İqtisadiyyat naziri Xırdalanda vətəndaşlarla görüşüb

İqtisadiyyat naziri Xırdalanda vətəndaşlarla görüşüb
19:22 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Xırdalan şəhərində Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşlar ilə görüşüb.
Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşə gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehsal və emal müəssisələrinin, istixanaların yaradılmasına dəstək göstərilməsi, bəzi məhsullara ixrac təşviqinin şamil edilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən dinlənilib, bir sıra məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, quşçuluq, bağçılıq, tütünçülük, intensiv tingçilik, polietilen məhsulların istehsalı, tullantı yağlarının təkrar emalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü digər rayonlardan gələn vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, müraciətlərin həlli üçün qanunvericiliyə uyğun şəkildə müvafiq tədbirlər görüldüyü deyilir.
Ümumilikdə, Xırdalanda keçirilmiş görüşdə 40-a yaxın vətəndaş müraciət edib.






Xəbərin orijinal ünvanı: https://report.az/biznes/i-qtisadiyyat-naziri-xirdalanda-vetendaslarla-gorusub11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR