İstivurma zamanı nə etməli?

İstivurma zamanı nə etməli?
21:52 21 İyul 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən istivurmaya səbəb olur. İstivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi, tər ifrazının kəsilməsi və huşun itməsi ilə müşayiət olunur. Günvurma isə istivurmanın xüsusi forması olub günəş şüasının birbaşa baş nahiyəsinə düşməsi nəticəsində yaranır.

Milli.Az bildirir ki, həmin hallarla əlaqədar AZƏRTAC-a həkim-fitoterapevt Esmira Zeynalova məlumat verib.

"İstivurmaya daha çox hərarəti çox yüksək olan istehsalatlarda, həmçinin dəridən istiliyin xaric olması pozulan hallarda rast gəlinir. İstivurmaya şərait yaradan hallar arasında ağır fiziki iş, hava keçirməyən paltarlar, rütubətin çox olması və havanın durğunluğu başlıca yer tutur. İstivurmanın ilkin əlamətləri oyanıqlıq, güclü başağrısı, ürəkbulanma və qusma hallarıdır. Xəstənin vəziyyəti ağırlaşdıqca bədən hərarətinin yüksəlməsi, dərinin solğunlaşması, tər ifrazının tam kəsilməsi, qusma, dərinin isti və quru olması, bəzən də qulaqların batması və huşun itməsi kimi qorxulu əlamətlər yaranır,"- deyə cavab verən həkim istivurmanın formaları barədə deyib: " İstivurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, istiliyin orqanizmə təsir müddətindən də asılıdır. Uzun müddət 40 dərəcə hərarətdə qalanda da həmin hal baş verə bilər. İstivurmanın klinik şəkli beyin qan dövranının kəskin pozulmasını xatırladır. Yüngül formalı xəstədə adinamiya (hərəkətsizlik), başağrıları, ürəkbulanma, tənəffüsün tezləşməsi, ürəkdöyünmə baş verir. Xəstə üçün maksimal rahatlıqlı şərait yaradanda hipertermiya əlamətləri tez ötüb keçir", - deyə həkim bildirib.

İstivurma zamanı vacib olan ilkin yardım barədə həkim məsləhət görüb: "Zərərçəkənə yardım göstərmək üçün, ilk növbədə, onu sərin otağa və ya kölgəlik yerə yerləşdirmək, yerə və ya çarpayıya uzatmaq, ona çoxlu maye içirmək lazımdır. Yaxşı olar ki, ona qlükoza-duz məhlulu və ya sadə şərbət verilsin. Bunun üçün hərəsindən yarım çay qaşığı xörək duzu və çay sodası, 2 xörək qaşığı şəkər tozu 1 litr qaynadılmış suda həll edilir. Xəstənin dərisini buz parçaları ilə silmək və ya soyuq su ilə yumaq məsləhətdir. İstivurma əlamətləri görünən kimi başa, sinəyə və qarına soyuq islatmalar qoymaq, alına və gicgahlara nanə və ya lavanda cövhəri sürtmək lazımdır. İlk 2-3 saat ərzində xəstəyə fizioloji məhlul vurulmalı, tənəffüsün pozulması hallarında buruna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılmalıdır. Pişikotu dəmləməsi və ya pişikotu cövhəri də zərərçəkənə müsbət təsir göstərir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/565550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR