhlə axtarırlar ki, bizdə bu ixtisaslı fəhlə hazırlayan peşə kollecinin vəziyyəti bərbaddır. Peşə kolleclərinin bir neçəsi istisna olmaqla, qalan hamısının texniki təlim bazası ötən əsrin 70-ci illərindən qalandır. Bizdə ixtisaslaşmış fəhlələri xaricdən gətirirlər. Ona görə də mən problemi təhsildə görürəm. İşəgötürən peşə vərdişi olan adamı götürür”.
Onun sözlərinə görə, Azərbaycanda əmək bazarını tərk edənlər əmək bazarına daxil olmaq istəyənlərdən çox azdır: “Əhalinin artımı tempi yüksəkdir. Bu da əmək bazarında vakansiyaların sayı ilə işçi sayı arasında disbalans yaranır. Əmək bazarını tərk edənlərlə işsizlər arasında da disbalans var”.
S.Məmmədov xatırladıb ki, dövlət orqanlarında məzunlardan təcrübə tələb olunmur: “Əvvəllər təcrübə məsələsi var idi, indi aradan götürülüb. Ali məktəbi qurtarıb nəzəri bilikləri kifayət qədər olan, test imtahanını, müsahibəni normal verən gənclər dövlət qulluğuna imtahan verib işləyə bilərlər”.
Ekspert deyir ki, Azərbaycanda işsizliyi yaradan səbəblərdən biri işçi qüvvəsinin coğrafi baxımdan qeyri-bərabər paylanmasıdır: “Əsasən işçi qüvvəsi şəhərdə olur, orda da iş yerləri hamıya çatmır”.
O qeyd edib ki, özəl işəgötürmə ofislərinin çoxu dələduzlula məşğuldur: “İçərilərində təbii ki, yaxşıları da var. “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi peşə yönümlü kurslar açacaq. Bu da təcrübə istiqamətində çox mühüm addımdır”.


Musa Quliyev
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev "Report"a açıqlamasında xatırladıb ki, Azərbaycanda işsizliyin aşağı salınması üçün dövlət proqramları var: "Son 15 ildə Azərbaycanda işsizlik 49 faizdən 5 faizə qədər aşağı düşüb. Günümüzün dünya statistikasında Azərbaycan işsizlərin sayına görə, ən uğurlu ölkələrdən biridir. Amma işsizlikdən müdafiə ilə bağlı tədbirlərin görülməsi davam edir. İstər Əmək Məcəlləsində, istər "Məşğulluq haqqında" qanunda bu nəzərdə tutulub. Yaxın müddətdə qüvvəyə minəcək işsizlikdən icbari sığorta haqqında qanun da əhalinin iş axtaran dövrdə sosial rifahını təmin etməyə yönəlib. Bu qanuna görə, əgər müəssisə hər hansı bir səbəbdən bağlanarsa və yaxud işçilər ixtisara düşərsə, həmin şəxslər özünə iş tapana qədər təxminənən 6 ay və 3 ay əlavə işsizlik müavinəti ilə təmin olunacaqlar. İşsizlik müavinəti verilən dövrdə isə onlar yeni iş axtaracaq və ya işlərini dəyişmək üçün peşə ixtisas qruplarına cəlb olunacaqlar. Peşə ixtisas qrupları isə dövlət vəsaiti hesabına aparılacaq. İşsizlikdən sığorta faizi bir faiz əmək haqqından tutulacaq. Bu fond vasitəsilə işsiz şəxlər müəyyən müddət öz həyatlarını təminatlı həyata keçirəcəklər. Bu qanun sosial yükü olan bir qanundur, artıq Milli Məclisdə ilk oxunuşdan keçib və qəbul olunub. Yaxın aylarda yəqin ki, qanun qüvvəyə minəcək".
M.Quliyev qeyd edib ki, işsizliklə bağlı dövlətin məşğulluq proqramları var, o proqramlara uyğun olaraq da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən tədbirlər görür: "Müəyyən kateqoriyalı insanlar var ki, onların imtiyazları var, onlar birinci növbədə işə qəbul olunmalıdırlar və ixtisara ən axırıncı halda cəlb olunmalıdır. Bəzi insanlar üçün işsizlik kvortaları var. Tutaq ki, əlillər, ailə başçısını itirmiş qadınlar, gənc mütəxəssislər, müharibə veteranları, hərbi xidmətdən qayıdan gənclər kvota ilə işlə təmin olunur. Yəni, bu barədə Azərbaycan dövlətinin kifayət qədər zəngin hüquqi bazası var. Vətəndaşlarımız isə onlara dövlətin yaratdığı imyiyazları bilməlidirlər və öz məşğulluqlarını təmin etməkdə özləri də maraqlı olmalıdır".

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/i-s-axtaranlar-ucun-cixis-yollari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR