İyulun 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada məskunlaşmış məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsindən Publika.az-a verilən məlumata
görə,püşkatma Komitədə yaradılmış komissiyanın, Xəzər Rayon İcra
Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon
icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi
köçkünlərin iştirakı ilə keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
sədrinin müavini Gəray Fərhadov çıxış edərək, Ermənistanın işğalçı
siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən bir milyondan
çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların
yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər
xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb.
Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam
etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər
görülür, müvafiq addımlar atılır. Bu gün Azərbaycanda qaçqın və
məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən
yuxarı göstəriciləri sırasındadır.
“Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim
təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün
beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23
ildə 6 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək
96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış
kompleksləri salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib ” –
deyə Gəray Fərhadov məlumat verib. O, həmçinin qeyd edib ki,
görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və
məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Prezident İlham
Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva qaçqın və məcburi
köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə
saxlayır, bu insanlara xüsusi qayğı ilə yanaşırlar. Mehriban
Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və
məcburi köçkünlərin problemlərinə həsr etməsi, onların bir qisminə
Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi,
Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik yeni
qəsəbənin təməlinin qoyulması bu diqqət və qayğının bariz
göstəricisidir.
Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev qeyd
edib ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi
bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad
edilməsidir. Hamı istəyir ki, hər bir qaçqın və məcburi köçkün
doğma yurduna, torpağına qayıtsın. Dövlətimiz hər zaman bu problemi
ən vacib məsələ kimi diqqət mərkəzində saxlayır. Çox yaxşı haldır
ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes
strukturları da bu təşəbbüsə qoşulurlar.
Çıxışlardan sonra püşkatma mərasimi keçirilib. 151 məcburi köçkün
ailəsi növbə ilə püşk çəkərək yeni mənzillərə sahib olublar.
Püşkatma mərasimindən sonra təəssüratlarını AZƏRTAC-la bölüşən
Ağdam rayon sakinləri Nadir Divanov, Elza Abdullayeva, Şəlalə
Abdullayeva və Füzuli rayon sakini Rafiz Kərimov onlara göstərilən
xüsusi dövlət qayğısından danışıblar. Bildiriblər ki,
müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin
inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük
qayğı göstərilib. Bu gün dünyada qaçqın və məcburi köçkün
probleminin dövlət tərəfindən tənzimlənməsindən söz düşəndə, ilk
növbədə, Azərbaycan nümunə göstərilir. “Xəzər rayonunun Şüvəlan
qəsəbəsində məskunlaşdığımız köhnə pansionat binasından bu cür yeni
inşa olunmuş və tam təmirli mənzillərə köçürülməyimiz bizim üçün
əsl bayramdır. Bu bayramı bizə bəxş etdikləri üçün Prezident İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərindən
minnətdarıq”, – deyə həmsöhbətlərimiz əlavə ediblər.